Heydər Əliyev Mərkəzində Heydər Əliyev Muzeyi yaradılmışdır.
Mayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva muzey ilə və mərkəzdə görülmüş bir sıra işlərlə tanış olmuşlar.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva əvvəlcə 1969-cu ildən 2003-cü ilədək ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xidməti istifadəsində olan avtomobillərə baxdılar.
Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov bildirdi ki, xalqımızın ümummilli liderinin xatirəsinin əbədiləşdirildiyi muzey təşkil olunarkən burada Azərbaycan tarixinin və ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərinin əks olunmasına xüsusi diqqət yetirilmişdir. Muzeydə toplanan məlumatlar ziyarətçilərə interaktiv formada çatdırılır. Üç mərtəbədən ibarət muzeydə ümummilli lider Heydər Əliyevin həyat yolu, ulu öndər barədə maraqlı faktlar foto və videomateriallar vasitəsilə təqdim olunur. Muzey forma ilə yanaşı, məzmun orijinallığı ilə də seçilir. Burada materiallar iki paralel kontekstdə verilir. Ümummilli lider Heydər Əliyevin 1923-cü ildən 2003-cü ilədək ömür yolu ilə yanaşı, müxtəlif tarixi dövrlərdə Azərbaycanın ictimai-siyasi həyatında, mədəniyyət, iqtisadiyyat, idman sahələrində baş verən önəmli hadisələr ziyarətçilərə çatdırılır.
Muzeyin “Şəkillərə həkk olunan ömür”, “Azərbaycanın ictimai-siyasi həyatı”, “Dövlətçiliyimiz, irsimiz, nailiyyətlərimiz” bölmələrində ulu öndərin həm sovet hakimiyyəti dövründə, həm də müstəqillik illərində həyata keçirdiyi fəaliyyət konsepsiyasının müxtəlif aspektləri virtual formada təqdim edilir.
AzərTAc