Mayın 16-da Naxçıvan şəhərində yeni avtobus parkı istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının nəqliyyat naziri Mirsənani Seyidov demişdir ki, muxtar respublikamızda aparılan quruculuq işlərindən və həyata keçirilən infrastruktur layihələrindən nəqliyyat sahəsinə də pay düşmüş, yeni avtovağzallar tikilərək istifadəyə verilmiş, əhaliyə göstərilən nəqliyyat xidmətinin səviyyəsi yaxşılaşdırılmışdır. Son illər Naxçıvan Şəhər Nəqliyyat İdarəsinin maddi-texniki bazası xeyli möhkəmləndirilmiş, 2 ədəd “Temsa” markalı, 8 ədəd “Liaz”, 37 ədəd “King Long” markalı iritutumlu avtobuslar alınaraq nəqliyyat dövriyyəsinə buraxılmışdır. Həyata keçirilən bu tədbirlər sərnişinlərə xidmətin səviyyəsinin yüksəldilməsinə səbəb olmuşdur. Mirsənani Seyidov yaradılan şəraitə görə muxtar respublika nəqliyyatçıları adından minnətdarlığını bildirmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yeni avtobus parkının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək demişdir: “Bu gün ölkəmizdə sosial sahədə həyata keçirilən tədbirlər çərçivəsində vətəndaşlara göstərilən nəqliyyat xidmətinin səviyyəsinin yüksəldilməsi diqqət mərkəzində saxlanılır, nəqliyyat infrastrukturu tamamilə müasirləşdirilir. Muxtar respublikamızda da bu istiqamətdə ardıcıl tədbirlər görülür, əhaliyə göstərilən nəqliyyat xidmətinin keyfiyyəti yüksəldilir, yeni avtovağzal binaları tikilir, sərnişindaşıma işi müasir tələblər səviyyəsində qurulur. Bununla yanaşı, muxtar respublikada dəmir yolu vasitəsilə daxili sərnişin və yük daşınması həyata keçirilir”.
“Vətəndaşların müxtəlif istiqamətlər üzrə təhlükəsiz daşınması, mənzil başına rahat və vaxtında çatdırılmaları vacib məsələdir”, – deyən Ali Məclisin Sədri bildirmişdir ki, muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələri, nazirlik, komitə və baş idarələr Naxçıvan şəhərində yerləşir. Bu da muxtar respublikamızın paytaxtında sərnişindaşıma xidmətinin müasir səviyyədə qurulmasını zəruri edir. Hazırda Naxçıvan şəhərində 56 avtobus vasitəsilə müxtəlif istiqamətlərdə əhaliyə sərnişindaşıma xidməti göstərilir. Bu sahədə həyata keçirilən tədbirləri daha da təkmilləşdirmək məqsədilə Naxçıvan şəhərində beynəlxalq tələblərə cavab verən avtobus parkı inşa olunmuşdur. Yaradılan şərait marşrut dövriyyəsindəki avtobuslara, eləcə də taksilərə texniki xidmət göstərməyə, Naxçıvan şəhərində sərnişin daşımalarının mərkəzləşdirilmiş qaydada tənzimlənməsinə və sakinlərə göstərilən nəqliyyat xidmətinin keyfiyyətinin artırılmasına imkan verəcəkdir.
Ali Məclisin Sədri demişdir: “Muxtar respublikada daxili sərnişindaşıma xidmətinin səviyyəsinin yüksəldilməsi məqsədilə görülən işlər bütün yaşayış məntəqələrinin marşrut xidməti ilə tam təmin olunmasına imkan vermişdir. Bu gün muxtar respublikada 360-a yaxın avtobusla 158 marşrutda sərnişinlərə ictimai nəqliyyat xidməti göstərilir. Bunların 146-sı muxtar respublika daxili, 12-si isə Naxçıvan-Türkiyə və Naxçıvan-Bakı istiqamətində hərəkət edən marşrutlardır. Eyni zamanda əhaliyə göstərilən taksi xidmətinin keyfiyyətinin yaxşılaşdırılması, sakinlərin bu xidmətdən istifadəsinin təmin olunması da diqqət mərkəzində saxlanılır. Hazırda Naxçıvan Avtomobil Zavodunda istehsal olunan avtomobillər vasitəsilə muxtar respublika sakinlərinə nümunəvi taksi xidməti göstərilir”.
Ali Məclisin Sədri kollektivin bundan sonra daha səylə çalışacağına, Naxçıvan şəhərində sərnişindaşıma xidmətinin yüksək səviyyədə təşkil olunacağına əminliyini bildirmiş, avtobus parkında yaradılan şəraitlə tanış olmuşdur.
Məlumat verilmişdir ki, avtobus parkının ərazisi 2,7 hektardır. Burada Naxçıvan Şəhər Nəqliyyat İdarəsi üçün də yeni bina inşa olunmuşdur. İki mərtəbədən ibarət olan binada 11 iş otağı və 65 yerlik iclas zalı vardır. Binanın foyesinə və dəhlizlərə muxtar respublikamızda istehsal olunmuş keyfiyyətli mərmər döşənmiş, iş otaqlarına mebel dəstləri qoyulmuş, kompyuterlər quraşdırılmışdır.
Avtobus parkının ərazisində ehtiyat hissələrinin satışı mağazası, təmir, rəngsaz və yuma sexləri, yeməkxana, qazanxana, 40 tonluq yanacaq anbarı və yanacaqdoldurma məntəqəsi vardır. Burada avtobuslar üçün parklanma yerləri təşkil edilmiş, 108 yerlik üstüörtülü dayanacaq yaradılmış, avtobus parkı təhlükəsizlik və videonəzarət sistemləri ilə təmin olunmuşdur.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti