Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci il 10 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün Dövlət Proqramı” tütünçülüyün inkişafı sahəsində geniş imkanlar açıb. Naxçıvan Muxtar Respublikasında da gəlirli sahə olan tütünçülüyün inkişafı, tütün emalı sahələrinin yaradılması və xammala olan tələbatın yerli istehsal hesabına ödənilməsi diqqətdə saxlanılır. Bu il Kəngərli rayonunda “Cahan Tabak” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yeni Tütün Yetişdirmə Təsərrüfatı yaradılmışdır.
Oktyabrın 28-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Tütün Yetişdirmə Təsərrüfatının fəaliyyəti ilə tanış olmuşdur.
Məlumat verilmişdir ki, 2,5 hektar ərazini əhatə edən Tütün Yetişdirmə Təsərrüfatında şitil yetişdirmək üçün 2304 kvadratmetr sahəsi olan 5 istixana, yeraltı su anbarı, 1350 kvadratmetr sahədə tütün qurutma yeri və 420 kvadratmetr sahəsi olan 2 anbar yaradılmış, Türkiyə mənşəli müxtəlif texnika və texnoloji avadanlıqlar alınmışdır. İlkin olaraq Kəngərli rayonunda 9 hektar sahədə sınaq məqsədilə məhsuldar “Virciniya” və “Oriental” tütün sortları əkilmiş, bugünədək 11 tondan çox quru tütün istehsal olunmuşdur. Təsərrüfatda 60 nəfər işlə təmin olunmuşdur.
Əkin zamanı yerli torpaq və iqlim şəraiti nəzərə alınaraq məhsuldar sortlardan istifadə olunur. Tütünün becərilməsi, yığımı və qurudulması müasir texnoloji qaydalara uyğun aparılır ki, bu da keyfiyyətli məhsul istehsalına imkan verir. Təsərrüfatda yetişdirilən şitillər muxtar respublikada tütünçülüklə məşğul olan torpaq mülkiyyətçilərinin tələbatını tam ödəyəcəkdir. Eyni zamanda burada tütün qəbulu da həyata keçiriləcəkdir. Dövlət tərəfindən tütün istehsalçılarına subsidiyaların verilməsi və tütün qəbulu üçün yaradılan şərait bu sahəyə marağı xeyli artırmışdır. Artıq bu ildən etibarən Kəngərli rayonunun 10 kəndinin torpaq mülkiyyətçiləri tütün əkini üçün müraciət etmişlər. Gələn il 100 hektardan artıq sahədə tütün əkilməsi nəzərdə tutulur.
Qeyd olunmuşdur ki, hazırda “Cahan Tabak” Məhdud Məsuliyyətli Cəmiyyətində bazarın tələbatına uyğun olaraq 11 növdə filtrli siqaret istehsal olunur. İstehsal olunan məhsulların 10 faizi daxili tələbatı ödəyir, 90 faizi isə 8 xarici ölkəyə ixrac olunur.
Ali Məclisin Sədri təsərrüfatın qurulmasında əməyi olanlara təşəkkür etmiş, Şərur və Kəngərli rayonlarında tütün əkini sahələrinin genişləndirilməsi, ailə və fermer təsərrüfatlarının yaradılması, tütün əkiləcək torpaqların analiz olunması və uyğun sahələrin seçilməsi, yüksək məhsuldarlığa və keyfiyyətə malik sortların əkininə üstünlük verilməsi barədə tapşırıqlar vermişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti