Meliorasiya və irriqasiya tədbirlərinin davamlı olaraq həyata keçirilməsi, mütərəqqi suvarma metodlarının tətbiqi muxtar respublikada əkinçiliyin inkişafı üçün geniş imkanlar açır. Su təminatı olmayan və uzun müddət əkilməyən torpaq sahələri əkin dövriyyəsinə qatılır.
Oktyabrın 23-də Kəngərli rayonunun Böyükdüz kəndində qapalı suvarma şəbəkəsi istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir.
Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri Əsgər Əsgərov tədbirdə çıxış edərək demişdir ki, muxtar respublikada şoranlaşma və bataqlaşmanın qarşısının alınması, suvarma şəbəkələrinin genişləndirilməsi və mütərəqqi suvarma metodlarının tətbiqi bol məhsul istehsalı ilə yanaşı, torpaq və su ehtiyatlarından səmərəli istifadəyə də imkan verir. Qapalı suvarma şəbəkələrinin qurulması və yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması da bu sahədə həyata keçirilən tədbirlərin davamıdır. Son illər Babək və Culfa rayonlarında 2220, Kəngərli rayonunda isə 717 hektar sahədə qapalı suvarma şəbəkəsi qurulmuşdur. Bu gün isə Kəngərli rayonunun Böyükdüz kəndində yeni qapalı suvarma şəbəkəsi istifadəyə verilir. Əsgər Əsgərov əkin sahələrinin su təminatının və torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması istiqamətində bundan sonra da səylə çalışacaqlarını bildirmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov qapalı suvarma şəbəkəsinin istifadəyə verilməsinin muxtar respublikanın həyatında əlamətdar hadisə kimi dəyərləndirmiş, bu münasibətlə istifadəçiləri təbrik edərək demişdir: Naxçıvan Muxtar Respublikasının ərazisinin 16 faizi əkinəyararlı torpaqlardır. Əkinəyararlı torpaqların isə 10 faizə yaxını suvarılan ərazilərdir. Ona görə də əkinəyararlı torpaqlardan səmərəli istifadə olunması və yeni suvarma şəbəkələrinin qurulması mühüm əhəmiyyət daşıyır. Artıq muxtar respublikada mütərəqqi suvarma metodları tətbiq olunur, qapalı suvarma şəbəkələri qurulur, yeni torpaq sahələri əkin dövriyyəsinə qatılır. Son 5 ildə muxtar respublikada 3 min hektara yaxın sahədə qapalı suvarma şəbəkəsi qurularaq istifadəyə verilmişdir. Hazırda bu ərazilərdən bol məhsul götürülür. Bu gün istifadəyə verilən qapalı suvarma şəbəkəsi hesabına isə 407 hektar torpaq sahəsi əkin dövriyyəsinə daxil edilmişdir. Əkin dövriyyəsinə qatılan yeni torpaq sahələrinin əkilməsi qapalı suvarma şəbəkəsinin qurulmasına sərf olunan vəsaitin 8-10 il müddətində geri qaytarılmasına imkan verəcəkdir.
Ali Məclisin Sədri demişdir: Qapalı suvarma şəbəkələrinin qurulması və yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması vacib məsələdir. Çünki muxtar respublika əhalisinin sayı ilbəil artır, həyətyanı torpaq sahələrində evlər tikilir. Bu da ərzaq təhlükəsizliyinin təmin olunması üçün yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılmasını zəruri edir. Qapalı suvarma şəbəkəsinin əhatə etdiyi ərazi uzun müddətdir əkilməyən münbit torpaqlardır. Su təminatından sonra bu ərazilərin əkilməsi muxtar respublikada kənd təsərrüfatının inkişafına öz töhfəsini verəcəkdir. Torpağa həyat vermək, onu əkin dövriyyəsinə qaytarmaq xeyirxah işdir. Eyni zamanda bu, insanlara həyat vermək deməkdir. Çünki bol məhsul istehsalı muxtar respublika iqtisadiyyatının inkişafı ilə yanaşı, həm də əhalinin ərzaqla təminatının yaxşılaşdırılmasına xidmət edir.
Ali Məclisin Sədri demişdir: Mütərəqqi suvarma metodlarının tətbiqi, qapalı suvarma şəbəkələrinin qurulması, nasos stansiyalarının tikilməsi, torpaqların su təminatının yaxşılaşdırılması və yeni torpaq sahələrinin əkin dövriyyəsinə daxil edilməsi bu gün qarşıda duran əsas vəzifələrdir. Bu vəzifələrin həyata keçirilməsi üçün Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinə lazımi şərait yaradılmış, maddi-texniki baza gücləndirilmişdir. Eyni zamanda muxtar respublikada əkinəyararlı torpaqların atlasının hazırlanması şoranlaşmaya və çəmənləşməyə meylli torpaq sahələrinin müəyyən edilməsinə, meliorativ tədbirlərin həyata keçirilməsinə və drenaj şəbəkələrinin qurulmasına imkan verir.
Ali Məclisin Sədri meliorasiya və irriqasiya sahəsində həyata keçirilən tədbirlərin bundan sonra da davam etdirilməsinin vacibliyini vurğulamış, qapalı suvarma şəbəkəsinin qurulmasında əməyi olanlara təşəkkür etmiş, onları qiymətli hədiyyələrlə mükafatlandırmış, suvarma şəbəkəsinin baş planı ilə tanış olmuşdur.
Məlumat vermişdir ki, qapalı suvarma şəbəkəsinin tikintisi yerli mütəxəssislər tərəfindən qısa müddətdə və keyfiyyətlə aparılmışdır. Böyükdüz kəndi ərazisində yerləşən və Araz çayından qidalanan hovuzlardan su öz axını ilə uzunluğu 2 min 700 metr olan magistral boru xətti vasitəsilə qapalı suvarma şəbəkəsinə ötürülür. Ərazidə müxtəlif diametrli borularla 4380 metr uzunluğunda ana xətt çəkilmiş, deformasiyaların qarşısını almaq məqsədilə ana xəttin üzərində 13 kompensator və 2 siyirtmə quraşdırılmışdır. Ana xəttin dayanıqlığını artırmaq məqsədilə borunun yeri 40 santimetr qazılaraq çınqıl qatı verilmiş, birləşmə olan hissələrə 520 ədəd beton dayaq qoyulmuş, boru yarıya qədər torpaqla doldurulmuşdur.
Ərazidə diametri 200 millimetr olan plastik borularla 41 min 680 metr uzunluğunda paylayıcı xətt çəkilmiş və üzərində 480 suvarma hidrantı, sahəyə suyun verilməsini növbə ilə təmin etmək üçün 91 siyirtmə, xətdəki suyun boşaldılması üçün 93 suboşaldıcı quraşdırılmışdır. Torpağın yuyulmasının qarşısını almaq məqsədilə hidrantların ətrafına çınqıl qatı verilmiş, beton hovuzlar qoyulmuşdur. Magistral xəttin üzərində diametri 50 millimetr olan 27 ədəd suburaxıcı quraşdırılmışdır.
Ali Məclisin Sədri Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində layihə işlərinin aparılması və yeni qapalı suvarma şəbəkəsinin qurulması barədə tapşırıqlar vermişdir.
Sonra Ali Məclisin Sədri qapalı suvarma şəbəkəsinin istifadəyə verilməsini bildirən qurğunu işə salmışdır.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti