Mayın 9-da Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü münasibətilə yubiley tədbiri keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və tədbir iştirakçıları əvvəlcə sarayın foyesində “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev – 90” sərgisinə baxmışlar.
Sərgidə müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinin keçirilməsi və xatirəsinin əbədiləşdirilməsi haqqında qəbul edilən rəsmi sənədlər, ulu öndərin həyat yoluna, çoxşaxəli dövlətçilik fəaliyyətinə həsr olunmuş kitab, jurnal, qəzet və monoqrafiyalar, eləcə də Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin, Naxçıvan Muxtar Respublikası Estetik Tərbiyə və Texniki Yaradıcılıq mərkəzlərinin şagirdlərinin və naxçıvanlı rəssamların ulu öndərə həsr etdikləri rəsm əsərləri, dahi şəxsiyyətin yubileyləri ilə bağlı müxtəlif dövrlərdə buraxılmış poçt markaları, görkəmli dövlət xadiminin həyatına və siyasi fəaliyyətinə həsr olunmuş digər materiallar nümayiş etdirilmişdir.
Sərgi ilə tanışlıqdan sonra keçirilən təntənəli mərasimdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Azərbaycan xalqının dünyaya bəxş etdiyi qüdrətli şəxsiyyət, böyük dövlət xadimi, xilaskar və qurucu lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə tədbir iştirakçılarını və muxtar respublika əhalisini təbrik edərək demişdir: “Xalqların böyüklüyü onların ərazilərinin böyüklüyü-kiçikliyi, yaxud əhali sayı ilə deyil, əsrlər boyu bəşər tarixinə verdikləri böyük şəxsiyyətləri və qüdrətli övladları ilə ölçülür. Böyük Azərbaycan xalqı bütün dövrlərdə olduğu kimi, iyirminci əsrdə də Heydər Əliyev kimi qüdrətli şəxsiyyət yetirmişdir. Bu tarixi gündə müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin parlaq xatirəsini dərin ehtiramla yad edirik”.
Ali Məclisin Sədri demişdir: “Müasir dövrdə müdrik dövlət xadimi Heydər Əliyevin adı müstəqil Azərbaycan dövlətinin rəmzi kimi səslənir. Müstəqil Azərbaycanın simasını müəyyənləşdirmiş bu qüdrətli şəxsiyyət xalqımızın tarixində və taleyində silinməz izlər qoymuşdur. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında” 2013-cü il 21 yanvar tarixli Sərəncamında qeyd olunur ki, “Dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur”.
“Ulu öndər Heydər Əliyevin mənalı ömür yolunu göz önünə gətirsək, bu ömrün yalnız bir məqsədə xidmət etdiyinin şahidi olarıq: bu – Azərbaycandır!”, – deyən Ali Məclisin Sədri ümummilli liderin “Mən balaca bir evdə, zəhmətkeş ailədə, bir yaz günündə dünyaya göz açmışam. Anadan olanda, yəqin ki, beş-on, uzağı otuz-qırx nəfər sevinib. İndi, bəlkə, bir qədər qeyri-təvazökar səsləndi, amma deməliyəm ki, anam məni bütövlükdə Azərbaycanımız üçün dünyaya gətirib. Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım mənim qibləgahımdır. Bütün şüurlu ömrümü onun inkişafına, tərəqqisinə həsr etmişəm. Bundan sonrakı ömrümü də onun işıqlı sabahları uğrunda qurban verməyə hazıram” fikrini xatırladaraq demişdir: “Görkəmli dövlət xadiminin bu sözləri onun həyatının mənasını dəqiq ifadə edir. 1923-cü il mayın 10-da Azərbaycanın qədim Naxçıvan diyarında dünyaya göz açan möhtərəm Heydər Əliyev nəsillərə nümunə olan şərəfli ömür yolu keçmiş, daim xalqımızın rifahı naminə, Azərbaycan naminə çalışmışdır. Ulu öndərimiz Azərbaycanı həyatının mənası hesab edirdi. Bu səbəbdən O, Azərbaycanı müqəddəs yer kimi uca tutur, azərbaycanlı olmağı ilə fəxr edir və deyirdi ki: “Azərbaycan mənim qibləgahımdır”. Yaxud: “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam”. Sonsuz iftixar və qürur hissi ilə səslənən bu fikirlər bir dahi ömrünün manifestidir. O manifestin hansı səhifəsini çevirsəniz, orada Azərbaycan naminə sonsuz fədakarlıqlar görəcəksiniz. Məhz buna görə deyirik ki, iyirminci əsr siyasi tariximizdə ulu öndər Heydər Əliyev qədər həyatını Azərbaycana həsr edən, Azərbaycançılıq uğrunda, dövlətimizin və xalqımızın müstəqilliyi uğrunda bu qədər fədakarlıqlar göstərən və hətta öz canından belə keçməyə hazır olan ikinci bir şəxsiyyət, ikinci bir dövlət xadimi yoxdur”.
Qeyd olunmuşdur ki, dahilərin həyatı xalqa məxsusdur. Ümummilli liderimizin ötən əsrin 40-cı illərində xüsusi xidmət orqanlarında əmək fəaliyyətinə başladığı dövr bu dahi şəxsiyyətin Azərbaycan naminə missiyasının birinci mərhələsi kimi nəzərdən keçirilə bilər. Bu mərhələnin xüsusiyyəti ondan ibarətdir ki, o dövrün cəmiyyəti üçün kifayət qədər qapalı olan bir təşkilatda fəaliyyət göstərməsinə baxmayaraq, möhtərəm Heydər Əliyev imperiya maraqlarına yox, Azərbaycanın milli maraqlarına xidmət göstərmiş, rejimin yaratdığı çətinliklərə baxmayaraq, təhlükəsizlik orqanlarında azərbaycanlı kadrların yetişdirilərək irəli çəkilməsinə nail olmuşdur. Xalqımızın böyük oğlu yaradıcı ziyalıların, milli düşüncəli kadrların incidilməsinin qarşısını almış, xalqın həqiqi maraqlarına cavab verən yaradıcı mühitin formalaşmasına çalışmışdır.
Son dərəcə çətin və riskli olan bu tədbirlər hesabına ötən əsrin 50-60-cı illərində Sovetlər Birliyinin digər respublikalarından fərqli olaraq, Azərbaycanda dissidentliyə yol verilməmişdir. Əksinə, milli düşüncəli ziyalılar müdafiə olunmuş, Azərbaycanın təhlükəsizlik orqanı təkcə şəxsi heyət baxımından yox, həm də peşə fəaliyyətinin mahiyyəti baxımından azərbaycanlaşdırılmışdır. Bu, dövlət təhlükəsizlik orqanının leytenantından bu orqanın generalına və rəhbərinədək şərəfli yol keçmiş möhtərəm Heydər Əliyevin Azərbaycan naminə fəaliyyətinin birinci mərhələsinin ən mühüm yekunlarından biridir. Aydındır ki, bu fəaliyyət respublika həyatının yalnız bir sahəsini əhatə edirdi və bu sahəni yeniləşdirməklə bütövlükdə Azərbaycanı inkişaf etdirmək mümkün deyildi. Azərbaycan o zaman inkişaf edə bilərdi ki, ümumrespublika miqyaslı qlobal dəyişikliklər həyata keçirilsin. Bu dəyişikliklərin əsası 1969-cu il iyulun 14-də qoyuldu. Həmin gün hakimiyyətə gələn 46 yaşlı dövlət təhlükəsizlik orqanı generalı və möhkəm siyasi iradə sahibi olan möhtərəm Heydər Əliyevi çətin sınaqlar gözləyirdi. O, Azərbaycanı böyük bir imperiyanın tərkibində milli varlığını itirməkdən qorumalı, heç bir əsas olmadan tarixi torpaqlarımızın Ermənistana güzəştə gedilməsinin qarşısını almalı, iqtisadiyyatı dirçəltməli, sosial ədalətsizliyi aradan qaldırmalı, bir sözlə, xalqı yaşatmalı idi. Bununla yanaşı, təhsil, mədəniyyət və sosial sahədə də öz həllini gözləyən ciddi problemlər yığılıb qalmışdı. O dövrün Azərbaycanı ittifaq dövlətinin digər respublikalarından fərqli olaraq, əhalisi son dərəcə kasıblıq həddində yaşayan aqrar region idi. Göründüyü kimi, respublikamız ağır günlərini yaşayır, siyasi və iqtisadi həyatda tənəzzül, cəmiyyətdə isə mənəvi aşınma dərinləşirdi. Ulu öndərimizin Azərbaycan naminə fəaliyyətinin bu mərhələsi qeyd olunan problemlərin qısa müddətdə aradan qaldırılmasına, dərin köklərə və qədim mədəniyyətə malik olan xalqın tarixi yaddaşının, üzərində yaşadığı torpağa sahiblik hissinin bərpasına, bununla birlikdə isə Azərbaycanın özünə qayıdışına hesablanmışdı.
Ali Məclisin Sədri demişdir ki, ümummilli liderimizin xilaskarlıq missiyasının bu mərhələsindən danışarkən istər-istəməz qədim Romanın müdrik siyasi xadimi, sağlığında “vətənin atası” adlandırılan Mark Siseronun “Mən ya vətənin rifahı üçün çalışmalı, ya da onunla birlikdə məhv olmalıyam” sözləri yada düşür. Bu fikirlərin səsləndiyi tarixdən iyirmi əsr sonra sağlığında ümummilli lider adlandırılan böyük dövlət xadimi Heydər Əliyev də Vətənin ağır bəlalardan xilasını özünün tarixi missiyası kimi qəbul edərək deyirdi: “Mən ya müstəqil Azərbaycan dövlətini quracağam, ya da bu yolda şəhid olacağam”.
44 il bundan əvvəl ümummilli lider Heydər Əliyev tərəfindən elan olunmuş siyasi-iqtisadi müstəqillik kursu, inkişafın milli intibaha yönəldilmiş modeli Azərbaycana yeni həyat bəxş etdi. Bu həyat özünü nədə göstərirdi? Hər şeydən əvvəl, tarixilik baxımından olduqca qısa bir müddətdə – cəmi 14 il ərzində Azərbaycan ittifaq iqtisadiyyatının xammal və aqrar əlavəsindən müxtəlif sahələrdə hərtərəfli inkişafa qovuşan nəhəng infrastruktur ölkəsinə çevrildi. Bu dövrdə Azərbaycanın gələcək müstəqilliyi üçün atılan addımlar, həyata keçirilən məhsuldar fəaliyyət Heydər Əliyev quruculuq xəttinin fəlsəfəsini təşkil edirdi. Bu da ondan ibarət idi ki, Azərbaycan qısa müddətdə öz tarixi taleyinin sahibi oldu; ölkəmiz başqa müttəfiq respublikaların 50 ilə keçdiyi yolu nəinki 14 ilə qət etdi, hətta bu respublikaları da qabaqlayaraq aqrar-sənaye kompleksinin güclü inkişaf etdiyi lider respublika kimi şöhrət qazandı. Bunlar asanlıqla başa gəlmirdi. Nəhəng işlər görülmüş, 300-ə yaxın istehsalat sahəsi yaradılmış, kimya və neft maşınqayırma sahələri tamamilə yenidən qurulmuş, mərkəzləşmiş vəsait hesabına o dövr üçün tamamilə yeni olan elektronika, radiotexnika, kosmos, aviasiya, hesablama texnikası təmayüllü yeni obyektlər istifadəyə verilmişdi. İyirminci əsrin 70-ci illərinin kiçik Azərbaycanı böyük Sovetlər Birliyinin əsas neft maşınqayırma, üzümçülük bazası, yeganə məişət kondisionerləri istehsalı mərkəzi statusunu qazanmışdı. Respublikamızın ittifaq miqyasında iqtisadi çəkisi əhəmiyyətli dərəcədə artmışdı.
Qeyd olunmuşdur ki, bu dövrdə ərzaq təhlükəsizliyi ilə yanaşı, Azərbaycanın enerji təhlükəsizliyinin də əsası qoyulmuşdu. 11 böyük elektrik stansiyası, o cümlədən Naxçıvan Muxtar Respublikası ərazisində, Araz çayı üzərində 22 meqavat gücündə su elektrik stansiyası tikilərək istifadəyə verilmişdi. Əgər 1969-cu ildə Azərbaycan elektrik enerjisi alan respublika idisə, 1982-ci ildə artıq elektrik enerjisi satan respublikaya çevrilmişdi. O vaxt Azərbaycanda kadr hazırlığının yarıtmaz səviyyəsi iqtisadi sahədə planların həyata keçirilməsinə imkan vermirdi. Qısa müddətdə məktəb işi sahəsində ciddi dəyişikliklər aparıldı. Təhsil şəbəkəsi genişləndirildi. Əgər 1969-cu ildə 765 orta məktəbdə ildə 73 min şagird təhsil alırdısa, 1981-ci ildə 335 min şagirdi əhatə edən 2625 məktəb və günüuzadılmış qrup fəaliyyət göstərirdi. Yüksək inkişaf müstəvisinə çıxan iqtisadiyyatın tələblərinə uyğun olaraq, ali və orta ixtisas təhsili məktəblərinin də strukturunda dəyişiklik aparılmış, milli kadr hazırlığına diqqət artırılmışdı. Ümummilli liderimizin Azərbaycanda hakimiyyətinin birinci dövründə ali məktəblərdə 100-dən artıq ixtisas açılmış, 6 yeni ali məktəb, 12 orta ixtisas məktəbi yaradılmışdı. Bununla yanaşı, Azərbaycandan kənarda təhsilin də əsası qoyulmuşdu. Hər il minə yaxın gənc ölkəmizdən kənarda təhsilə göndərilirdi. 1970-1982-ci illər ərzində Azərbaycanda zəruri ehtiyac duyulan 250 ixtisas üzrə keçmiş SSRİ-nin 270 nüfuzlu ali məktəbində 15 mindən çox kadr hazırlanmışdı.
Ötən əsrin 70-ci illərində baş vermiş proseslərin təhlili göstərir ki, ulu öndərimiz genişmiqyaslı maarifçilik təşəbbüsünü milli ruhun yüksəlişi və millətin tarixi yaddaşının bərpası vəzifələri ilə vəhdət halında götürür, Azərbaycan dilinin tədrisi məsələlərini diqqətdə saxlayırdı. Sovet rejiminin kifayət qədər güclü olduğu bir dövrdə milli dəyərlərin və milli şüurun bərpasına xidmət edən tədbirlərin görülməsi, Azərbaycan dili və Azərbaycan tarixi ilə bağlı tədqiqat işlərinin genişləndirilməsi, akademik nəşrlərin hazırlanması, rus dilinin yeganə rəsmi dil olduğu bir şəraitdə Azərbaycanın 1978-ci il Konstitusiyasına “Azərbaycan SSR-də dövlət dili Azərbaycan dilidir” müddəasının salınması xalqımızın böyük oğlunun misilsiz tarixi xidmətlərindəndir.
Ali Məclisin Sədri bildirmişdir ki, bu dövrün digər nəticələrindən biri də gələcək nəsillər üçün təbii sərvətlərin qorunması ilə yanaşı, tarixi ərazinin də qorunmasıdır. Bu faktdır ki, ümummilli liderimizin hakimiyyəti dövründə Azərbaycan torpaqlarının 1920-ci ildən başlayaraq qeyri-qanuni yolla və hissə-hissə Ermənistana verilməsi praktikasına son qoyulmuş, ermənilərin tarixi Azərbaycan torpağı olan Dağlıq Qarabağa dair iddia təşəbbüslərinin qarşısı alınmış, bir qarış da olsun, Azərbaycan torpağı güzəştə gedilməmişdir. Buna qeyd olunan regionun geniş inkişaf yoluna çıxarılması, yeni iqtisadi xəttin götürülməsi ilə nail olunmuşdu. O zaman elan olunmuş iqtisadi dirçəliş xətti Naxçıvan Muxtar Respublikasının da simasını inanılmaz dərəcədə dəyişmişdi. Muxtar respublika başdan-başa tikinti meydançasına çevrilmişdi. Sənayenin, emal və hasilat sahələrinin şəbəkəsi genişlənmiş, mədəniyyət evləri və muzeylər, məktəblər və xəstəxanalar inşa olunmuş və yeni Naxçıvan yaradılmışdı. İstifadəyə verilən yeni su anbarları hesabına 55 min hektara yaxın torpaq sahəsinin suvarılması mümkün olmuş, suvarılan yeni torpaqlar hesabına əkin dövriyyəsi xeyli genişləndirilmiş, əhalinin güzəranı yaxşılaşmışdı. Mürəkkəb relyefə malik 1804 kilometrlik dağlıq ərazi ilə Naxçıvana təbii qaz xətti çəkilmiş, yeni kommunikasiya xətləri, aeroport istifadəyə verilmişdi.
“Ümummilli liderimizin Azərbaycanda hakimiyyətinin birinci dövründə həyata keçirilən tədbirlərin arxasında son dərəcə ciddi məqsəd dayanırdı. Bu məqsəd, şübhəsiz ki, gələcəkdə müstəqil yaşaması üçün Azərbaycanın güclü iqtisadi və kadr potensialına malik olmasından ibarət idi”, – deyən Ali Məclisin Sədri bildirmişdir ki, 70-ci illərin əvvəllərində Azərbaycanda 14 milyon ton neft istehsal edilirdi. Sonrakı illərdə bu göstəricinin məqsədli şəkildə 9 milyon tona endirilməsinə baxmayaraq, Bakıda 30 milyon ton neft emalı gücünə malik olan sənaye kompleksi yaradılmışdı. Yaxud başqa bir faktı götürək. O vaxt hərbi quruculuq sahəsində ittifaq dövlətinin bütün tədbirləri Azərbaycandan kənarda planlaşdırılırdı. Buna baxmayaraq, ümummilli lider azərbaycanlı gənclərin Bakıdakı ali hərbi məktəblərə qəbul planının artırılmasına, hər il 800-900 azərbaycanlı gəncin keçmiş Sovetlər Birliyinin 54 ən qabaqcıl ali hərbi məktəblərində və hərbi akademiyalarında təhsilə göndərilməsinə, Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin yaradılmasına nail olmuşdu. Bunlarla yanaşı, SSRİ müdafiə sənayesinə daxil olan, müasir texnologiyaya əsaslanan on bir zavodun Bakıda tikilməsi də müstəqillik arzusunun reallaşmasına xidmət edən vacib faktorlardan idi.
Bütün bunlardan çıxarılan nəticə nədən ibarətdir? Ondan ibarətdir ki, SSRİ kimi böyük dövlətin ərazisinin və əhalisinin cəmi 3 faizini təşkil edən kiçik Azərbaycanda uzaq perspektivə hesablanmış taleyüklü işlər görülür, respublikanın maddi sərvətləri, karbohidrogen ehtiyatları gələcək nəsillər, müstəqillik dövrü üçün qorunub saxlanır, bununla yanaşı, ittifaq büdcəsindən mərkəzləşmiş maliyyə və maddi resursların artan həcmdə Azərbaycanın inkişafına yönəldilməsi təmin edilirdi. O dövrün politoloq və tarixçiləri öz təhlillərində göstərirdilər ki, SSRİ-də cəmi 2 respublika müstəqil olaraq yaşayıb fəaliyyət göstərə bilər. Onlardan biri Azərbaycan idi. 1969-cu ildə özünü heç nə ilə təmin edə bilməyən Azərbaycan 1982-ci ildə ittifaq dövlətinin dotasiyası olmadan yaşaya bilən, iqtisadi müstəqilliyə tam hazır olan respublika səviyyəsinə gəlib çatmışdı. Bu amil ümummilli liderimizin Azərbaycanda rəhbərliyinin birinci dövrünün ən mühüm siyasi yekunu və milli liderin, əsl rəhbərin qısa zaman kəsiyində mümkün olmayanı mümkün etmək bacarığının əyani ifadəsidir. Ötən əsrin 70-80-ci illərində ümummilli liderimizin Azərbaycan naminə həyata keçirdiyi müdrik siyasətə diqqəti çəkən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “SSRİ dönəmində Azərbaycanın iqtisadiyyatının, elm və mədəniyyətinin inkişafına, milli kadrların yetişdirilməsinə böyük səylər qoyan Heydər Əliyev nə vaxtsa ölkəmizin müstəqil olacağına inanırdı. Təbii ki, o zamanlar bütün bu işlər görülməsəydi, müstəqil dövlət quruculuğu vəzifəsinin həyata keçirilməsi çox ciddi çətinliklərlə qarşılaşardı”.
Ali Məclisin Sədri demişdir: “1982-ci ilin sonlarında möhtərəm Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini seçildi. Bu təyinat ümummilli liderimizin misilsiz dövlət idarəçiliyi bacarığı ilə bağlı idi. 1982-1987-ci illərdə qüdrətli dövlətin rəhbərlərindən biri kimi gərgin rejimdə fəaliyyət göstərməsinə baxmayaraq, görkəmli dövlət xadiminin gündəlik iş qrafikində ən vacib məsələlər sırasında Azərbaycan və onunla bağlı problemlərin həlli dayanırdı. Sovetlər Birliyində hamı Heydər Əliyev-Azərbaycan faktoru ilə hesablaşır, heç kim Azərbaycanın inkişafının qarşısını almağa, əsassız torpaq iddiası irəli sürməyə cəsarət etmirdi. Qərəzli təzyiqlər nəticəsində 1987-ci il oktyabrın 21-də ulu öndərimiz siyasi hakimiyyətdən uzaqlaşdırıldı. Bundan 15 gün sonra Dağlıq Qarabağın Azərbaycandan ayrılması məsələsi gündəliyə çıxarıldı. O dövrdə siyasi hakimiyyətdən istefasının səbəblərindən danışan ulu öndərimiz demişdir: “Mən SSRİ respublikalarının nə vaxtsa müstəqillik əldə edəcəklərini düşünürdüm. O illərdə Azərbaycanın da müstəqil dövlət olmasını arzu edirdim. Məni istefaya getməyə məcbur edənlərin əsas məqsədi Azərbaycanın müstəqillik qazanmasının qarşısını almaq idi”.
Xalqımızın böyük oğlu, şübhəsiz ki, atdığı addımların onun şəxsi həyatı üçün son dərəcə təhlükəli olacağını görürdü. Lakin Azərbaycanın xilası və inkişafı naminə tutduğu yoldan dönməyəcəyini bəyan edərək “Xalq mənə ümid bəsləyir. Mən bu ümidi doğrultmaq üçün ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” deyirdi. Ulu öndərimiz Azərbaycan naminə mübarizənin açıq cəbhəsində dayanmış, bu yolda “üç şeyə – Yaradanıma, zəhmətimə, bir də xalqıma arxalanıram”, – deyərək həqiqi liderin xalqın ağır günündə göstərməli olduğu şücaət və qətiyyətin canlı nümunəsini yaratmışdı. Tarixdə müdriklik barədə filosofların müxtəlif fikirləri var. Ümummilli liderimiz “müdriklik” anlayışına belə izahat vermişdir: “Müdriklik təkcə elmi bilik və ya təhsillə bağlı deyil. Müdriklik insanın fitri istedadıdır. Müdriklik insanın həyatı dərk etməsi, gedən proseslərə düzgün qiymət verə bilməsi və ondan faydalı nəticələr götürə bilməsidir. Müdriklik insanın kökündə, əməlindədir”.
“Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev təkcə müdrik şəxsiyyət deyildi. O həm də müdrik dövlət xadimi idi. Müdrik dövlət xadiminin üstün keyfiyyəti ondadır ki, hər bir zərurətdən xalqı üçün faydalı nəticələr götürməyi bacarsın, hətta şəraitin ən təhlükəli gedişini belə, xalqın və dövlətin xeyrinə dəyişdirə bilsin”, – deyən Ali Məclisin Sədri bildirmişdir ki, ümummilli liderimizə, onunla birlikdə isə Azərbaycana qarşı siyasi təzyiqlərin açıq müstəviyə keçdiyi 1987-ci ildən sonrakı dövr şəxsiyyətin dönməzliyi və qətiyyəti sayəsində təhlükəli vəziyyətin xalqın xeyrinə necə dəyişdirilməsinin fakt və arqumentləri ilə zəngindir. Bu dövr nəyi göstərdi? Birinci növbədə onu göstərdi ki, möhtərəm Heydər Əliyev hakimiyyətdə olmadığı dövrlərdə belə, Azərbaycan naminə çalışmış, Azərbaycanın müstəqilliyini öz şəxsi həyatından üstün tutmuş, 1990-cı il yanvarın 20-də xalqın müstəqillik arzusunu boğmaq üçün Bakıda törədilmiş qanlı faciəni bütün dünyaya bildirərək onu törədən dövlət rəhbərlərini kəskin ittiham etmişdir. Sovetlər Birliyinin o dövrkü siyasi praktikasında belə hadisə görünməmişdi. Müxtəlif dövrlərdə başqa müttəfiq respublikalarda da üstü məharətlə ört-basdır edilmiş siyasi qırğınlara yol verilmiş, lakin heç vaxt dövlətin ən yuxarı pillələrində təmsil olunmuş siyasi rəhbərlər tərəfindən mövcud hakimiyyətə qarşı bu cür kəskin ittihamlar səsləndirilməmişdi. Xalqın mənafeyi naminə öz həyatını riskə ataraq mərkəzi hakimiyyətə qarşı kəskin mövqedə dayanmaq üçün yalnız və yalnız Heydər Əliyev olmaq lazım idi!
Qeyd olunmuşdur ki, ümummilli liderin siyasi hakimiyyətdən istefa verdiyi 1987-ci ildən sonrakı dövr digər tərəfdən onu da göstərdi ki, Azərbaycanın nicatı Heydər Əliyev yolundadır. Ötən əsrin 90-cı illərinin əvvəllərində dövlətin və xalqın Heydər Əliyev yolundan döndərilməsi Azərbaycanı bu gün də özünü göstərən ağır bəlalara saldı. Digər tərəfdən bu dövr böyük bir ibrət dərsidir. O da bundan ibarətdir ki, Azərbaycanın müstəqil dövlətçiliyi və tərəqqisi Heydər Əliyev yolunda, Heydər Əliyev ideyalarındadır. Azərbaycanın bundan kənarda inkişafı olmayıb və bundan sonra da olmayacaqdır.
Ali Məclisin Sədri alman filosofu Hegelin “sürətlə iflasa yaxınlaşan xalqların taleyi yalnız dahilər tərəfindən xilas oluna bilər” fikrini xatırladaraq demişdir: “Azərbaycanın xilası ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu dahi şəxsiyyətin Azərbaycan naminə fəaliyyətinin 1990-cı ildən sonrakı mərhələsi şərəfli xilaskarlıq və quruculuq missiyası ilə zəngindir. Bu missiyanın öz başlanğıcını götürdüyü yer isə Azərbaycanın Naxçıvan Muxtar Respublikasıdır. Xalqımızın böyük oğlunun 1990-cı il iyul ayının 22-də Moskvadan Naxçıvana qayıdışı Azərbaycanın qurtuluş tarixinin parlaq səhifəsini təşkil etmişdir. Bu böyük şəxsiyyətin Azərbaycan və Naxçıvan parlamentlərinin deputatı, sonralar isə Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi fəaliyyət göstərməsi Naxçıvandan başlanan müstəqillik yolunun bütün Azərbaycan siyasi mühitində aparıcı qüvvəyə çevrilməsi və milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılması ilə nəticələnmişdir.
Bu dövrdə müstəqilliyin bərpası istiqamətində görülən tədbirlər təkcə siyasi müstəvidə getmirdi. Yeni iqtisadi təfəkkürə söykənən, bazar iqtisadiyyatı tələblərinə uyğunlaşdırılan iqtisadi model də formalaşdırılmış, aqrar islahatların həyata keçirilməsi barədə tarixi qərarlar qəbul edilmiş, blokadanın vurduğu ziyanın aradan qaldırılması üçün tədbirlər görülmüşdü. Qonşu Türkiyə və İranla iqtisadi, mədəni, humanitar əlaqələr yaradılmışdı. Bu dövrün Naxçıvanı yenidən 1969-cu ildən başlanan Heydər Əliyev quruculuq xəttinə, inkişafın Heydər Əliyev yoluna qayıdan ilk region olmaqla Azərbaycanda böyük nümunə gücünə malik idi. Ümummilli liderimizin siyasi fəaliyyətinin Naxçıvan dövründə Azərbaycanın müstəqilliyi naminə atılan addımları yüksək dəyərləndirən ölkə Prezidenti cənab İlham Əliyev demişdir: “O illərdə ancaq ulu öndər Heydər Əliyevin əzmkarlığı, qətiyyəti və siyasi bacarığı Naxçıvanı böyük bəlalardan qorudu... Ölkəmizin müstəqilliyinin bünövrəsi də məhz o illərdə qoyulmuşdu. 1990-cı ildə Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Ali Sovetinin sessiyasında qəbul edilmiş tarixi qərarlar Azərbaycanın dövlət müstəqilliyini şərtləndirdi. Beləliklə, ulu öndər Heydər Əliyev bütün dövrlərdə, çalışdığı bütün vəzifələrdə, ictimai-siyasi quruluşlardan asılı olmayaraq, həmişə Azərbaycan xalqını müdafiə edirdi. Doğma Azərbaycanın inkişafına səy göstərirdi. Bunun nəticəsində bu gün Azərbaycan və onun ayrılmaz hissəsi olan Naxçıvan çox sürətlə inkişaf edir”.
Ali Məclisin Sədri demişdir: “Millətlərin gücü və yenilməzliyi onların liderlərindən asılıdır. Lideri olmayan ölkə, xalq müstəqillik əldə edə və yaxud əldə olunmuş müstəqilliyi qoruyub saxlaya bilməz. Azərbaycanın müasir tarixi dəfələrlə sübut etmişdir ki, xalqın gücü ümummilli lider Heydər Əliyevdə olduğu kimi, ümummilli lider Heydər Əliyevin də gücü Azərbaycan xalqındadır. Xalqın təkidli tələbi ilə 1993-cü il iyunun 15-də ulu öndərimizin ikinci dəfə ali hakimiyyətə qayıdışı Azərbaycanı dağılmaq, bir dövlət kimi siyasi xəritədən silinmək təhlükəsindən xilas etdi. 15 iyun ən yeni tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Böyük öndərimiz Azərbaycan naminə yaşadığı həyatın, mənalı ömür yolunun siyasi mübarizələrlə dolu olan anlarını göz önünə gətirərək deyirdi: “İndi... bütün həyatımı təhlil edərək görürəm ki, hər halda bir başlıca hadisə də var. O da bundan ibarətdir ki, mən Azərbaycanın müstəqilliyini təmin edə bilmişəm. Onu daxili çəkişmələr alovunda, dağıntılar və qan içində məhv olmağa qoymamışam”.
Ali Məclisin Sədri qeyd etmişdir ki, ümummilli liderimizin siyasi təcrübəsi, uzaqgörənliyi və sarsılmaz iradəsi sayəsində Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən və separatçılıq meyillərindən xilas olmuş, dövlət çevrilişi cəhdlərinin və terror aktlarının qarşısı alınmış, milli ordu quruculuğunda əməli addımlar atılmış, əldə olunmuş sabitlik nəticəsində iqtisadi inkişafın əsası qoyulmuşdur. Bu gün ölkəmizin və muxtar respublikamızın sosial-iqtisadi, elmi və mədəni həyatında gedən proseslərin kökündə fəal yaradıcı gücə malik olan Heydər Əliyev milli dövlətçilik konsepsiyası, inkişafın Heydər Əliyev modeli dayanır. Gecəli-gündüzlü fədakar əməyi ilə müstəqil Azərbaycan dövlətini yaradan, Azərbaycanı öz həyatının mənası bilən ulu öndərimizin xalqımız qarşısında xidmətləri unudulmazdır. Özündən sonra qüdrətli Azərbaycan adlı möhtəşəm abidə qoyub gedən ümummilli liderimizin adı, siyasi və dövlətçilik fəaliyyəti müstəqil Azərbaycanla birgə yaşayır və yaşayacaqdır!
Xalqımızın müdrik rəhbərinin “Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır. Əgər mən buna nail ola bilsəm, ən xoşbəxt insan kimi həyatımı başa çatdıracağam” fikrini tədbir iştirakçılarının diqqətinə çatdıran Ali Məclisin Sədri bildirmişdir ki, ulu öndərimiz güclü, müstəqil Azərbaycan dövləti yaratmaqla yanaşı, onu özündən sonra inamla idarə edə biləcək lideri, rəhbəri də yetişdirmişdir. 2003-cü ilin oktyabrında ümummilli liderimizin “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”, – deyə özünün layiqli davamçısı kimi təqdim etdiyi hörmətli İlham Əliyev ötən 10 ilə yaxın müddətdə Heydər Əliyev strategiyasını uğurla davam etdirmiş, bu strategiyanı yeni dövrün ruhuna uyğun olaraq zənginləşdirmişdir.
Ali Məclisin Sədri demişdir ki, 40 il bundan əvvəl ümummilli liderimizin keçmiş Sovetlər Birliyinin geridə qalmış aqrar xammal əlavəsindən ittifaq dövlətinin inkişaf etmiş respublikaları sırasına çıxartdığı Azərbaycan bu gün regionun lider dövlətidir. Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur. Bu siyasət yaşayacaq, özü ilə birlikdə Azərbaycan xalqını da yaşadacaqdır. Bu gün heç kimin şübhə etmədiyi reallıq bundan ibarətdir ki, dahi Heydər Əliyev faktoru təkcə iyirminci əsr Azərbaycanının deyil, iyirmi birinci əsr Azərbaycanının da gerçək simasını və inkişaf perspektivlərini müəyyənləşdirir. Bu böyük şəxsiyyətin Azərbaycan naminə gördüyü işlər ölkəmizin milli sərhədlərini aşaraq bütövlükdə regionun və dünya sivilizasiyasının da tərəqqisinə xidmət edir. Təsadüfi deyil ki, məşhur dövlət və ictimai xadimlər ulu öndərimizi iyirminci əsr dünya siyasi fikir tarixinin canlı əfsanəsi və siyasət patriarxı adlandırırdılar. Xalqımızın böyük oğlu dünyanın ən nüfuzlu mükafatlarına, fəxri ad və titullarına layiq görülmüşdür. Onun öz sağlığında layiq görüldüyü ən yüksək mükafat isə Azərbaycan xalqının ümummilli lideri adını qazanmasıdır.
Ali Məclisin Sədri tədbir iştirakçılarını bir daha şanlı yubiley münasibətilə təbrik etmiş, “Heydər Əliyev ili”ndə hər kəsə doğma Azərbaycanımızı ulu öndərimiz kimi sevməyi, Azərbaycan naminə ulu öndərimiz kimi fəaliyyət göstərməyi arzulamış və çıxışını Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Bu gün inkişaf edən, güclənən Azərbaycan Heydər Əliyevin xatirəsinə olan hörmətimizin ən gözəl nümunəsidir. Biz bu yolla gedəcəyik. Heydər Əliyev siyasəti Azərbaycanda yaşayacaqdır. Biz bu yoldan dönməyəcək, Heydər Əliyev siyasətinə daim sadiq qalacağıq” fikirləri ilə tamamlamışdır.
Sonra Ali Məclisin Sədri muxtar respublikanın sosial-iqtisadi və mədəni inkişafında əməyinə görə bir qrup şəxsə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə buraxılan “Xatirə” qızıl medalını təqdim etmişdir.
Yubiley tədbirində Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestri, xor kollektivi, Mahnı və Rəqs Ansamblı maraqlı konsert proqramı ilə çıxış etmişlər.
Konsertdən sonra səhnə arxasına keçən Ali Məclisin Sədri uğurlu çıxışlarına görə ifaçıları və musiqi kollektivlərini təbrik edərək demişdir: “Hər bir ölkənin inkişafını şərtləndirən əsas amillərdən biri də onun mədəniyyətidir. Mədəniyyətin inkişafı olmadan ölkənin inkişafını təmin etmək mümkün deyil. Bugünkü konsert proqramı da bir daha göstərdi ki, ulu öndərimiz tərəfindən müəyyənləşdirilən siyasi xəttin uğurla davam etdirilməsi çoxəsrlik tarixə malik olan mədəniyyətimizi hərtərəfli inkişaf yoluna çıxarmışdır. Bu konsert proqramı, uğurlu ifalar da ümummilli liderimiz Heydər Əliyevin şəxsiyyətinə olan ehtiramın daha bir ifadəsidir”.
Ali Məclisin Sədri ifaçıları və musiqi kollektivlərini ümummilli liderimiz Heydər Əliyevin 90 illik yubileyi münasibətilə bir daha təbrik etmiş, onlara yaradıcılıq uğurları arzulamışdır.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti