Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü günüdür. Ümummilli liderimizin ad günü ərəfəsində olduğu kimi, mayın 10-da da sübh tezdən respublika ictimaiyyətinin nümayəndələri, ölkəmizin müxtəlif rayon və şəhərlərindən Bakıya gəlmiş insanlar, Azərbaycan paytaxtının qonaqları axın-axın Fəxri Xiyabana gələrək ulu öndər Heydər Əliyevin məzarı önünə təzə tər güllər qoyur, onun əziz xatirəsini dərin ehtiramla yad edirdilər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva, ailə üzvləri, ulu öndərin doğmaları, yaxınları xalqımızın xilaskar oğlunun doğum günündə onun məzarını ziyarət etmək üçün Fəxri Xiyabana gəldilər.
Prezident İlham Əliyev ümummilli liderimiz Heydər Əliyevin məzarı önünə əklil qoydu, onun ruhu qarşısında baş əydi. Azərbaycan Respublikasının Dövlət himni səsləndi.
* * *
Mayın 10-da Azərbaycan xalqının ümummilli lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə Bakıda, ulu öndərin adını daşıyan sarayın qarşısındakı parkda möhtəşəm Gül bayramı təşkil edilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Gül bayramında olmuşlar.
AzərTAc