10 Yanvar 2025, Cümə

Hörmətli deputatlar və sessiya iştirakçıları!
2017-ci ilin birinci yarısında mövcud ehtiyatlardan səmərəli istifadə etməklə sosial layihələrin həyata keçirilməsi, insanların rahat yaşayışı və təhlükəsizliyi, iqtisadi və sosial həyatın bütün sahələrində inkişaf meyillərinin qorunub saxlanılması təmin edilib.
Muxtar respublikanın sosial-iqtisadi inkişafını sürətləndirmək, davamlı və tarazlı inkişafa nail olmaq üçün mərkəzi və yerli icra hakimiyyəti orqanlarının qarşısında mühüm vəzifələr durur. İlk növbədə idarəetmənin bütün mərhələlərində nizam-intizam və işə tələbkarlıq artırılmalıdır.
Növbəti altı ayda iqtisadi inkişafın əsas göstəricisi kimi makroiqtisadi sabitliyin möhkəmləndirilməsi diqqət mərkəzində saxlanılmalı, dövlət büdcəsinin proqnoz göstəricilərinin icrası təmin edilməlidir. Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi bütün tədiyə növləri üzrə vergi və rüsumların vaxtında ödənilməsinə nail olmalıdır.
Büdcə gəlirlərinin təmin olunması üçün Maliyyə Nazirliyi nəzarət tədbirlərini gücləndirməli, pul vəsaitlərindən təyinatına uyğun şəkildə istifadəyə nəzarət olunmalıdır.
Muxtar respublikada fəaliyyət göstərən bank və kredit təşkilatları tərəfindən sahibkarlığın inkişafına dəstək davam etdirilməli, verilmiş kreditlərin təyinatı üzrə istifadəsinə və vaxtında qaytarılmasına diqqət artırılmalıdır.

Dayanıqlı inkişafın təmin edilməsi üçün biznes mühiti daha da yaxşılaşdırılmalıdır. Bununla yanaşı yerli istehsalın həcmi artırılmalı, daxili bazar qorunmalı, istehlak qiymətlərinə daim nəzarət olunmalı, süni qiymət artımına yol verilməməlidir.
Müasir dövrdə iqtisadiyyat xarici aləmdən tamamilə təcrid olunmuş şəkildə inkişaf etdirilə bilməz. Xarici iqtisadi-ticarət əlaqələrində idxalın həcminin azaldılması və ixrac imkanlarının genişləndirilməsi çox vacibdir. İqtisadiyyat Nazirliyi mövcud təbii və əmək resurslarından səmərəli istifadəyə əsaslanan istehsal müəssisələrinin yaradılmasına diqqəti artırmalı, sahibkarlıq subyektlərinə hərtərəfli köməklik göstərilməlidir.
İqtisadiyyat Nazirliyi Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə birlikdə xarici bazarlara çıxış imkanına malik məhsul istehsalına diqqəti artırmalıdır. Qarşıdakı dövrdə bu imkanlar bir daha araşdırılmalı, ixracın coğrafiyası genişləndirilməlidir.
Ərzaq təhlükəsizliyinin təmin olunması inkişafın əsas şərtidir. Müstəqilliyin ilk illərində mağazalarda gündəlik tələbat malları tapmaq müşkülə çevrilmişdisə, indi muxtar respublikada əksər ərzaq məhsullarına olan tələbat daxili imkanlar hesabına ödənilir. Bütün bunlara həyata keçirilən davamlı islahatlar və kənd təsərrüfatının kompleks inkişafı nəticəsində nail olunmuşdur. Məhsul istehsalçılarına güzəştli şərtlərlə kreditlərin verilməsi və maliyyə dəstəyinin göstərilməsi, texnika və gübrə təminatı, mütərəqqi əkin və suvarma metodlarının tətbiqi, daxili bazarın qorunması, hazır məhsulun satışı və saxlanılması üçün əlverişli şəraitin yaradılması kəndlinin torpağa bağlılığını xeyli artırmışdır. 61 min 531 hektar sahədə kənd təsərrüfatı əkinləri aparılmışdır ki, bu da əvvəlki illərlə müqayisədə xeyli artıqdır. Lakin muxtar respublikanın relyef quruluşu və torpaq xüsusiyyətləri əkin sahələrini hədsiz genişləndirməyə imkan vermir. Ona görə də Kənd Təsərrüfatı Nazirliyi aidiyyəti orqanlarla birlikdə əkinçilikdə məhsuldarlığın yüksəldilməsinə nail olmalı, mütərəqqi metodlardan istifadəyə üstünlük verilməlidir.
Kənd Təsərrüfatı Nazirliyi, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi, şəhər və rayon icra hakimiyyətləri əkinəyararlı torpaqlardan kənar məqsədlər üçün istifadənin qarşısını ­almalıdır. Torpaqların elektron uçotu və xəritələşdirilməsi işi vaxtında başa ­çatdırılmalıdır.
Məhsuldarlığın yüksəldilməsində keyfiyyətli toxumdan istifadə vacib məsələdir. Cari ilin ötən dövründə məhsul istehsalçılarına dəstək məqsədilə ən müasir avadanlıqlarla təchiz olunmuş “Bərəkət Toxumçuluq Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyəti fəaliyyətə başlamışdır. Kənd Təsərrüfatı Nazirliyi İqtisadiyyat Nazirliyi ilə birlikdə yüksək məhsuldarlığa malik keyfiyyətli toxum növlərinin, xüsusilə yerli genofonda daxil olan növlərin yetişdirilməsi, toplanması və fermerlərə satışının təşkilini diqqətdə saxlamalıdır.
Son illər həyata keçirilən meliorativ tədbirlər, mütərəqqi suvarma sistemlərinin istifadəyə verilməsi yeni torpaqların əkin dövriyyəsinə qatılmasına, su itkisinin və şoranlaşmanın qarşısının alınmasına səbəb olmuşdur. Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsi yerli icra hakimiyyətləri ilə birlikdə suvarma suyunun bölgüsünə və ondan səmərəli istifadəyə nəzarəti bundan sonra da davam etdirməlidir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi əkin üçün yararlı olmayan ərazilərdə yaşıllıq zolaqlarının salınmasına, mövcud yaşıllıqların və bitki örtüyünün qorunmasına diqqəti artırmalıdır.
Dövlət Baytarlıq Xidməti heyvandarlıqda müxtəlif xəstəliklərə qarşı mübarizə tədbirlərini genişləndirməli, “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin mərkəzi və rayon bazalarında yaradılmış kənd təsərrüfatı aptekləri tələbata uyğun dərman preparatları ilə təmin olunmalıdır.
Əsas kapitala investisiya qoyuluşlarının həcminin ildən-ilə çoxalması kəndlə şəhər arasındakı fərqin aradan qalxmasına səbəb olmuş, insanların məskunlaşmasını, rahatlığını təmin etmiş, qəsəbə və kəndlərin inkişafı sürətləndirilmişdir. Cari ildə də bu istiqamətdə işlər davam etdirilir, içməli su layihələri icra olunur, kənd yolları abadlaşdırılır, qəzalı vəziyyətdə olan məktəblər, mədəniyyət və səhiyyə müəssisələri yenidən qurulur. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi inşaat işlərində keyfiyyətə üstünlük verməklə əlavə xərclərin qarşısını almalıdır.
Muxtar respublikada enerji təhlükəsizliyinin təmin olunması elektrik enerjisi və təbii qaz təchizatında fasiləsizliyi təmin edib. Dövlət müəssisə və təşkilatları enerji daşıyıcılarından qənaətlə istifadəni diqqət mərkəzində saxlamalı, bundan sonra da israfçılığın qarşısı alınmalıdır. Dövlət Energetika Xidməti və “Naxçıvanqaz” İstehsalat Birliyi verilən elektrik enerjisi və təbii qazın dayanıqlı olması üçün ­sistemin müasirləşməsi işini davam etdirməlidirlər.
Nəqliyyat Nazirliyi ictimai nəqliyyatda xidmətin keyfiyyətinə və xəttə buraxılan nəqliyyat vasitələrinin texniki cəhətdən saz olmasına nəzarəti artırmalıdır.
Rabitə və Yeni Texnologiyalar Nazirliyi göstərilən xidmətlərin keyfiyyətini yaxşılaşdırmaq məqsədilə mövcud infra­strukturun yenilənməsi, maddi-texniki bazanın gücləndirilməsi istiqamətində tədbirləri davam etdirməlidir.
Muxtar respublikada məşğulluq problemi daim diqqət mərkəzində saxlanılır. İstər dövlət, istərsə də özəl sektorda yeni iş yerləri yaradılır. Lakin əhali sayında müşahidə olunan müsbət dinamika öz növbəsində gələcəkdə yeni iş yerlərinə tələbatı artıracaqdır. Ona görə də vətəndaşlar üçün daha əlverişli olan özünüməşğulluq sisteminə keçməkdir. Artıq ailə əməyinə əsaslanan fərdi təsərrüfatların yaradılması istiqamətində ilk addımlar atılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat və Kənd Təsərrüfatı nazirlikləri yerli icra orqanları ilə birlikdə ailə təsərrüfatlarının formalaşması üçün səylərini artırmalıdırlar.
İqtisadi sahədə əldə olunan gəlirlərin ilk növbədə insan kapitalının formalaşdırılmasına yönəldilməsi qarşıda duran əsas vəzifələrdəndir. Savadlı, müasir dövrün tələblərinə cavab verən kadr potensialının yetişdirilməsi isə elm və təhsil quruculuğu sahəsində aparılan islahatlardan xeyli asılıdır. Bu baxımdan muxtar respublikada təhsilin bütün mərhələləri üzrə infrastrukturun yenilənməsinə, müasir informasiya texnologiyaları və tədris vasitələri ilə təchiz olunmuş məktəb binalarının istifadəyə verilməsinə xüsusi diqqət yetirilir. Təhsil Nazirliyi yaradılan tədris infra­strukturundan səmərəli istifadəyə, tədrisin keyfiyyətinin yüksəldilməsinə diqqəti artırmalı, gələcəyimiz olan gənclərin savadlı, geniş dünyagörüşlü, vətənpərvər və fiziki cəhətdən sağlam yetişdirilməsi əsas vəzifə olmalıdır.
Gənclər və İdman Nazirliyi Təhsil Nazirliyi ilə birlikdə təhsil müəssisələrində olan idman qurğu və obyektlərindən səmərəli istifadəyə nail olmalı, bununla yanaşı olimpiya idman komplekslərindən istifadəyə və onların qorunub saxlanılmasına da diqqəti artırmalıdır. İdman növlərinin inkişaf etdirilməsi, gənclərin idmana cəlbi, asudə vaxtlarının səmərəli təşkili, onların həvəsləndirilməsi sahəsində fəaliyyət gücləndirilməlidir.
Ali və orta ixtisas təhsili müəssisələri müvafiq ixtisaslar üzrə tədris və tədris-metodik ədəbiyyatların hazırlanmasına diqqəti artırmalı, müəllim və tələbə mübadiləsini davam etdirməli, təcrübi dərslərin hami təşkilatlarda keçirilməsinə üstünlük verməlidirlər.
Mədəniyyət və Turizm Nazirliyi kadrların düzgün yerləşdirilməsini nəzarətdə saxlamalı, yay dövründə bədii-kütləvi tədbirlərin keçirilməsi davam etdirilməlidir.
Tibbi xidmətlərin keyfiyyətini yaxşılaşdırmaq məqsədilə Səhiyyə Nazirliyi tibb işçilərinin sertifikasiyasını və onların təcrübələrinin artırılması sahəsində işləri davam etdirməli, tibbi avadanlıqlardan səmərəli istifadəni təmin etməli və səhiyyə maarifi işini gücləndirməlidir.
İnformasiya vermək, maarifləndirmək, bu günümüzün tarixini yaratmaq, milli dəyərlərimizi təbliğ etmək və ictimaiyyəti düzgün istiqamətləndirmək teleradio və qəzetlərin qarşısında duran əsas vəzifələrdir. Muxtar respublikanın kütləvi informasiya vasitələri fəaliyyətlərini bu tələblərə uyğun qurmalı, qəbul olunmuş dövlət proqramlarının icrasını diqqətdə saxlamalı, vətənpərvərlik mövzusunda materialların hazırlanması davam etdirilməlidir. Naxçıvan Muxtar Respublikasının müasir inkişafı, zəngin tarixi-mədəni irsi və turizm potensialı haqqında peşəkar materiallar hazırlanmalıdır.
Davamlı iqtisadi inkişaf, yeni iş yerlərinin açılması, gənclərin səmərəli məşğulluğunun təmin edilməsi muxtar respublikada cinayətkarlığın aşağı səviyyədə olmasını təmin etmişdir. Hüquq mühafizə orqanları yaradılan şəraitdən istifadə edərək maarifləndirmə-profilaktika tədbirlərini düzgün təşkil etməli, nizam-intizamı daim möhkəmləndirməli, ictimai asayişin və sabitliyin qorunması üçün səylə çalışmalıdırlar.
Ordu, birləşmə və hərbi hissələrdə döyüş hazırlığı artırılmalı, birgə fəaliyyət üçün planlar olmalı, günün nizam qaydaları yerli şərait nəzərə alınmaqla vahid formada tənzimlənməlidir.
Hörmətli sessiya iştirakçıları!
Naxçıvan Muxtar Respublikasında 2017-ci ilin ilk yarısının nəticələri həyata keçirilən tədbirlərin düzgün olduğunu bir daha təsdiq edir. 2017-ci ilin birinci yarısının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş məruzəsində ölkə rəhbəri cənab İlham Əliyevin də dediyi kimi, “2017-ci il iqtisadi inkişaf ili olmalıdır... Keçən il iqtisadi, maliyyə sabitləşməsi ili olmuşdur. Bu il isə inkişaf ili olacaq. Əminəm ki, bundan sonrakı illərdə də iqtisadi potensialımız daha da güclənəcəkdir”.
Sağ olun.

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR