Dekabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sudan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Abbas Mustafa Əhməd Abdallayın etimadnaməsini qəbul edib.
Dövlətimizin başçısı ölkələrimiz arasında münasibətlərin çox yaxşı səviyyədə olduğunu qeyd edərək əlaqələrimizin daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğunu deyib. Prezident İlham Əliyev qeyd edib ki, ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən BMT-də və İslam Əməkdaşlıq Təşkilatında fəal əməkdaşlıq həyata keçirir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan səfir Abbas Mustafa Əhməd Abdallay bildirib ki, bu məsələ ilə bağlı Sudan Respublikasının mövqeyi dəyişməzdir və dəyişməz olaraq qalacaqdır. Azərbaycanın işğal altındakı bütün torpaqları azad olunmalı və ərazi bütövlüyü bərpa edilməlidir.
Səfir Abbas Mustafa Əhməd Abdallay ölkəsinin Azərbaycanla iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu deyib.
Prezident İlham Əliyev Sudan Respublikasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində tutduğu ədalətli mövqeyə görə təşəkkürünü bildirib.
AZƏRTAC