Ulu öndər Heydər Əliyevin siyasi xətti müstəqil Azərbaycanın sosial-iqtisadi inkişafının əsas hərəkətverici qüvvəsidir. Bu xətt ölkəmizə tərəqqi, xalqımıza firavanlıq və yüksək rifah bəxş etmişdir. Ümummilli liderimizin əsasını qoyduğu sürətli sosial-iqtisadi inkişaf xətti bu gün muxtar respublikamızda da uğurla davam etdirilir. Hər il ulu öndər Heydər Əliyevin doğum günü ərəfəsində muxtar respublikamızda dahi şəxsiyyətin siyasi xəttinin bəhrəsi olan yeni inzibati binalar, istehsal sahələri və sosial obyektlər istifadəyə verilir.
Mayın 7-də – ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində Culfa və Ordubad rayonlarında yeni sosial obyektlərin açılışı olmuşdur.
Camaldın kəndində qədim su dəyirmanı istifadəyə verilmişdir
Mədəniyyətimizin və tariximizin bir parçasını özündə yaşadan su dəyirmanlarının təmir-bərpası muxtar respublikada diqqət mərkəzində saxlanılır.
Mayın 7-də Culfa rayonunun Camaldın kəndindəki su dəyirmanı əsaslı yenidənqurmadan sonra istifadəyə verilmişdir.
Açılış mərasimində çıxış edən kənd ziyalısı Kazım Hüseynov qədim su dəyirmanının yenidən istifadəyə verilməsi və kənddə həyata keçirilən abadlıq işlərinə görə kənd sakinləri adından minnətdarlığını bildirmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov kənd sakinlərini salamlamış, su dəyirmanının əsaslı bərpa və yenidənqurmadan sonra istifadəyə verilməsi münasibətilə onları təbrik edərək demişdir: “Bu gün müstəqil ölkəmizdə bütün sahələrin inkişafı ilə yanaşı, tarixi-mədəni irsimizin qorunması istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir. Çünki hər bir tarixi-mədəni abidə xalqımızın milli sərvəti, onun tarixini və qədim mədəniyyətini yaşadan nümunədir. Buna görə də muxtar respublikamızda tarixi-mədəni abidələrimizin qorunması istiqamətində ardıcıl tədbirlər görülür. Bu tədbirlər çərçivəsində xalqımızın məişət mədəniyyətinin bir parçası olan su dəyirmanlarının yenidən bərpa olunaraq istifadəyə verilməsi mühüm əhəmiyyət kəsb edir”.
Ali Məclisin Sədri su dəyirmanını bu günə qədər qoruyub saxlayan kənd sakinlərinə təşəkkürünü bildirərək demişdir: “ Xalqımızın tarixi-mədəni dəyərlərini qorumaq vacib məsələdir. Hər bir ölkənin keçmişi həm də onun abidələrində yaşayır. Bu gün bu qədim su dəyirmanının bərpa edilməsi milli-mədəni dəyərlərimizə göstərilən hörmət, eyni zamanda bu sahədə həyata keçirilən dövlət siyasətinin muxtar respublikamızda da uğurla davam etdirilməsinin nəticəsidir”.
Ali Məclisin Sədri Camaldın kəndindəki su dəyirmanının muxtar respublikamızda bərpa olunan ikinci su dəyirmanı olduğunu bildirərək demişdir: “Muxtar respublikanın digər yerlərində olan su dəyirmanlarının bərpası üçün də lazımi dövlət dəstəyi göstəriləcək. Hazırda muxtar respublikamızda gündəlik istehsal gücü 450 ton olan 18 taxıl emalı müəssisəsi fəaliyyət göstərir və onlar daxili tələbatı tamamilə ödəyir. Lakin su dəyirmanlarında istehsal olunan un dietik xüsusiyyətlərə malikdir. Burada istehsal olunan undan bişirilən çörək həm də müəyyən xəstəliklərdən əziyyət çəkən sakinlərin ehtiyaclarını ödəyəcək. Ona görə də biz tarixi mirasımız olan bu cür su dəyirmanlarını qoruyub saxlamalı, onları bərpa etməliyik”.
Ali Məclisin Sədri ümummilli liderimiz Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində bu cür tarixi-mədəni abidənin istifadəyə verilməsinin mühüm əhəmiyyət daşıdığını bildirmiş, bu münasibətlə kənd sakinlərini təbrik etmişdir.
Sonra dəyirmana baxış olmuşdur.
Bildirilmişdir ki, Camaldın kəndində ötən əsrin əvvəllərində inşa olunmuş bu dəyirman uzun müddət kənd sakinlərinə və ətraf kəndlərin əhalisinə xidmət göstərmişdir. Bu il dəyirmanda yenidənqurma işləri aparılaraq istifadəyə yararlı vəziyyətə gətirilmişdir. Sahəsi 92 kvadratmetr olan su dəyirmanının sutkalıq istehsal gücü 1 tondur. Əlincə çayından dəyirmana qədər olan 1250 metrlik su kanalı təmizlənmiş, binanın ətrafında abadlıq işləri aparılmışdır.
Kənd sakinləri ilə görüşən Ali Məclisin Sədri muxtar respublikada geniş quruculuq işlərinin aparıldığını, Camaldın kəndində də bu istiqamətdə bundan sonra da ardıcıl tədbirlərin görüləcəyini bildirmiş, su dəyirmanının qorunub saxlanılması və səmərəli istifadə olunması barədə müvafiq tapşırıqlar vermişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti