Muxtar respublikada sakinlərin asudə vaxtının səmərəli təşkili diqqət mərkəzində saxlanılır. Yeni parkların salınması, xidmət sahələrinin fəaliyyətə başlaması, yaşayış məntəqələrində mədəniyyət evləri və klublar üçün yeni binaların istifadəyə verilməsi, bu mənada mühüm əhəmiyyətə malikdir.
Sentyabrın 30-da - Beynəlxalq Ahıllar Günü ərəfəsində Naxçıvan şəhərində 2 nömrəli Təqaüdçülər Klubu üçün yeni bina istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak etmişdir.
Ali Məclisin Sədri yeni binanın istifadəyə verilməsi münasibətilə təqaüdçüləri təbrik edərək demişdir: Təqaüdçülər Klubu 1974-cü ildən fəaliyyət göstərir. Ötən dövrdə klub Naxçıvan şəhərindən olan təqaüdçülərin asudə vaxtlarının səmərəli təşkili sahəsində səmərəli fəaliyyət göstərmişdir. Ona görə də klubun yerləşdiyi bina yenidən qurulmuş, müasir tələblərə uyğun şərait yaradılmış, oxu və stolüstü oyun zalları istifadəyə verilmişdir.
Ali Məclisin Sədri demişdir: Ölkəmizdə bütün kateqoriyadan olan insanların fəaliyyəti və rahatlığı üçün lazımi şərait yaradılır. Şagirdlərin yaxşı təhsil alması üçün müasir məktəblər, həkimlərin səmərəli fəaliyyəti üçün yeni xəstəxanalar, eləcə də digər sosial obyektlər tikilərək istifadəyə verilir, insanlara hərtərəfli xidmət göstərilir. Bu gün istifadəyə verilən 2 nömrəli Təqaüdçülər Klubunda yaradılan şərait də müxtəlif yarışların keçirilməsinə, mütaliə günlərinin və kitab müzakirələrinin təşkilinə imkan verəcəkdir. Yaşlı insanlar, təqaüdçülər ölkəmizin sərvətidir. Onların keçdiyi həyat yolu gənc nəsil üçün nümunədir. Ona görə də yaradılan şəraitdən səmərəli istifadə olunmalı, ənənələrimiz yaşadılmalı və gənc nəslə öyrədilməlidir.
Ali Məclisin Sədri klubun səmərəli fəaliyyət göstərəcəyinə əminliyini bildirmiş, bir daha təqaüdçüləri təbrik etmişdir.
Naxçıvan şəhər sakini Qadir Həsənov təqaüdçülər adından minnətdarlıq edərək demişdir: Bu gün muxtar respublikada bütün təbəqədən olan insanlar diqqət mərkəzindədir. Ahıl vətəndaşlara, təqaüdçülərə göstərilən qayğı, onların sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər minnətdarlıqla qarşılanır. Aparılan quruculuq işləri nəticəsində yeni parklar, istirahət guşələri istifadəyə verilir. Təqaüdçülər üçün nəzərdə tutulan bu klub əvvəllər lazımi şəraiti olmayan binada yerləşirdi. Lakin bu gün istifadəyə verilən yeni binada asudə vaxtın səmərəli təşkili üçün bütün imkanlar var. Bu da dövlətimizin öz vətəndaşına göstərdiyi qayğının daha bir ifadəsidir.
Sonra Ali Məclisin Sədri açılışı bildirən lenti kəsmişdir.
Məlumat verilmişdir ki, Naxçıvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin tabeliyində fəaliyyət göstərən klub təqaüdçülərin asudə vaxtlarının səmərəli təşkili, stolüstü oyunların və yarışların keçirilməsi, qəzet və jurnalların oxunmasının təşkili, kitab mütaliəsinin təmin olunması sahəsində fəaliyyət göstərir, əlamətdar günlərdə müxtəlif tədbirlər keçirilir. Bu işlərin uğurla həyata keçirilməsi üçün binada lazımi şərait yaradılmış, iş otağı, stolüstü oyun zalı, oxu zalı və bufet istifadəyə verilmişdir.
Ali Məclisin Sədri oxu zalının mütəmadi olaraq yeni ədəbiyyatlarla zənginləşdirilməsi barədə tapşırıq vermişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti