10 Yanvar 2025, Cümə

Aprelin 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Xatun” Bədii Gimnastika Klubunun baş məşqçisi, bədii gimnastika üzrə Azərbaycan Respublikasının idman ustası Humay Qafarovaya yeni mənzil təqdim olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov demişdir ki, muxtar respublikada gənclərin asudə vaxtlarının səmərəli təşkili və idmana cəlbi sahəsində həyata keçirilən tədbirlər öz nəticəsini verir. Muxtar respublikada qızların idmana cəlbinə də xüsusi diqqət yetirilmiş, müxtəlif idman federasiyaları üzrə qızlardan ibarət klubların yaradılması ilə bağlı tapşırıqlar verilmişdir. Artıq muxtar respublikada qızlar da müxtəlif idman federasiyalarında təmsil olunurlar. Qadınların və qızların idman obyektlərindən istifadəsi üçün lazımi şərait yaradılmış, özəl fitnes mərkəzləri və müxtəlif idman klubları fəaliyyətə başlamışdır. Son illər yaradılan və səmərəli fəaliyyət göstərən idman klublarından biri də “Xatun” Bədii Gimnastika Klubudur. Qızların kiçik yaşlarından “Xatun” Bədii Gimnastika Klubuna cəlbi və bu idman növü ilə məşğul olmaları onların sağlam böyüməsinə imkan verir. 2017-ci il yanvarın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda keçirilən müşavirədə verilən tapşırıqlara uyğun olaraq “Xatun” Bədii Gimnastika Klubunun Şərur Olimpiya-İdman Kompleksində, Naxçıvan Dövlət Universitetində, “Naxçıvan” Universitetində və Naxçıvan şəhərindəki Uşaq Bərpa Mərkəzində filialları yaradılmışdır.

Ali Məclisin Sədri demişdir: Bu gün gənc­lərin fiziki cəhətdən sağlam böyüməsi qarşıda duran əsas vəzifələrdəndir. Ona görə də muxtar respublikada idmanın inkişafına diqqət artırılır. Qızların idmana cəlbində Humay Qafarovanın da xidmətləri vardır. Humay Qafarovanın uşaq yaşlarından bədii gimnastika sahəsindəki istedadı nəzərə alınaraq Bakı şəhərinə təhsil almağa göndərilmişdir. Təhsilini başa vurduqdan sonra Humay Qafarova muxtar respublikaya qayıdaraq bədii gimnastikanın inkişafı ilə məşğul olur. Bu gün “Xatun” Bədii Gimnastika Klubuna böyük maraq vardır. Bundan sonra da klubun fəaliyyətinin genişləndirilməsi üçün lazımi şərait yaradılacaqdır. Bədii gimnastikanın inkişafı və qızların bu idman növünə cəlbi sahəsindəki səmərəli fəaliyyəti nəzərə alınaraq, eləcə də yaşayış şəraitini yaxşılaşdırmaq məqsədilə Humay Qafarovaya Naxçıvan şəhərində yeni mənzil təqdim olunur.
Ali Məclisin Sədri Humay Qafarovaya təşəkkür etmiş, yeni mənzillə təmin olunması münasibətilə təbriklərini çatdırmışdır.
Humay Qafarova yeni mənzillə təmin olunduğuna görə Ali Məclisin Sədrinə minnətdarlıq etmiş, bundan sonra da göstərilən etimadı doğruldaraq qızların bədii gimnastikaya cəlbi və bu idman növünün muxtar respublikada inkişafı sahəsində səmərəli fəaliyyət göstərəcəyinə söz vermişdir.
Sonra Ali Məclisin Sədri mənzilin orderini Humay Qafarovaya təqdim etmişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR