10 Yanvar 2025, Cümə

Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidməti haqqında

ƏSASNAMƏ


I. Ümumi müddəalar

1. Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidməti (bundan sonra - Xidmət) Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 10 aprel tarixli 59-V FR nömrəli Fərmanına əsasən yaradılmışdır.
2. Xidmət elektrik enerjisi istehsalı, ötürülməsi, elektrik enerjisi təchizatı və realizə edilməsi sahəsində (bundan sonra-müvafiq sahədə) dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
3. Xidmət öz fəaliyyətində Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur.
4. Xidmət öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları və muxtar respublikada qeydiyyatdan keçən qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
5. Xidmət müstəqil balansa, qanunverici­liyə uyğun sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştampa və blanka malikdir.
6. Xidmətin aparatının, qurumlarının saxlanması və maddi-texniki təminatı xərcləri elektrik enerjisi satışından daxil olan vəsait və mövcud qanunvericiliyə zidd olmayan digər mənbələr hesabına maliyyələşdirilir.
7. Xidmət Naxçıvan şəhərində yerləşir.

 

II. Xidmətin fəaliyyət istiqamətləri

8. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır:
8.1. müvafiq sahədə dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir;
8.2. elektrik enerjisindən səmərəli istifadə edilməsini, elektrik stansiyaları və elektrik şəbəkələrinin təkmilləşdirilməsini və genişləndirilməsini, enerji təchizatında problemlərin aradan qaldırılması sahəsində çevik təşkilatçılıq göstərilməsini, mövcud istehsal güclərindən istifadənin səmərəliliyini təmin edir;
8.3. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

III. Xidmətin vəzifələri

9. Xidmət bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:
9.1. müvafiq sahədə qanunvericiliklə müəyyən edilmiş hallarda normativ tənzimləməni həyata keçirmək;
9.2. dövlət proqramlarının və inkişaf konsepsiyalarının həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək;
9.3. digər icra hakimiyyəti orqanlarının müvafiq sahə ilə bağlı fəaliyyətini əlaqələndirmək;
9.4. elektrik enerjisinin istehsalı və elektrik təchizatı sahəsində müəyyən olunmuş dövlət siyasətini həyata keçirmək;
9.5. mülkiyyət formasından asılı olmayaraq bütün elektrik istehlakçılarını elektrik enerjisi ilə təmin etmək;
9.6. muxtar respublikada elektrik enerjisini bölüşdürmək və elektrik enerjisindən qənaətlə istifadə olunmasına nəzarət etmək;
9.7. istehlakçılara ötürülən elektrik enerjisinin dəyərinin maksimum səviyyədə toplanmasına nail olmaq;
9.8. Araz çayı üzərində olan su elektrik stansiyalarında dövlətlərarası müqaviləyə uyğun olaraq suyun səviyyəsinə nəzarət etmək və elektrik enerjisi istehsalını təmin etmək;
9.9. muxtar respublika ərazisində mövcud olan elektrik stansiyalarında avadanlıqların saz vəziyyətdə saxlanmasını və elektrik enerjisi istehsalını təmin etmək;
9.10. müvafiq sahə üzrə proqramları hazırlamaq və həyata keçirmək;
9.11. müvafiq sahədə islahatların həyata keçirilməsini təmin etmək, sahənin sosial-iqtisadi inkişafının əsas istiqamətlərini müəyyənləşdirmək, elektrik enerjisi istehsalı və elektrik təchizatı sahəsində mövcud norma və qaydalara riayət olunmasını təmin etmək;
9.12. əsaslı vəsait qoyuluşundan səmərəli istifadə etmək, inşa edilən obyektlərin, istehsal güclərinin və əsas fondların vaxtında istifadəyə verilməsini təmin etmək;
9.13. müvafiq sahədə güclü istehsal bazası yaratmaq, güc transformatorlarının və digər elektrik avadanlıqlarının təmirini təşkil etmək;
9.14. elektroenergetika sahəsində investisiyaların, o cümlədən xarici investisiyaların cəlb olunmasında iştirak etmək və bu sahədə müvafiq tədbirlər görmək;
9.15. mövcud transformator yarımstansiyaları və elektrik verilişi xətlərinin istismarını təşkil etmək, avadanlıq və istehsalat bazalarının gücündən səmərəli istifadə etmək;
9.16. müvafiq sahədə yeni obyektlərin tikilməsi, mövcud yarımstansiya və elektrik verilişi xətlərinin yenidən qurulmasının layihələşdirilməsi zamanı texniki rəy vermək, elektroenergetika sahəsində bütün obyektlər üzrə istismara qəbul komissiyasının işində iştirak etmək;
9.17. elektrik stansiyalarında enerji istehsalına, elektrik təchizatı üçün avadanlıqların və elektrik verilişi xətlərinin istismarına nəzarət etmək;
9.18. hüquqi və fiziki şəxslər tərəfindən elektrik enerjisindən səmərəli və qənaətlə istifadə olunmasına nəzarət etmək;
9.19. elektroenergetika obyektlərinin layihələşdirilməsinin dövlət ekspertizasını aparmaq, onları təsdiq etmək;
9.20. elektroenergetika obyektlərinin vəziyyəti və onlarda fövqəladə hallar yaranarkən ehtimal olunan nəticələrin proqnozlaşdırılması və qiymətləndirilməsində iştirak etmək;
9.21. Xidmətin balansında olan elektrik stansiyaları, elektrik verilişi xətləri və transformator yarımstansiyalarının istismarında təbiəti mühafizə tədbirlərinin həyata keçirilməsini təmin etmək;
9.22. elektroenergetika sahəsində əsaslı tikinti, yenidənqurma, təmir və istismar işlərini yerinə yetirmək;
9.23. kadrların hazırlanmasında və əlavə təhsilində iştirak etmək və onların seçilib yerləşdirilməsini təmin etmək;
9.24. Xidmətdə işçilərin sosial-məişət və əmək şəraitlərini yaxşılaşdırmaq, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsa­lat-sanitariya qaydalarına riayət olunmasını təmin etmək;
9.25. enerji istehsalında istifadə edilən yanacağın sərfinin və elektrik enerjisinin nəqlində itkilərin azaldılması üçün lazımi texniki-təşkilati tədbirlərin işlənib hazırlanmasına və onların yerinə yetirilməsinə nəzarəti təşkil etmək;
9.26. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin Naxçıvan Muxtar Respublikasında həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək;
9.27. qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiq edilməsini təmin etmək;
9.28. qanunvericiliyə uyğun olaraq dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görmək;
9.29. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını təmin etmək;
9.30. Xidmətin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində tədbirlər görmək;
9.31. Xidmətin fəaliyyəti ilə bağlı daxil olan ərizə və şikayətlərə baxmaq və qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək;
9.32. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

IV. Xidmətin hüquqları

10. Xidmət öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:
10.1. müvafiq sahəyə aid olan qanunvericilik aktlarının layihəsinin hazırlanmasında iştirak etmək;
10.2. elektrik enerjisinin istehsalını və istehlakçılara ötürülməsi işlərini təşkil etmək;
10.3. bütün hüquqi və fiziki şəxslər tərəfindən elektrik enerjisindən istifadə qaydalarına və normalarına əməl olunmasına nəzarət etmək, bu norma və qaydaları pozan şəxslərə qarşı qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görmək;
10.4. elektrik enerjisindən istifadə edən hüquqi və fiziki şəxslərdən enerjidən istifadəni yaxşılaşdırmaq üçün müvafiq tədbirlərin yerinə yetirilməsini tələb etmək;
10.5. elektrik enerjisi təchizatı sahəsində planlaşdırılmış təmir-istismar işlərinin aparılması ilə əlaqədar enerji təchizatında yarana biləcək fasilələr haqqında istehlakçılara məlumat vermək;
10.6. elektrik enerjisindən istifadə qaydalarını pozan, elektrik avadanlıqlarını, elektrik verilişi xətlərini zədələyən, mühafizə zonasında müvafiq icazə olmadan tikinti işləri aparan şəxsləri inzibati məsuliyyətə cəlb etmək;
10.7. elektroenergetika sahəsində qanunvericiliyin tələblərinə uyğun gəlməyən işlərin dayandırılması barədə müvafiq orqanlar və ya məhkəmə qarşısında məsələ (iddia) qaldırmaq;
10.8. müvafiq sahə üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
10.9. qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;
10.10. fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, müvafiq sahə üzrə tədqiqatlar aparmaq, təkliflər vermək;
10.11. müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;
10.12. qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

V. Xidmətin fəaliyyətinin təşkili

11. Xidmətin aparatı və onun strukturuna daxil olan qurumlar və tabeliyində olan digər qurumlar (hüquqi şəxslər, təşkilatlar və sair) Xidmətin sistemini təşkil edir. Xidmət öz fəaliyyətini bilavasitə və həmin qurumlar vasitəsilə həyata keçirir.
12. Xidmətin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən həyata keçirilir. Xidmətin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) siyahısını Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti təsdiq edir.
13. Xidmətin fəaliyyətinə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən Rəis rəhbərlik edir. Rəis Xidmətə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.
14. Rəisin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müavinləri vardır.
Rəisin müavinləri onlara Rəis tərəfindən həvalə edilmiş vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.
15. Rəis:
15.1. Xidmətin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
15.2. müavinləri arasında vəzifə bölgüsü aparır, onların, habelə Xidmətin digər vəzifəli şəxslərinin ştat, kadr, maliyyə, təsərrüfat və digər məsələlər üzrə səlahiyyətlərini müəyyənləşdirir və qarşılıqlı fəaliyyətini təmin edir.
15.3. qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla Xidmətin aparatının strukturuna daxil olan qurumların və tabeliyində olan digər qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) əsasnamələrini (nizamnamələrini) təsdiq edir;
15.4. qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Xidmətin aparatının, qurumlarının strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində onların xərclər smetasını təsdiq edir;
15.5. Xidmətin aparatının işçilərini, strukturuna daxil olan qurumların rəhbərlərini, həmçinin digər işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbeh tədbirləri görür, qanunvericiliyə uyğun olaraq digər səlahiyyətləri həyata keçirir;
15.6. qanunvericiliyə uyğun olaraq icrası məcburi olan əmr və sərəncamlar verir, onların icrasını təşkil edir və nəzarəti həyata keçirir;
15.7. Xidmətdə ilkin uçot və hesabatı təşkil edir, hesabat balanslarını təsdiq edir, mühasibat uçotunun və hesabat işlərinin aparılmasına nəzarət edir;
15.8. Xidmətin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;
15.9. Xidməti təmsil edir.
16. Xidmətdə Rəisdən (kollegiyanın sədri), onun müavinlərindən və Xidmətin rəhbər işçilərindən ibarət kollegiya yaradılır. Xidmətin kollegiyasının tərkibinə, həmçinin mütəxəssislər və alimlər də daxil edilə bilər.
17. Xidmətin kollegiyasının üzvlərinin sayı və tərkibi Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.
18. Xidmətin kollegiyası öz iclaslarında Xidmətin fəaliyyəti ilə bağlı məsələləri müzakirə edir və müvafiq qərarlar qəbul edir.
19. Xidmətin kollegiyasının iclasları onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Xidmətin kollegiyasının qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Xidmətin kollegiyasının qərarı qəbul edilərkən səslər bərabər olarsa, kollegiyanın sədrinin səsi həlledici hesab edilir.
20. Xidmətin kollegiyasının qərarları protokolla rəsmiləşdirilir və Rəis tərəfindən təsdiq edilir.
21. Xidmətin kollegiyasının üzvləri arasında fikir ayrılığı yarandığı hallarda Rəis bu barədə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə məlumat verərək, öz qərarını həyata keçirir. Xidmətin kollegiyasının üzvləri şəxsi fikirlərini Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə çatdıra bilərlər.
22. Xidmətin kollegiyasının iclaslarına zəruri hallarda digər icra hakimiyyəti orqanlarının və təşkilatların rəhbərləri, habelə Naxçıvan Muxtar Respublikasında qeydiyyatdan keçən qeyri-hökumət təşkilatlarının nümayəndələri dəvət edilə bilər.
23. Müvafiq sahədə elmi-texniki nailiyyətlərin və qabaqcıl təcrübənin öyrənilməsi və həyata keçirilməsi üçün Xidmətdə ictimai əsaslarla fəaliyyət göstərən Elmi-Texniki Şura yaradıla bilər. Elmi-Texniki Şura haqqında əsasnamə Rəis tərəfindən təsdiq edilir.

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR