Mayın 22-də Babək rayonunda yaradılan yeni ət məhsulları kompleksinin açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış mərasimində iştirak etmişdir.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişaf naziri Famil Seyidov demişdir ki, muxtar respublikanın mövcud iqtisadi potensialından tam və səmərəli istifadə olunması nəticəsində son illər 450-dən artıq müəssisə yaradılmışdır. Yeni yaradılan müəssisələrin fəaliyyəti hesabına əhalinin əsas istehlak mallarına olan tələbatının ödənilməsinə və idxaldan asılılığın aradan qaldırılmasına nail olunmuşdur. 2013-cü ildə də bu istiqamətdə görülən işlər diqqət mərkəzində saxlanılmış, ötən dövrdə 41 layihə üzrə yeni istehsal və xidmət sahələrinin yaradılması davam etdirilmişdir. Təkcə bu ilin ötən dövrü ərzində Sahibkarlığa Kömək Fondu tərəfindən sahibkarlara 1 milyon 258 min manat həcmində dövlət maliyyə dəstəyi göstərilmişdir. Həyata keçirilən tədbirlər nəticəsində muxtar respublikada kənd təsərrüfatı məhsulları istehsalının da genişləndirildiyini bildirən Famil Seyidov yaradılan şəraitə görə minnətdarlıq etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov muxtar respublikamızda ehtiyac duyulan sahələrdən biri olan ət məhsulları kompleksinin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək demişdir: “Bu gün Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin başlıca istiqamətlərindən biri də qeyri-neft sektorunun inkişafını təmin etməkdən ibarətdir. Bu istiqamətdə ardıcıl tədbirlərin görülməsi isə sahibkarlıq subyektlərinin fəaliyyətinin genişləndirilməsi və yeni istehsal müəssisələrinin yaradılmasından asılıdır. Ona görə də ölkəmizdə, eləcə də muxtar respublikamızda sahibkarlığın inkişafına hərtərəfli dövlət dəstəyi göstərilir, yeni istehsal müəssisələrinin yaradılması diqqət mərkəzində saxlanılır. Bu gün istifadəyə verilən ət məhsulları kompleksi də bu istiqamətdə görülən işlərin nəticəsidir”.
Ali Məclisin Sədri demişdir: “Keçmiş Sovetlər Birliyi dövründə muxtar respublikamızda ət məhsulları kombinatı fəaliyyət göstərmişdir. Ötən əsrin 90-cı illərinin dağıdıcılıq prosesləri bu sahənin də fəaliyyətinin dayandırılmasına səbəb olmuşdur. Lakin muxtar respublikada daxili bazarın qorunması və əhalinin keyfiyyətli heyvandarlıq məhsulları ilə təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər yeni ət məhsulları kompleksinin yaradılmasına imkan vermişdir. Müəssisənin yaradılmasına lazımi dövlət dəstəyi göstərilmiş, Sahibkarlığa Kömək Fondu tərəfindən güzəştli şərtlərlə kredit ayrılmışdır. Qısa müddətdə kompleksin fəaliyyəti təmin edilmiş, müəssisədə müasir avadanlıqlar quraşdırılmışdır”.
Ali Məclisin Sədri demişdir ki, kompleksdə müxtəlif çeşidlərdə ət və ət məhsullarının istehsal olunması istehlakçılara seçim imkanları yaradacaqdır. Digər bir tərəfdən, istehsal olunan keyfiyyətli ət məhsulları əhalinin və dövlət tərəfindən təminatı həyata keçirilən qapalı müəssisələrin tələbatını tamamilə ödəyəcəkdir. Ona görə də burada gigiyenik qaydalara əməl edilməsi və keyfiyyətli məhsul istehsalı diqqət mərkəzində saxlanılmalıdır. Çünki keyfiyyətli ət məhsulları ilə təminat insanların sağlamlığının qorunmasına xidmət edir.
“Yeni istehsal müəssisələrinin fəaliyyətə başlaması muxtar respublikanın ixrac potensialının artırılmasına və iş yerlərinin yaradılmasına imkan verir”, – deyən Ali Məclisin Sədri bildirmişdir ki, kompleksdə yaradılan şərait ət məhsullarına olan daxili tələbatı tamamilə ödəməklə yanaşı, müəssisənin ixrac imkanlarını da artıracaqdır. Eyni zamanda burada 30 yeni iş yeri açılmışdır. Bütün bunlar isə əhalinin sosial rifah halının yaxşılaşdırılması və iqtisadi səmərəlilik baxımından mühüm əhəmiyyət daşıyır.
Ali Məclisin Sədri ət məhsulları kompleksinin qurulmasında əməyi olanlara təşəkkürünü bildirmiş, açılışı bildirən lenti kəsmişdir.
Məlumat verilmişdir ki, müəssisənin yaradılmasına 3 milyon 248 min manat vəsait sərf olunmuşdur ki, bunun da 1 milyon 530 min manatı Sahibkarlığa Kömək Fondu tərəfindən ayrılmış güzəştli kreditdir. Ümumi sahəsi 20 min kvadratmetr olan kompleksdə iribuynuzlu və xırdabuynuzlu heyvanların kəsim sexləri, kolbasa və sosiska istehsalı sahələri, soyuducu kameralar, iş otaqları, hazır məhsulların satış mağazası, yeməkxana və kəsimə hazırlanan heyvanların saxlanılması üçün şərait vardır.
Müəssisədə gün ərzində 100 baş iribuynuzlu mal-qaranın və 250 baş xırdabuynuzlu heyvanların kəsimini həyata keçirmək mümkündür. Burada müxtəlif dondurma temperaturuna malik olan 8 soyuducu kamera yaradılmış, məhsulların ticarət mərkəzlərinə çatdırılması məqsədilə 2 ədəd soyuducu yük yeri olan nəqliyyat vasitəsi alınmışdır. Müəssisədə iri doğranmış, paketlənmiş, çəkilmiş, eləcə də yarımfabrikat paketlənmiş ət məhsulları istehsal olunur. Kompleksdə yaradılan kolbasa sexinin gündəlik istehsal gücü isə 2 tondur. İstifadə olunan xammalın mütəmadi olaraq baytar və laborator müayinədən keçirilməsi sexdə keyfiyyətli kolbasa istehsalına imkan verir.
Ət məhsulları kompleksinin həyətində də abadlıq işləri aparılmış, müasir işıqlandırma sistemləri quraşdırılmış və yardımçı binalar tikilmişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti