Oktyabrın 27-də Türkiyə Cümhuriyyətinin yaradılmasının 94-cü ildönümü münasibətilə Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulluğu tərəfindən rəsmi qəbul təşkil edilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov rəsmi qəbulda iştirak etmişdir.
Tədbirdə Azərbaycan və Türkiyə Respublikalarının dövlət himnləri səsləndirilmişdir.
Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cümhuriyyətin yaradılmasının 94-cü ildönümü münasibətilə Türkiyənin xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə göndərdiyi təbrik oxunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyənin müstəqillik bayramı - Cümhuriyyət elan edilməsinin 94-cü ildönümü münasibətilə tədbir iştirakçılarını və qardaş Türkiyə xalqını təbrik edərək demişdir: Bu gün Azərbaycan-Türkiyə əlaqələri inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Respublikası arasında da faydalı əməkdaşlıq əlaqələri qurulmuşdur. Təhsil, səhiyyə, mədəniyyət, ticarət və iqtisadi sahələrdəki əlaqələrin inkişafı böyük məmnunluq doğurur. Bu günlərdə qardaş Türkiyə hökumətinin qəbul etdiyi yeni tənzimləmə qərarına görə Naxçıvan Muxtar Respublikasındakı istehsal müəssisələrinə Türkiyəyə məhsul ixracında sərbəst ticarət imkanı verilmişdir.
Ali Məclisin Sədri bu qərarı əlaqələrimizin daha da gücləndirilməsinə yönəlmiş mühüm addım kimi yüksək qiymətləndirmiş, qardaş Türkiyə Respublikasının dövlətinə və hökumətinə hörmətini bildirmiş, Cümhuriyyət bayramı münasibətilə bir daha təbriklərimi çatdırmış, qardaş Türkiyə xalqına rifah və tərəqqi arzulamışdır.
Türkiyənin Naxçıvandakı Baş konsulu Nihat Ərşən çıxış edərək türk xalqının istiqlal mübarizəsindən, Türkiyə Cümhuriyyətinin yaranmasından və keçdiyi inkişaf yolundan danışmışdır. Qeyd olunmuşdur ki, Türkiyə-Azərbaycan əlaqələri bu gün sürətlə inkişaf edir, birgə layihələr həyata keçirilir. Nihat Ərşən Türkiyənin dost və qardaş Azərbaycanla əlaqələrinin inkişafında Naxçıvan Muxtar Respublikasının rolunu qeyd etmiş, bu sahədə həyata keçirilən tədbirlərin əməkdaşlığın inkişafına töhfə verdiyini vurğulamışdır.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti