Yaşıllıqlar zəngin oksigen, təmiz hava, ekologiyanın qorunması üçün etibarlı sipər və sağlam ətraf mühit deməkdir. Əkilən hər bir ağac, salınan meyvə bağları, yaşıllıq zolaqları torpağın mühafizəsində və münbitliyinin təmin edilməsində mühüm rol oynayır.
Bu gün muxtar respublikamızda təbiətin mühafizəsinə, yaşıllıq sahələrinin artırılmasına, ekoloji tarazlığın qorunmasına xüsusi diqqət yetirilir. Həyata keçirilən ekoloji siyasətin əsas məqsədi insanların sağlamlığını qorumaqdan və muxtar respublikanın təbiətini zənginləşdirməkdən ibarətdir. Salınan meyvə bağlarına və yaşıllıq zolaqlarına qulluq göstərilməsində iməciliklərin mühüm əhəmiyyəti vardır.
Mayın 18-də muxtar respublikada növbəti iməciliklər keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollektivləri Babək rayonunun Nəzərabad kəndi yaxınlığında salınmış 15 hektarlıq meyvə bağında keçirilən iməcilikdə iştirak etmişlər. Ötən iməciliklər dövründə ərazidə 5 mindən artıq müxtəlif meyvə tingləri əkilmiş, damcı üsulu ilə suvarma sistemi quraşdırılmışdır. İməcilik iştirakçıları ağaclara aqrotexniki qulluq göstərmiş, budama işləri aparmışlar.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iməcilikdə iştirak etmişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti