Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 26-da NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturayı qəbul edib.
Prezident İlham Əliyev ölkəmizin Əfqanıstanda beynəlxalq sülhməramlı əməliyyatların dəstəklənməsi işinə sadiq olduğunu vurğulayaraq bildirib ki, Azərbaycan təkcə NATO ilə əməkdaşlıq çərçivəsində deyil, eyni zamanda, Əfqanıstanla müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq, o cümlədən iqtisadi və investisiya sahələrində əlaqələr həyata keçirir.
Görüşdə Azərbaycan-NATO əməkdaşlığından məmnunluq ifadə olunub, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Söhbət zamanı Prezident İlham Əliyev Ermənistan tərəfinin danışıqların imitasiyası ilə məşğul olduğunu deyib və bu prosesin dayandırılması üçün əlindən gələni etdiyini bildirib.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 26-da Monteneqro Ali Məhkəməsinin sədri xanım Vesna Medenitsanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC