1941-1945-ci illər müharibəsində alman faşizmi üzərində qazanılan tarixi qələbənin 68-ci ildönümü Naxçıvan Muxtar Respublikasında geniş qeyd olunmuşdur.
Mayın 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan şəhərindəki Xatirə Kompleksinə gəlmiş, Böyük Vətən müharibəsi veteranları ilə görüşmüş, onları 1941-1945-ci illər müharibəsində alman faşizmi üzərində qələbənin 68-ci ildönümü münasibətilə təbrik etmişdir.
Ali Məclisin Sədri abidənin önünə tər gül dəstəsi qoymuş, müharibədə həlak olmuş azərbaycanlıların xatirəsini ehtiramla yad etmişdir.
Mərasim iştirakçıları, müharibə veteranları və ictimaiyyətin nümayəndələri də abidə önünə gül dəstələri düzmüşlər.
Sonra Naxçıvan Qarnizonunun hərbi orkestrinin ifasında marşlar səslənmişdir.
1941-1945-ci illər müharibəsində şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi şücaətləri bugünkü gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsidir. Odur ki, ölkəmizdə yaşlı nəslə, müharibə veteranlarına xüsusi diqqət və qayğı göstərilir. Bu diqqət və qayğının əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu öndərimiz Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının rəhbəri olarkən muxtar respublikada bu bayram qeyd olunmuş, ulu öndərin Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra isə 9 May respublikamızda Qələbə Günü kimi rəsmiləşdirilmiş, dövlət bayramları sırasına daxil edilmiş, müharibə veteranlarının sosial müdafiəsi ildən-ilə gücləndirilmişdir. Müharibə iştirakçılarına daim yüksək diqqət və qayğı göstərən ümummilli liderimiz deyirdi: “Veteranlar bizim qızıl fondumuzdur. Onlar hər cür qayğıya və hörmətə layiqdirlər. Azərbaycanın bütün ictimaiyyəti, bütün Azərbaycan xalqı bilməlidir ki, İkinci Dünya müharibəsinin veteranları bizim ən əziz, ən mötəbər insanlarımızdır. Onlara qayğı göstərmək, hörmət etmək, onların bütün problemlərini həll etmək bizim dövlətimizin və hər bir dövlət orqanının, hər bir Azərbaycan vətəndaşının borcudur”.
Bu gün ulu öndərimizin yolunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də 1941-1945-ci illər müharibəsi iştirakçılarına, arxa cəbhə veteranlarına xüsusi diqqət və qayğı göstərir. Dövlət başçısının “1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik yardım verilməsi barədə” 2013-cü il 23 aprel tarixli Sərəncamı bunun parlaq ifadəsidir.
1941-1945-ci illər müharibəsində Azərbaycanın mərd oğul və qızları xalqımızın ən ali keyfiyyətini – fədakarlığını, vətənpərvərliyini, sarsılmaz mərdliyini nümayiş etdirmişdir. Dəhşətli müharibənin başlandığı ilk gündən səfərbərlik elan olunmuş, on minlərlə Azərbaycan oğul və qızı döyüş cəbhəsinə könüllü göndərilmək üçün ərizə vermişdir. Müharibə illərində 700 minə yaxın azərbaycanlı, başqa sözlə, respublika əhalisinin hər 5 nəfərindən biri cəbhəyə yollanmış, onların 450 mini və ya 65 faizi orden və medallarla təltif olunmuş, 130 nəfər isə “Sovet İttifaqı Qəhrəmanı” adına layiq görülmüşdür.
Muxtar respublikamızın əhalisi də alman faşizmi üzərində qələbənin qazanılmasında böyük qəhrəmanlıqlar göstərmişdir. Ön cəbhəyə yola salınan 30 min igid oğul və qızlarımızdan 15 mini müharibədə həlak olmuşdur. 3 həmyerlimiz “Sovet İttifaqı Qəhrəmanı” kimi yüksək ada layiq görülmüş, 1 nəfər “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə, 600 nəfər isə müxtəlif orden və medallarla təltif edilmişdir. Həmin dövrdə Naxçıvan Muxtar Respublikasından qələbə fonduna 12 kiloqram qızıl və gümüş, 66 min ton taxıl, 70 min ton ət və digər ərzaq məhsulları, 160 min dəstdən çox isti paltar, 10 mindən artıq bağlama göndərilmişdir.
Ali Məclisin Sədri veteranlarla xatirə şəkli çəkdirmiş, onları qələbənin 68-ci ildönümü münasibətilə bir daha təbrik etmişdir.
Həmin gün Naxçıvan Muxtar Respublikasının bütün rayon mərkəzlərində faşizm üzərində qələbənin 68-ci ildönümü münasibətilə tədbirlər keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti