Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 14-də Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə naziri, hökumətlərarası komissiyanın həmsədri Baronessa Rona Feyrhedin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, energetika və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, əməkdaşlığımızın bundan sonra da genişlənməsi üçün yaxşı potensialın mövcud olduğu qeyd edilib.
Ölkələrimiz arasında iqtisadi əlaqələrin yaxşı tarixə malik olduğunu və Böyük Britaniyanın Azərbaycanın ən böyük xarici investoru olduğunu vurğulayan Prezident İlham Əliyev BP şirkətinin Azərbaycanın qlobal enerji layihələrində əsas tərəfdaşı olmasının önəmini qeyd edib. Eyni zamanda, Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi istiqamətində böyük işlər görüldüyünü deyən dövlətimizin başçısı gələcəkdə qeyri-energetika sahəsində də Böyük Britaniya şirkətlərinin həm investor, həm də podratçı kimi iştirakının genişlənməsində ölkəmizin maraqlı olduğunu bildirib.
Görüşdə energetika sahəsində əməkdaşlığın perspektivləri ətrafında məsələlərə toxunularaq “Şahdəniz-2” layihəsinin uğurlu icrasının və “Azəri-Çıraq-Günəşli” müqaviləsinin uzadılmasının əhəmiyyəti vurğulanıb.
AZƏRTAC