Muxtar respublikada kənd təsərrüfatının inkişafına, aqrar sektorda məhsul istehsalının artırılmasına xüsusi diqqət yetirilir. Əhalini keyfiyyətli heyvandarlıq məhsulları ilə təmin etmək məqsədilə mövcud mal-qaranın cins tərkibi yaxşılaşdırılır, mütərəqqi təsərrüfatçılıq metodlarından istifadə olunaraq yeni heyvandarlıq təsərrüfatları yaradılır.
Mayın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov heyvandarlıq təsərrüfatına baxmışdır.
Məlumat verilmişdir ki, ümumi sahəsi 300 min kvadratmetr olan təsərrüfat qapalı yem anbarı, avtomatik sağım, açıq havada yemləmə və heyvansaxlama sahələrindən ibarətdir. Burada müasir ferma avadanlıqları, havalandırma və gübrəyığma sistemləri quraşdırılmışdır. Ümumilikdə, təsərrüfatın yaradılmasına 4 milyon 200 min manat vəsait sərf olunmuşdur.
Heyvandarlıq təsərrüfatında hər biri gündəlik 20 litrə yaxın südvermə qabiliyyətinə malik 588 baş holşden-friz, simmental və şvis cinslərindən olan inək saxlanılır. Təsərrüfatın illik süd istehsalı 900 tondur. Yeni texnologiya hər inəkdən sağılan südün həcminin və keyfiyyət göstəricilərinin ayrı-ayrılıqda qeydiyyatının aparılmasına imkan verir. Hazırda təsərrüfatdakı sağmal heyvanların sayı 159 başdır. Onlardan 178 bala alınmışdır.
Baxış zamanı qeyd olunmuşdur ki, heyvandarlıq təsərrüfatında süni mayalanma, eləcə də heyvanların yemlənməsi, bəslənməsi və saxlanması zootexniki qaydalara uyğun həyata keçirilir. Heyvanların bəslənməsində muxtar respublikada fəaliyyət göstərən Qarışıq Qüvvəli Yem İstehsalı Müəssisəsində istehsal olunan məhsullardan istifadə olunur. Həmçinin iribuynuzlu heyvanlar mütəmadi olaraq baytar müayinəsindən keçirilir, yoluxucu xəstəliklərin qarşısının alınması məqsədilə profilaktik tədbirlər görülür.
Heyvandarlıq təsərrüfatının tələbatının ödənilməsi üçün 90 hektarda yonca, 60 hektarda isə qarğıdalı əkilmişdir. Bütün aqrotexniki normalara riayət etməklə aparılan növbəli əkin hesabına təsərrüfatda yüksək məhsuldarlığa nail olunur. Əkin və biçin işlərinin aparılması üçün 5 ədəd traktor və digər kənd təsərrüfatı texnikaları alınmışdır. Bununla yanaşı, ərazidə meyvə bağı salınmış, 20 minə yaxın müxtəlif meyvə tingləri əkilmişdir.
Qeyd olunmuşdur ki, muxtar respublikada bu cür heyvandarlıq təsərrüfatlarının yaradılması ərzaq məhsullarının istehsalını artırmaqla yanaşı, yeni iş yerlərinin açılmasına və əhalinin məşğulluğunun təmin olunmasına da müsbət təsir göstərir. Heyvandarlıq təsərrüfatında 54 nəfər işlə təmin olunmuşdur.
Ali Məclisin Sədri heyvandarlıq təsərrüfatının damazlıq istiqamətində fəaliyyətinin genişləndirilməsi, muxtar respublikaya gətirilən cins mal-qaranın yerli şəraitə uyğunlaşdırıldıqdan sonra satışının həyata keçirilməsi və baytarlıq xidmətinin səviyyəsinin yüksəldilməsi barədə tapşırıqlar vermişdir. Heyvandarlıq təsərrüfatlarının yaradılmasının vacibliyini qeyd edən Ali Məclisin Sədri keyfiyyətli ət və süd məhsulları istehsalının əhəmiyyətini vurğulamış, cins mal-qara saxlanılan fermer təsərrüfatlarının genişləndirilməsinə bundan sonra da lazımi dövlət dəstəyinin göstəriləcəyini bildirmişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti