Mayın 25-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan Muxtar Respublika Stadionuna gəlmiş, stadionun mövcud vəziyyəti ilə tanış olmuşdur.
Məlumat verilmişdir ki, stadionun ümumi sahəsi 17 min 700 kvadratmetrdir. Stadion ikimərtəbəli inzibati bina və futbol meydançasından ibarətdir. 2000-ci ildə stadionda yenidənqurma işləri aparılmış, tamaşaçı tutumu 12 min 900 nəfərə çatdırılmışdır. Ötən müddətdə istifadə olunan stadionda təmir işlərinin aparılmasına ehtiyac yaranmışdır.
Stadionun inzibati binasındakı soyunub-geyinmə otaqlarının, idman zalının və iş otaqlarının təmir olunması, su, kanalizasiya, istilik və işıqlandırma sistemlərinin dəyişdirilməsi nəzərdə tutulur. Həmçinin meydandakı qaçış zolaqları və oturacaqlar yenilənəcək, futbol meydançasının ot örtüyü təzələnəcəkdir.
Ali Məclisin Sədri stadionun layihələndirilərək təmir işlərinə başlanılması barədə tapşırıqlar vermişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti