Sentyabrın 24-də qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinin növbəti qarşılaşmasında “A” qrupunda yer alan Azərbaycan milli komandası ikinci görüşünü keçirib.
Milli Gimnastika Arenasında keçirilən görüşdə Azərbaycan komandası Polşa yığması ilə qarşılaşıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli komandamızın oyununa baxıb.
Voleybolçu qızlarımız ilk setdə polşalı rəqiblərinə böyük üstünlüklə – 25:14 hesabı ilə qalib gəliblər. Azərbaycan milli komandası ikinci setin ortalarında əldə etdiyi üstünlüyü sona qədər qoruyaraq 25:21 hesabı ilə qələbə qazanıb. Gərgin idman mübarizəsi şəraitində keçən üçüncü set də milli komandamızın qələbəsi ilə başa çatıb – 25:23. Beləliklə, Azərbaycan milli komandası Polşa voleybolçularını 3:0 hesabı ilə məğlub edib.
Azərbaycan Prezidenti İlham Əliyev komandamızın qələbəsini alqışlayıb.
Bu qələbədən sonra Azərbaycan komandası xallarının sayını 6-ya çatdıraraq qrupda birinci yerə yüksəlib.
AZƏRTAC