Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2016-cı il noyabrın 18-də “Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalamışdır. Buna uyğun olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 21 noyabr tarixli Sərəncamı ilə Tədbirlər Planı təsdiq olunmuşdur. Tədbirlər Planına əsasən Naxçıvan şəhərinin Əziz Əliyev prospektində yenidənqurma işləri aparılmış və yeni yerüstü piyada keçidi inşa olunmuşdur.
Oktyabrın 28-də Naxçıvan şəhərindəki Əziz Əliyev prospekti və yeni inşa olunmuş yerüstü piyada keçidi istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmiş, aparılan tikinti və yenidənqurma işləri ilə maraqlanmışdır.
Bildirilmişdir ki, Naxçıvan şəhərinin Əziz Əliyev prospektində yenidənqurma işlərinə bu ilin əvvəlindən başlanmışdır. Yenidənqurma işləri aparılarkən yerli tikinti materiallarından istifadə olunmuş, avtomobil yolunun hərəkət hissəsi genişləndirilərək 24 metrə çatdırılmış, asfalt örtük verilmişdir. Yolun hər iki kənarında piyada yolu salınmış, ümumi uzunluğu 3500 metr olan yeni divar tikilmiş, müasir işıqlandırma sistemləri qurulmuş və yaşıllaşdırma işləri görülmüşdür.
Yerüstü piyada keçidi yeni yaşayış kompleksi ilə Cahan Ticarət Mərkəzi və buradakı bazar istiqamətində sakinlərin təhlükəsiz və rahat hərəkətinə imkan verəcəkdir. Müasir memarlıq üslubunda inşa olunan və işıqlandırma sistemi qurulan piyada keçidinin ümumi uzunluğu 41, eni isə 3 metrdir. 5 sütun üzərində qurulmuş keçidin yolun hərəkət hissəsindən hündürlüyü isə 4,7 metrdir.
Ali Məclisin Sədri Naxçıvan şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, eləcə də nəqliyyatın və piyada axının intensiv olduğu ərazilərdə hərəkətin tənzimlənməsi ilə bağlı tapşırıqlar vermişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti