Mayın 10-da Naxçıvan şəhərində ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibətilə dahi şəxsiyyətin abidəsinin önünə gül qoyulmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov xalqımızın böyük oğlu, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül qoymuş, ulu öndərin xatirəsini dərin ehtiramla yad etmişdir.
Azərbaycan Respublikasının Dövlət himni səslənmişdir.
Nazirlik, komitə, baş idarə və müəssisələrin rəhbərləri, hərbi hissələrin komandirləri, elm, təhsil müəssisələrinin və ictimaiyyətin nümayəndələri də abidə önünə tər güllər düzmüşlər.
Ümummilli liderimiz Heydər Əliyevin çətin, məsuliyyətli, lakin şərəfli və mənalı ömür yolu, zəngin ictimai-siyasi fəaliyyəti xalqa və dövlətçilik ideallarına sədaqət və məhəbbətin parlaq nümunəsidir. Ulu öndərimiz Azərbaycan dövlətinin, xalqımızın tərəqqi və inkişaf yolunu böyük uzaqgörənliklə müəyyənləşdirmiş, Azərbaycançılığın, milli ruhun və milli ideologiyanın yüksəlişinə təkan vermişdir. Xalqımız qarşısında müstəsna xidmətlərinə görə dahi şəxsiyyət hələ sağlığında hər bir azərbaycanlının qəlbində özünə əbədi abidə ucaltmış, Azərbaycan xalqının ümummilli lideri adını qazanmışdır.
Azərbaycanda 1969-cu il iyul ayının 14-dən başlanan Heydər Əliyev idarəçilik fəlsəfəsinin əsas ideya-siyasi istiqamətini xalqın tarixi yaddaşının bərpası, sürətli inkişaf strategiyasının gerçəkləşməsi kimi mühüm amillər təşkil etmişdir. O, dahiyanə uzaqgörənliklə ölkənin uzunmüddətli, dinamik və hərtərəfli inkişafını təmin edən kompleks proqramın həyata keçirilməsinə nail olmuş, respublikanın böyük şəhərlərindən tutmuş ən ucqar dağlıq rayonlarda da çoxlu sayda zavod, fabrik, istehsal sahələri tikilib istifadəyə verilmiş, yeni iş yerləri açılmış, əhalinin sosial-məişət şəraiti xeyli yaxşılaşmışdır.
Bu inkişaf və tərəqqi salnaməsinin yazıldığı illər ötən əsrin 90-cı illərinin əvvəllərində öz yerini dağıdıcılıq, təsərrüfatsızlıq dövrünə buraxmışdı. Həmin dövrdə cərəyan edən ölkədaxili və regional siyasi proseslər Azərbaycanı uçurumun bir addımlığına gətirib çıxarmış, Ermənistanın əsassız torpaq iddialarına rəvac vermişdi. Belə bir şəraitdə ulu öndərin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı tarixi zərurətə çevrilmişdi. Çünki xalqımız qəti əmin idi ki, ölkəni düşdüyü ağır siyasi böhrandan çıxarmağın, torpaqları itirmək təhlükəsindən xilas etməyin bir yolu var: o da ulu öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışıdır.
Ölkənin parçalanmaq, iqtisadiyyatın isə iflic vəziyyətində olduğu vaxtda bütün məsuliyyəti çiyinlərinə götürən, öz missiyasını xalqa və dövlətə xidmət əsasında quran ümummilli liderimiz Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda ali hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı səhifəsini təşkil edir. Bu tarixdən etibarən 15 iyun siyasi tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuşdur.
Ümummilli lider Azərbaycanın inkişaf istiqamətlərini müəyyənləşdirərək deyirdi: “Biz Azərbaycanda demokratik respublika, vətəndaş cəmiyyəti quraraq, sivilizasiyalararası cəmiyyət uğrunda mübarizə apararaq, ümumi dünyəvi, bəşəri dəyərlərin hamısından istifadə etməliyik. Biz çalışmalıyıq ki, Azərbaycan uzun illərdən sonra, ilk dəfə müstəqilliyini aldıqdan sonra bütün dünyaya öz tarixi nailiyyətlərini, milli ənənələrini nümayiş etdirə bilsin. Güman edirəm ki, Azərbaycan xalqının bu barədə həm tarixi, həm müasir potensialı olduqca böyükdür. Bunların hamısından istifadə olunarsa, Azərbaycan həm tam müstəqil dövlət olacaq, həm də bizim cəmiyyətimiz tam demokratik, hüquqi, ümumbəşəri dəyərlər əsasında qurulan demokratik bir cəmiyyət olacaqdır”. Dahi siyasətçi bu ideyalarını öz əməli işi ilə reallığa çevirərək qısa müddətdə ölkədə baş alıb gedən hərc-mərclik və anarxiyanı aradan qaldırdı, qanunun aliliyi təmin olundu, hüquqi-demokratik prinsiplərə əsaslanan Konstitusiyamız qəbul edildi, müasir idarəçilik sistemi yaradıldı, vətəndaş həmrəyliyi bərpa olundu, iqtisadi tərəqqini şərtləndirən qlobal layihələr reallaşdırıldı. Ötən illər bir daha təsdiq etdi ki, Azərbaycanın nicatı və tərəqqisi məhz Heydər Əliyev ideyalarında, Heydər Əliyev yolundadır. Xalqın bundan kənarda özünü təsdiqi, ölkənin bundan kənarda inkişafı mümkün deyil.
Tədbir iştirakçıları Heydər Əliyev Muzeyinə gələrək Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin həyat yolunu, çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlara baxmışlar.
Muzey ulu öndərin həyat və fəaliyyətinin, siyasi-nəzəri irsinin, Azərbaycançılıq ideologiyasının öyrənilməsi, təbliği və gələcək nəsillərə çatdırılması kimi şərəfli missiyanı yerinə yetirir. Burada nümayiş etdirilən eksponatlar ulu öndərin ictimai-siyasi fəaliyyətini, keçdiyi şərəfli həyat yolunu özündə əks etdirən kitab, qəzet və jurnallardan, 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı və Ali Məclisin Sədri kimi işləyib hazırladığı, qəbul etdiyi tarixi qərar və sərəncamlardan, imzalanmış protokol və müqavilələrdən, məktub və teleqramlardan, istifadə etdiyi xatirə əşyalarından, çəkilmiş portretlərdən, tarixi fotolardan və sənədli filmlərdən ibarətdir. Muzeyin fondunda 4450-yə yaxın eksponat toplanmışdır ki, onların da əksəriyyəti ilk dəfə olaraq məhz burada nümayiş etdirilir. Muzeydə kitabxana da fəaliyyət göstərir.
Ulu öndər Heydər Əliyevin ideyaları Naxçıvanda da yeni inkişaf erasının başlanmasına rəvac vermiş, muxtar respublikamızda bu siyasətin uğurla davam etdirilməsi nəticəsində əsl intibaha nail olunmuşdur. 1995-ci ildən ötən dövr ərzində muxtar respublikada əldə olunan bütün nailiyyətlərdə ümummilli liderimizin işi və əməlləri yaşayır. Zaman etibarilə o qədər də böyük olmayan bu dövrdə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatı dinamik inkişaf etmiş, sosial proqramlar qəbul edilərək icra olunmuş, bir sözlə, ulu öndərin arzuları gerçəkləşdirilərək inkişafın “Naxçıvan modeli” yaradılmışdır.
Həmin gün Naxçıvan Muxtar Respublikasının bütün rayon mərkəzlərində də dahi rəhbər Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibətilə tədbirlər keçirilmiş, Heydər Əliyev Mədəniyyət və İstirahət parklarında konsertlər və xalq gəzintiləri təşkil olunmuşdur.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti