05 Yanvar 2025, Bazar

Ulu öndərimiz tərəfindən əsası qoyulan dövlət uşaq siyasəti bu gün Naxçıvan Muxtar Respublikasında uğurla davam etdirilir. Uşaqların yüksək sosial-mənəvi mühitdə böyüməsi, onların təlim-tərbiyəsinin, təhsilinin müasir səviyyədə təşkil olunması istiqamətində müvafiq tədbirlər görülür, məktəbəqədər tərbiyə müəssisələri üçün yeni binalar tikilərək istifadəyə verilir.
Mayın 7-də Ordubad şəhər uşaq bağçasının yeni binası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış mərasimində iştirak etmişdir.
Tədbirdə çıxış edən Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov demişdir ki, muxtar respublikamızın sürətli sosial-iqtisadi inkişafı, aparılan quruculuq işləri Ordubad rayonunu da əhatə etmişdir. Son illər rayonda 19 məktəb binası, 17 səhiyyə müəssisəsi, 24 mədəniyyət obyekti, 31 inzibati bina inşa edilmiş, yeni yollar çəkilmiş, bütün sahələrdə irəliləyiş əldə edilmişdir. Rayonda məktəbəqədər tərbiyə müəssisələrinin fəaliyyətinin günün tələbləri səviyyəsində qurulması da diqqət mərkəzində saxlanılır. Bu gün istifadəyə verilən uşaq bağçasının binası da ən müasir tələblərə cavab verir. Bütün bunlar muxtar respublikada uğurla həyata keçirilən dövlət uşaq siyasətinin daha bir göstəricisidir. Elşad Məmmədov yaradılan şəraitə və göstərilən qayğıya görə rayon sakinləri adından minnətdarlığını bildirmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbir iştirakçılarını salamlamış, Ordubad şəhər uşaq bağçasının istifadəyə verilməsi münasibətilə kollektivi və sakinləri təbrik edərək demişdir: “Ölkəmizin sürətli inkişafı, sosial sahədə əldə olunan nailiyyətlər ümummilli lider Heydər Əliyevin siyasi kursunun uğurla davam etdirilməsinin nəticəsidir. Dahi şəxsiyyət istər Sovetlər Birliyi dövründə, istərsə də müstəqillik illərində uşaqların hərtərəfli inkişafına, onların vətənpərvərlik ruhunda tərbiyəsinə xüsusi diqqət yetirmişdir. Bu gün ulu öndərin siyasi xəttinin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizin iqtisadi inkişafı təmin olunmuş, yeni məktəb binalarının, uşaq bağçalarının tikilib istifadəyə verilməsi geniş vüsət almışdır.Yaradılan şərait uşaqların ilkin biliklərə dərindən yiyələnməsinə, onların təlim-tərbiyəsinin günün tələbləri səviyyəsində qurulmasına imkan verir”.

Ali Məclisin Sədri ümummilli lider Heydər Əliyevin “Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır” fikrini xatırladaraq demişdir: “Ulu öndərin müəyyənləşdirdiyi dövlət uşaq siyasəti muxtar respublikada uğurla həyata keçirilir, uşaq bağçalarının tikintisinə xüsusi diqqət yetirilir. Son illər muxtar respublikada 16 uşaq bağçası üçün yeni bina tikilərək istifadəyə verilmişdir. Hazır­da 3 uşaq bağçasında tikinti işləri davam etdirilir. Uzun müddət uyğunlaşdırılmış binada fəaliyyət göstərən Ordubad şəhər uşaq bağçasının lazımi şəraiti olmamışdır. Bu gün istifadəyə verilən yeni binada uşaqların hərtərəfli böyüməsi, onların təlim-tərbiyəsinin günün tələbləri səviyyəsində qurulması və sağlamlıqlarının qorunması məqsədilə lazımi şərait yaradılmışdır”. Qeyd olunmuşdur ki, uşaq bağçaları üçün yeni binaların tikilərək istifadəyə verilməsi, onların maddi-texniki bazasının gücləndirilməsi həm də yeni iş yerlərinin yaradılması baxımından mühüm əhəmiyyət kəsb edir. Ordubad şəhər uşaq bağçasında qrupların sayının artırılması da yeni iş yerlərinin açılmasına səbəb olmuşdur.
“Gənclərin vətənpərvərlik ruhunda böyüdülməsi uşaqların ilkin bilik və təlim-tərbiyəsinin düzgün təşkilindən asılıdır”, – deyən Ali Məclisin Sədri Ordubad şəhər uşaq bağçasının ulu öndərin 90 illik yubileyi ərəfəsində istifadəyə verilməsini dahi şəxsiyyətin quruculuq xəttinin uğurla davam etdirilməsinin bəhrəsi olduğunu qeyd etmiş, bu münasibətlə kollektivi təbrik etmiş, onlara işlərində uğurlar arzulamışdır.
Açılışı bildirən lent kəsildikdən sonra binaya baxış olmuşdur.
Məlumat verilmişdir ki, 4 mərtəbədən ibarət olan binada tikinti işləri yüksək keyfiyyətlə aparılmış, müxtəlif yaş qrupunda olan uşaqların məktəbəqədər tərbiyəsinin günün tələbləri səviyyəsində qurulması üçün lazımi şərait yaradılmışdır. Binada yataq və oyun otaqları, tədbirlər zalı, tibb məntəqəsi, soyunub-geyinmə otağı, ərzaq anbarı, mətbəx, yeməkxana, camaşırxana, dərzi otağı və fərdi qazanxana vardır.
242 yerlik bağçada 11 qrup fəaliyyət göstərir. Uşaqların təlim-tərbiyəsi ilə 21 tərbiyəçi-müəllim məşğul olur. Müəllim və tərbiyəçilər uşaqların tərbiyəsinə, sağlamlığına və qidalanmasına ciddi diqqət yetirirlər.
Baxış zamanı qeyd olunmuşdur ki, uşaq bağçasında müxtəlif yaş qruplarından olan uşaqlarla metodik işin aparılması, pedaqoji elmlər sahəsində olan nailiyyətlərdən, yeniliklərdən və qabaqcıl iş təcrübələrindən istifadə edilməsi vacib şərtdir. Bununla yanaşı, tərbiyəçilərin pedaqoji iş qabiliyyətinin yüksəldilməsi, əyani vasitələrdən və yeni interaktiv təlim metodlarından istifadəyə xüsusi əhəmiyyət verilməsi, eləcə də uşaqların sağlamlığı və qidalanması daim nəzarətdə saxlanılmalıdır.
Pianino və mebel avadanlıqları ilə təchiz olunmuş tədbirlər və şənliklər zalında uşaqların ifasında ədəbi-bədii kompozisiya təqdim edilmişdir. Uşaqlar Vətənimizə, ulu öndər Heydər Əliyevə həsr olunmuş şeirlər söyləmiş, rəqs etmişlər.
Ali Məclisin Sədri uşaqlarla şəkil çəkdirmişdir.
Binanın həyətində də geniş abadlıq işləri aparılmış, müasir uşaq-əyləncə meydançası yaradılmışdır.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR