Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də Özbəkistan Respublikası Nazirlər Kabineti yanında Dini Məsələlər üzrə Dövlət Komitəsinin sədri Artukbek Yusupovu və Özbəkistan Müsəlmanları İdarəsinin sədri, müfti Usmonxon Alimovu qəbul edib.
Dövlətimizin başçısı Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli münasibətlərin yaxşı perspektivlərə malik olduğunu deyib. Ölkə başçısı dini qurumlar sahəsində də təcrübə mübadiləsi və əməkdaşlıq ilə əlaqədar müzakirə olunan məsələlərin əhəmiyyətini qeyd edib. Prezident İlham Əliyev Azərbaycanda “İslam Həmrəyliyi İli” çərçivəsində bu il Özbəkistanda keçiriləcək İslam həmrəyliyinə həsr edilmiş konfransın böyük əhəmiyyətə malik olduğunu deyib. Dövlətimizin başçısı onu da qeyd edib ki, Azərbaycanda digər mötəbər beynəlxalq tədbirlərlə yanaşı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində də bir çox konfranslar keçirilir.
Özbəkistan və Azərbaycan xalqlarının bir-biri ilə tarixi dostluq telləri ilə bağlı olduğunu deyən Özbəkistan Respublikası Nazirlər Kabineti yanında Dini Məsələlər üzrə Dövlət Komitəsinin sədri Artukbek Yusupov bildirib ki, Azərbaycandakı inkişaf prosesləri və dost Azərbaycan xalqının uğurları ölkəsində maraqla izlənilir.
AZƏRTAC