Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Duzdağ Fizioterapiya Mərkəzinə publik hüquqi şəxs statusu verilsin.
2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti:
2.1. bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxsin nizamnaməsini təsdiq etsin;
2.2. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təklifləri nəzərə alınmaqla Duzdağ Fizioterapiya Mərkəzinin istifadəsində olan əmlak və avadanlıqların bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxsin balansına verilməsini təmin etsin.
3. Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxsin dövlət qeydiyyatına alınması ilə bağlı zəruri tədbirlər görsün.
4. Bu Sərəncam 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.
Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
Naxçıvan şəhəri, 21 dekabr 2017-ci il