Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də Belarus Respublikasının Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zası qəbul edib.
Dövlətimizin başçısı Azərbaycan ilə Belarus arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif istiqamətlərdə – təhlükəsizlik, iqtisadiyyat, energetika, ticarət, hərbi-texniki əməkdaşlıq və digər sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb. Yüksək səviyyəli qarşılıqlı səfərlərin, ölkələrimizin həyata keçirdiyi xeyli sayda birgə layihələrin ikitərəfli münasibətlərimizin möhkəmləndirilməsi baxımından önəmini qeyd edən Prezident İlham Əliyev Azərbaycanın əlaqələrimizin daha da genişləndirilməsində maraqlı olduğunu deyib. Dövlətimizin başçısı, eyni zamanda, Azərbaycan ilə Belarusun beynəlxalq təşkilatlarda da bir-birini dəstəklədiyini vurğulayıb. Təhlükəsizlik sahəsinə toxunan Prezident İlham Əliyev qeyd edib ki, bununla bağlı müzakirə olunası və birgə fəaliyyət göstəriləsi bir çox məsələlər var.
Dövlət katibi Stanislav Zas ikitərəfli münasibətlərimizin bütün sahələrdə uğurla inkişaf etdiyini deyib. O, görülən işlərin nəticəsi olaraq Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsinin 10 faiz artdığını vurğulayıb. Belaruslu qonaq qeyd edib ki, ölkəsində Azərbaycan Prezidentinin səfərini səbirsizliklə gözləyirlər.
AZƏRTAC