05 Yanvar 2025, Bazar

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Bu tədbirlər nazirliyin tabeliyindəki strukturların fəaliyyətinin gücləndirilməsinə, baş verə biləcək hər hansı fövqəladə hadisə zamanı şəxsi heyətin çevik və operativ hərəkətinin təmin edilməsinə şərait yaratmışdır.

Görülən tədbirlərin davamı olaraq, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinə yeni yanğınsöndürmə avtomobilləri və səfərbərlik ehtiyatları gətirilmişdir.
Mayın 24-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayına gəlmişdir.
Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri, general-mayor Şamı Abdullayev Ali Məclisin Sədrinə raport verdikdən sonra yanğınsöndürmə avtomobillərinə və səfərbərlik ehtiyatlarına baxış olmuşdur.
Məlumat verilmişdir ki, “KAMAZ” markalı 3 ədəd yanğınsöndürmə avtomobilləri dağlıq və keçilməsi çətin olan ərazilərdə baş verən yanğınların söndürülməsində istifadə olunacaqdır. 7 nəfər heyətlə hərəkət edən avtomobillər 6 ton su və 500 kiloqram köpükyaradan maye ilə rahat manevretmə qabiliyyətinə malikdir. Avtomobillər siyirtməli nərdivanlar və ilkin yanğından mühafizə vasitələri ilə təmin olunmuşdur. Gətirilmiş müasir yanğınsöndürən paltarları isə hadisə zamanı şəxsi heyətin fərdi mühafizəsinin təşkilinə və xilasetmə işlərinin təhlükəsiz aparılmasına imkan verir.
Səfərbərlik ehtiyatlarına baxış zamanı bildirilmişdir ki, fövqəladə hadisələr zamanı insanların təhlükəsizliyinin qorunmasında və onların normal yaşayış şəraitinin təmin edilməsində səfərbərlik ehtiyatının yaradılması mühüm əhəmiyyət daşıyır. Hazırda Mülki Müdafiə Alayının bazasında səfərbərlik ehtiyatları, fərdi mühafizə vasitələri, məişət avadanlıqları və uzun müddətə hesablanmış ərzaq ehtiyatı vardır. Yeni gətirilən 350 dəst çadır, qoşqulu 4 səhra mətbəxi, 4 soyuducu kamera və digər məişət avadanlıqları baş verə biləcək hər hansı fövqəladə hadisə zamanı insanların gündəlik tələbatının ödənilməsinə, yaşayışın və qidalanmanın normal təşkilinə imkan verəcəkdir. Bir ailənin yaşaması üçün nəzərdə tutulan çadırlar yataq və məişət avadanlıqları ilə də təmin olunub. Asanlıqla daşınan və qurulan soyuducu kameraların hər birində isə 8 ton ərzaq saxlamaq mümkündür.
Ali Məclisin Sədri səfərbərlik ehtiyatının yaradılması istiqamətində həyata keçirilən tədbirlərin bundan sonra da davam etdirilməsi və fövqəladə hallara hazırlığın səviyyəsinin yüksəldilməsi barədə müvafiq tapşırıqlar vermişdir.

*      *      *

Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayının təlim mərkəzində əsaslı yenidənqurma işləri aparılmış, xilasedicilərin və humanitar yardımların fövqəladə hadisə rayonuna operativ çatdırılması məqsədilə yeni vertolyot meydançası yaradılmışdır.
Mayın 24-də Fövqəladə Hallar Nazirliyinin Aviasiya manqasının vertolyotu təlim mərkəzində yaradılan meydançaya ilk enişini etmişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR