Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xəttin uğurla davam etdirilməsi Naxçıvan Muxtar Respublikasında sosial islahatların əhatə dairəsini xeyli genişləndirmişdir. Əhalinin məşğulluğunun və rahat yaşayışını təmin olunması, mənzil-məişət şəraitinin yaxşılaşdırılması muxtar respublikada həyata keçirilən sosial siyasətin və aparılan quruculuq işlərinin əsasını təşkil edir. Hər il Naxçıvan şəhərində yeni ictimai yaşayış binaları tikilərək istifadəyə verilir, mövcud çoxmənzilli yaşayış binaları yenidən qurulur. Bu tədbirlərin davamı olaraq Naxçıvan şəhərinin İstiqlal küçəsindəki 79 nömrəli yaşayış binasında da yenidənqurma işləri aparılmışdır.
Sentyabrın 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binada görülən işlərlə maraqlanmış, sakinlərlə görüşmüşdür.
Ali Məclisin Sədri Naxçıvan şəhərində yeni abad məhəllənin yaranması və yaşayış binasının yenidən qurulması münasibətilə sakinləri təbrik edərək demişdir: Naxçıvan şəhəri ilə yanaşı muxtar respublikanın digər bölgələrində də geniş abadlıq-quruculuq işləri aparılır, yeni sosial obyektlər tikilir. Bu gün muxtar respublikada sabitlik, enerji və ərzaq təhlükəsizliyi təmin olunub. Muxtar respublikanın hərtərəfli inkişafı isə insanların həyat səviyyəsini yaxşılaşdırır, yeni iş yerləri açılır. Vaxtilə Naxçıvan şəhərindəki binalarda lazımi kommunal məişət şəraiti yox idi, elektrik enerjisi fasilələrlə verilirdi, içməli su təminatı ödənilmirdi. Lakin bu gün mənzillərə 24 saat dayanıqlı elektrik enerjisi, təbii qaz və içməli su verilir. Yenidən qurulan bu yaşayış binasında da sakinlərin rahat yaşayışı üçün hərtərəfli şərait yaradılıb. Naxçıvan şəhərində quruculuq işləri bundan sonra da davam etdiriləcək, digər yaşayış binalarında da yenidənqurma işləri aparılacaqdır. Sakinlər də tikilənləri, qurulanları qorumalı, yaşadıqları binanı, məhəlləni təmiz saxlamalıdırlar. Çünki həyata keçirilən bu tədbirlər ölkəmizin inkişafına, insanların rahat yaşayışına hesablanıb.
Bina sakini, ziyalı Zəhmət Şahverdiyev minnətdarlıq edərək demişdir: Naxçıvanın çətin günlərini yaxşı xatırlayırıq. Vaxtilə mənzillərə gün ərzində 2 saat elektrik enerjisi verilirdi, içməli su, təbii qaz təminatı yox idi. İqtisadiyyatın və sosial həyatın bütün sahələrində geriləmə müşahidə olunurdu. Lakin ulu öndər Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsi nəticəsində Naxçıvan Muxtar Respublikasında kompleks inkişafa nail olunub. Muxtar respublikanın kəndində də, şəhərində də geniş quruculuq işləri aparılır. Naxçıvan müasir üslubda yenidən qurulur, sakinlərin rahat yaşayışı üçün bütün tədbirlər görülür. Muxtar respublikada görülən bu işləri vaxtilə ümummilli liderimiz Heydər Əliyevin, bu gün isə ölkə Prezidenti cənab İlham Əliyevin yüksək qiymətləndirməsi sakinləri daha da qürurlandırır, onların qurub, yaratmaq əzmini artırır.
Bina ilə tanışlıq zamanı məlumat verilmişdir ki, 5 mərtəbəli yaşayış binasında 45 mənzil vardır. Yenidənqurma işləri zamanı binanın mühəndis-kommunikasiya sistemləri yenilənmiş, fasadı, dam örtüyü, qapı və pəncərələri dəyişdirilmiş, dəhlizlər və zirzəmi qatı təmir olunmuşdur. Zirzəmi qatında xidmət sahələri üçün yerlər ayrılmışdır. Binanın həyətində də abadlıq işləri aparılmış, yaşıllıqlar salınmışdır.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti