Oktyabrın 23-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Bərəkət Buğda Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinin Kəngərli rayonunun Böyükdüz kəndindəki toxumçuluq təsərrüfatının taxıl əkini sahəsinə gəlmiş, taxıl əkininin gedişi ilə maraqlanmışdır.
Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Elşad Əliyev məlumat verərək demişdir ki, muxtar respublikada bu günə qədər 20 min hektar sahədə şum, 7 min hektar sahədə isə əkin aparılmışdır. Dağlıq ərazilərdə isə 850 hektar sahədə dəmyə taxıl əkilmişdir. “Bərəkət Buğda Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinin toxumçuluq təsərrüfatı taxıl əkini zamanı toxuma olan tələbatı tam ödəyir. Hazırda toxumçuluq təsərrüfatının qapalı suvarma şəbəkəsi qurulan 530 hektar taxıl sahəsində əkin başa çatdırılmışdır. Əkin zamanı yüksək reproduksiyalı, muxtar respublikanın torpaq-iqlim şəraitinə uyğunlaşmış məhsuldar “Qobustan” toxum sortundan istifadə olunur.
Muxtar respublikada payızlıq şum və əkin aparılması üçün texnikalar da saz vəziyyətə gətirilmiş, “Naxçıvan Aqrolizinq” Açıq səhmdar Cəmiyyətinə məxsus və fiziki şəxslərdə olan 99 taxılsəpən sahələrə çıxarılmış, torpaq mülkiyyətçiləri mineral gübrə ilə təmin edilmişdir.
Ali Məclisin Sədri payızlıq taxıl əkininin aqrotexniki qaydalara uyğun aparılmasının vacibliyini vurğulamış, noyabrın 1-dən etibarən payız suvarma mövsümünə başlanması, toxumçuluq təsərrüfatında taxılla yanaşı, digər kənd təsərrüfatı bitkilərinin əkilməsi və toxuma olan tələbatın yerli istehsal hesabına ödənilməsi, payız iməcilikləri dövründə Kəngərli rayonunda yeni badam bağlarının salınması barədə tapşırıqlar vermişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti