Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də Türkiyə Respublikasının milli müdafiə naziri Nurəddin Caniklinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Prezident İlham Əliyev Nurəddin Caniklinin yeni vəzifəyə təyin olunduqdan sonra qısa müddət ərzində Azərbaycana səfərə gəlməsindən məmnunluğunu ifadə edərək bildirib ki, ölkələrimiz qardaş ölkələrdir və ona görə də Azərbaycan və Türkiyə nazirləri ilk səfərlərini qardaş ölkələrə edirlər. Ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən hərbi-texniki sahədə çox yaxşı əməkdaşlığın və iş birliyinin mövcud olduğunu vurğulayan Prezident İlham Əliyev hərbi-texniki sahədə birgə fəaliyyətin geniş olduğunu deyib.
Milli müdafiə naziri Nurəddin Canikli öz növbəsində Azərbaycan ilə Türkiyənin qardaş ölkələr olduğunu və əlaqələrimizin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq bildirib ki, məqsədimiz bu əməkdaşlıq əlaqələrini daha da genişləndirmək və möhkəmləndirməkdir.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də Mərkəzçi Demokrat İnternasionalının vitse-prezidenti Mario Davidi və qurumun Avrasiya, Asiya-Sakit okean ölkələri üzrə baş koordinatoru Sezar Rossellonu qəbul edib.
AZƏRTAC