Dekabrın 13-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatının hazırkı sədri Türkiyə Respublikasının təşəbbüsü ilə Qüds məsələsinə dair fövqəladə Zirvə toplantısı keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Zirvə toplantısında iştirak edib.
“Qüdslə həmrəylik üçün birlikdə hərəkət” devizi altında keçirilən Zirvə toplantısına 50-dək ölkədən dövlət və hökumət başçıları qatılıb.
Tədbir müqəddəs “Qurani-Kərim”dən ayələrin oxunması ilə başlayıb.
Azərbaycan Prezidenti İlham Əliyev Zirvə toplantısında çıxış edib. Dövlətimizin başçısı bildirib ki, Azərbaycan ardıcıl olaraq Fələstin-İsrail münaqişəsinin sülh yolu ilə, Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olmaqla iki dövlət prinsipi əsasında həllini dəstəkləyir. Bir neçə il bundan əvvəl Azərbaycan Fələstin Dövlətinə yardım məqsədilə İslam Maliyyə Təhlükəsizlik Şəbəkəsinin təsis konfransına və Qüds şəhərinin inkişafına dəstək məqsədilə donor konfransına ev sahibliyi edib.
Zirvə toplantısında İstanbul Bəyannaməsi qəbul olunub.
Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri dekabrın 13-də başa çatıb.
AZƏRTAC