İyunun 14-də keçirilən iftar mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ümummilli liderimiz Heydər Əliyevin “Dini dəyərlər hər bir cəmiyyətin siyasi, iqtisadi, sosial və mədəni inkişafı üçün möhkəm zəmin yaradan mənəvi keyfiyyətlər formalaşdırır”, fikrini xatırladaraq demişdir: Azərbaycan xalqı əsrlər boyu zəngin dini-mənəvi dəyərlər sistemi yaratmış, bəşər mədəniyyətinə böyük töhfələr vermişdir. Ramazan ayı da milli-mənəvi həmrəyliyin və humanizmin təntənəsini nümayiş etdirən ən ali dini dəyərimizdən biridir. Müqəddəs “Qurani-Kərim”in insanlara çatdırıldığı bu ayın ən böyük fəziləti sülhə, əmin-amanlığa və savab işlərə çağırışdır.
“2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olunmuş Naxçıvanda həmişə olduğu kimi, bu gün də dini-mənəvi dəyərlərimizə hörmətlə yanaşılır. Bugünkü iftar süfrəsi də xoş niyyətin, dini-mənəvi dəyərlərimizə hörmətin və birliyin ifadəsidir”, – deyən Ali Məclisin Sədri müqəddəs Ramazan ayında niyyətlərin və duaların qəbul olunmasını arzulamışdır.
Mərasimdə “Qurani-Kərim”dən ayələr oxunmuş, dualar edilmişdir.
Həmin gün Naxçıvan Muxtar Respublikası Ağciyər və Psixi xəstəliklər dispanserlərində, Naxçıvan Muxtar Respublikası Onkoloji və Yoluxucu Xəstəliklər mərkəzlərində, eləcə də Hərbi hospitalda müalicə alan xəstələr üçün də iftar süfrələri açılmışdır.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti