10 Yanvar 2025, Cümə

İnsanların rahat yaşayışı və məskunlaşması dövlətimizin həyata keçirdiyi sosial siyasətin əsas istiqamətlərindəndir. Muxtar respublikada bu amil diqqətdə saxlanılır, inkişaf kənddən şəhərə doğru aparılır. Kəndlərdə geniş quruculuq işləri görülür, rahat yollar çəkilir, müasir məktəb binaları və sosial obyektlər istifadəyə verilir, sakinlərin rifahının yüksəldilməsinə xüsusi diqqət yetirilir. Bütün bunlar isə ölkəmizin inkişafının, vətəndaşlara göstərilən qayğının daha bir ifadəsidir. Bu il Babək rayonunun sərhəd yaşayış məntəqəsi olan Gərməçataq kəndində də geniş quruculuq işləri aparılmışdır.

Gərməçataq kənd tam orta məktəbinin
yeni binası istifadəyə verilib

Dekabrın 8-də Gərməçataq kənd tam orta məktəbinin yeni binasının açılışı olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali ­Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.

Məlumat verilmişdir ki, məktəb binasında ən müasir tədris infrastrukturu yaradılıb. ­2-si elektron lövhəli olmaqla, 10 sinif otağında, kimya-biologiya laboratoriyasında, hərbi kabinədə, şahmat sinfində və kompüter otağında yeni tədris avadanlıqları müəllim və şagirdlərin istifadəsinə verilib, kitabxana fondu zənginləşdirilib.
Kitabxanada 1400-dən artıq bədii ədəbiyyat və dərslik vardır. Məktəbdə şagirdlərin mütaliəyə marağının artırılması üçün tədbirlər görülmüş, oxunması zəruri olan kitablardan ibarət guşə yaradılmışdır. Kompüter otağında isə sürətli internetə çıxışı olan kompüterlər şagirdlərin istifadəsinə verilmişdir. Məktəbdə elektron dərsliklərdən istifadə də diqqətdə saxlanılır.
Müəllimlər otağında pedaqoji kollektivlə görüşən Ali Məclisin Sədri onları yeni məktəb binasının istifadəyə verilməsi münasibətilə təbrik edərək demişdir: Bu gün dövlətimiz sərhəd kəndlərinin inkişafını diqqətdə saxlayır. Gərməçataq kəndi də muxtar respublikanın əhəmiyyətli sərhəd yaşayış məntəqəsidir. Ona görə də kəndin müdafiəsinin etibarlı təşkilinə və əhalinin rahat yaşayışına diqqət yetirilir. Kənddə ayrıca inzibati ərazi dairəsi üzrə nümayəndəlik yaradılmış, dövlət qurumlarının fəaliyyəti təmin olunmuş, məktəb binası yenidən qurulmuşdur. Bütün bunlar dövlətimizin iqtisadi qüdrətinin və ölkə vətəndaşlarına göstərilən qayğının daha bir ifadəsidir. Yaradılan şərait kənddə insanların məskunlaşmasına və məktəbin nailiyyətlərinin artmasına imkan verəcəkdir.
Məktəbin müəllimi Xeyrənsə İsmayılova minnətdarlıq edərək demişdir: Gərməçataq ucqar sərhəd kəndidir. Lakin kənd məktəbində yaradılan şərait şəhər məktəbləri ilə heç nə ilə fərqlənmir. Məktəbdə elektron lövhəli siniflər, kompüter otağı, laboratoriya istifadəyə verilmiş, tədris ən müasir tələblər səviyyəsində qurulmuşdur. Bunu təhsilə göstərilən diqqət və qayğının nəticəsi kimi dəyərləndiririk. Dövlətin yaratdığı bu şərait müəllimlərin qarşısında mühüm vəzifələr qoyur. Əmin edirik ki, etimadı yüksək bilikli, vətənpərvər və peşə sahibi olan gənclər yetişdirməklə doğruldacağıq.
Ali Məclisin Sədri elektron lövhəli sinifdə muxtar respublikanın 222 təhsil müəssisəsi ilə Naxçıvan Dövlət Xalça Muzeyi arasında keçirilən distant dərsi izləmiş, yeni tədris metodlarından istifadə ilə bağlı tapşırıqlar vermişdir.

 

Gərməçataq Kənd Mərkəzinin
açılışı olub

Dekabrın 8-də Gərməçataqda kənd mərkəzi istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali ­Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.
Zəruri inzibati, sosial və mədəni sahələri özündə birləşdirən kənd mərkəzi, ilk növbədə, sakinlərin rahatlığına xidmət edəcək, onların hər hansı bir iş üçün rayon mərkəzlərinə getməsinin və vaxt itkisinin qarşısını alacaqdır. Müasir standartlara uyğun inşa edilən bina iki mərtəbədən ibarətdir. Burada 7 mindən artıq kitab fondu olan kitabxana, polis sahə, baytarlıq və feldşer-mama məntəqələri, rabitə evi vardır. Rabitə evində 192 nömrəlik yeni nəsil Avtomat Telefon Stansiyası quraşdırılmış, poçt bölməsi yaradılmış, sürətli internetdən istifadə təmin edilmişdir.
Binanın ikinci mərtəbəsində inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, bələdiyyənin, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatının, klubun fəaliyyəti üçün lazımi şərait yaradılmış, statistika otağı və 32 yerlik tədbirlər zalı istifadəyə verilmişdir.
Feldşer-mama məntəqəsi kənddə səhiyyə işinin nümunəvi təşkilinə imkan verəcəkdir. Bu, eyni zamanda dövlətimizin insan sağlamlığına, səhiyyənin inkişafına verdiyi önəmin ifadəsidir. Binada məntəqə üçün 4 otaq ayrılmış, dərman vasitələri və peyvənd çantaları qoyulmuşdur.
Ali Məclisin Sədri kənd mərkəzində yerləşən təşkilatların fəaliyyəti ilə maraqlanmış, müvafiq tapşırıq və tövsiyələrini vermişdir.

Dağ kəndində yeni xidmət obyekti
fəaliyyətə başlamışdır

Dekabrın 8-də Gərməçataq kəndində xidmət mərkəzi də istifadəyə verilmişdir.
Ali Məclisin Sədri açılışı bildirən lenti kəsmişdir.
Bildirilmişdir ki, mərkəzdə bərbərxana, mağaza və anbar fəaliyyət göstərir. Burada 2 sakin işlə təmin olunub. Mağazada yerli məhsulların satışı kənd turizminə üstünlük verənlərin keyfiyyətli məhsullarla təminatına imkan verəcəkdir.
Ali Məclisin Sədri mərkəzlə tanışlıqdan sonra sakinlərlə görüşmüş, onları kənddə aparılan quruculuq işləri münasibətilə təbrik edərək demişdir: Bu gün Gərməçataq muxtar respublikanın abad yaşayış məntəqələrinin sırasına daxil oldu. Kənddə məktəb binası, kənd və xidmət mərkəzləri istifadəyə verildi, dövlət qurumlarının fəaliyyəti üçün hərtərəfli şərait yaradıldı. Bu gün sərhəd kəndi Gərməçataq etibarlı müdafiə olunur. Kəndin bundan sonrakı inkişafı sakinlərin üzərinə düşən vəzifədir. Düşmən ölkənin muxtar respublika ilə sərhəd kəndlərində isə məktəblər bağlanır, yaşayış üçün heç bir infrastruktur yaradılmır. Lakin Azərbaycan dövləti kənd­lərin, xüsusilə sərhəd yaşayış məntəqələrinin inkişafına xüsusi diqqət yetirir. Gərməçataq kəndində yaradılan şərait bunu bir daha təsdiq edir. Ona görə də sakinlər muxtar respublikanın bu abad və səfalı kəndində məskunlaşmanı artırmalı, kəndin inkişafına öz töhfələrini verməlidirlər.
Ali Məclisin Sədri sərhəd kəndini tərk etməyib burada məskunlaşdıqlarına görə sakinlərə təşəkkür etmişdir.
Kənd sakini Vilayət Babayev minnətdarlıq edərək deyib ki, muxtar respublikada aparılan quruculuq işləri Gərməçataq kəndini də əhatə edib. Hələ 20 il bundan əvvəl kənddə nasos stansiyaları tikilib, torpaqlardan səmərəli istifadə üçün hərtərəfli şərait yaradılıb, kəndin etibarlı müdafiəsi təşkil olunub. Bu gün isə kəndimizdə yeni məktəb binası, kənd və xidmət mərkəzləri istifadəyə verildi. Tədrisin müasir səviyyədə aparılması üçün məktəb müasir avadanlıqlarla təchiz edilib. İstifadəyə verilən kənd mərkəzində təşkilatların əhaliyə yüksək səviyyədə xidmət göstərmələri üçün şərait yaradılıb. Kəndimizdə əhalinin gündəlik məişət tələbatının ödənilməsi üçün heç bir şərait olmadığından sakinlər qonşu kəndlərə və yaxud Naxçıvan şəhərinə getməli olurdular. Artıq bu məsələ də həllini tapıb. Xidmət mərkəzi əhalinin zəruri ehtiyaclarını ödəyəcəkdir. Kəndin yolu da yenidən qurulmuşdur. Dağ və sərhəd kəndində yaşayırıq. Lakin kəndimiz fasiləsiz elektrik enerjisi, təbii qaz, müasir rabitə xidməti və sürətli internetlə təmin edilib. Yaradılmış şəraitin nəticəsidir ki, vaxtilə kəndimizi tərk etmiş 4 ailə geri qayıdaraq Gərməçataqda məskunlaşıb. Bir sözlə, bu gün müasir Gərməçataq kəndi düşmənə göz dağıdır. Bütün bu firavanlıq, abadlıq və sabitlik isə kənd sakinlərinin torpağa, yurd yerinə bağlılığını daha da artırır.

* * *

Gərməçataq kəndinin avtomobil yolu da yenidən qurulmuşdur. 5700 metrlik yol hamarlanaraq qum-çınqıl qatı verilmiş, 20 su keçidi qoyulmuş, 1 körpü tikilmişdir. Həmçinin yolun kənarında 1038 metrlik beton kanal çəkilmişdir. Kəndin rabitə, elektrik və qaz təsərrüfatı da yenidən qurularaq qış mövsümünə hazır vəziyyətə gətirilmişdir. Belə ki, tikinti işləri aparılarkən yeni rabitə dirəkləri basdırılmış, 700 metr fiberoptik kabel, 400 metri yeraltı olmaqla 1200 metr rabitə, 735 metrlik elektrik və 160 metrlik qaz xətti çəkilmişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR