Oktyabrın 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Fransa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Orelia Buşez ilə görüşüb.
Ali Məclisin Sədri səfirin geniş tərkibdə muxtar respublikaya səfərinin Fransa dövlətinin Naxçıvana marağı və diqqəti kimi dəyərləndirdi, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Fransa Respublikası arasında elm, təhsil və iqtisadi-ticarət sahəsindəki əlaqələrdən danışdı. Muxtar respublikanın 38 təhsil müəssisəsində Fransız dilinin tədris olunduğunu və Naxçıvan Dövlət Universitetində Fransız dili ixtisasının fəaliyyət göstərdiyini diqqətə çatdıran Ali Məclisin Sədri Azərbaycan-Fransa beynəlxalq ekspedisiyası tərəfindən muxtar respublikada aparılan tədqiqatların əhəmiyyətini vurğuladı, qarşılıqlı əlaqələrin davam etdiriləcəyinə əminliyini ifadə etdi.
Səmimi qəbula görə minnətdarlıq edən xanım Orelia Buşez Naxçıvanla tanışlığın onda dərin təəssürat yaratdığını diqqətə çatdırdı. Ölkələrimiz arasındakı dostluq münasibətlərinə toxunan səfir Fransa-Naxçıvan əlaqələrinin inkişafının və muxtar respublikada Fransız dilinin tədrisinin məmnunluq doğurduğunu bildirdi, əməkdaşlığın daha da genişləndiriləcəyini vurğuladı.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti