Oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.
Dövlətimizin başçısı iclası giriş nitqi ilə açaraq bildirib ki, bu ilin doqquz ayında ölkəmiz uğurla və hərtərəfli inkişaf edib, bütün sahələrdə dinamik inkişaf təmin olunub. Doqquz ayda iqtisadi göstəricilərimiz də çox müsbətdir. Qeyri-neft iqtisadiyyatımız 2,5 faiz artıb. Bu, həm uğurlu islahatlarımızın göstəricisidir, həm də onu göstərir ki, ölkə iqtisadiyyatının şaxələndirilməsi məsələləri öz həllini uğurla tapıbdır. Qeyri-neft sektorunun sənaye hissəsi də uğurla inkişaf edir. Qeyri-neft sənayesi 9 ayda 3,1 faiz artıb. Bu da sənayeləşmə siyasətimizin gözəl nəticəsidir.
Prezident İlham Əliyev qeyd edib ki, bu ilin 9 ayında Azərbaycanın valyuta ehtiyatları 4,5 milyard dollar artaraq, 42 milyard dollar səviyyəsinə çatıb. Valyuta ehtiyatlarımız, ümumiyyətlə, iqtisadi imkanlarımız müstəqilliyimizin əsas şərtlərindən biridir.
Sonra təhsil naziri Mikayıl Cabbarov, “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov, Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli məruzələrlə çıxış ediblər.
Azərbaycan Prezidenti iclasda yekun nitqi söyləyib.
AZƏRTAC