Mayın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şamaxı rayonuna səfərə gəlmişdir.
Dövlətimizin başçısı əvvəlcə ulu öndər Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.
Azərbaycan Prezidentinə ulu öndərin abidəsinin yerləşdiyi Heydər Əliyev Parkında yaradılan şərait barədə məlumat verildi.
Bildirildi ki, parkda sakinlərin istirahəti üçün hərtərəfli şərait yaradılmış, geniş yaşıllıq zolaqları salınmış, uşaq-əyləncə guşələri qurulmuşdur.
* * *
Mayın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev Fondu tərəfindən Şamaxıda inşa olunmuş Uşaq Yaradıcılıq Mərkəzinin açılışında iştirak etmişdir.
Dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.
Prezident İlham Əliyevə məlumat verildi ki, bu incəsənət ocağı musiqi məktəbi kimi 1959-cu ildən fəaliyyət göstərir. 1995-ci ildə isə həmin məktəbin bazasında Uşaq İncəsənət Məktəbi yaradılmışdır. Məktəb 1984-cü ildən yararsız binada fəaliyyət göstərirdi. On bir şöbədən ibarət müəssisədə 70 müəllim çalışır, 384 şagird musiqi təhsili alır. Bina uzun illər əsaslı təmir olunmadığına görə tam yararsız vəziyyətə düşmüş və sökülmüşdü. Azərbaycan mədəniyyətinin hamisi Heydər Əliyev Fondunun təşəbbüsü ilə həmin ünvanda Şamaxı Uşaq Yaradıcılıq Mərkəzi üçün üçmərtəbəli yeni müasir bina inşa edilmişdir.
Prezident İlham Əliyev Uşaq Yaradıcılıq Mərkəzinin xalq çalğı alətləri orkestrinin ifasında Üzeyir Hacıbəylinin “Koroğlu” operasından üverturanı dinlədi.
Sonda xatirə şəkli çəkdirildi.
AzərTAc