Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 6-da Rusiya Federasiyasının Stavropol vilayətinin qubernatoru Vladimir Vladimirovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycan ilə Rusiya arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğu bildirilib, ölkəmizin Rusiyanın ayrı-ayrı regionları ilə əməkdaşlığının önəmi vurğulanıb, Azərbaycanın Stavropol vilayəti üçün ticarət və iqtisadi əməkdaşlıq baxımından ən vacib tərəfdaş ölkə olduğu qeyd edilib.
Dövlətimizin başçısı Rusiya Federasiyasının Stavropol vilayətinin qubernatoru Vladimir Vladimirovun başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərindən və XVI Beynəlxalq Turizm və Səyahətlər Sərgisində iştirakından məmnunluğunu ifadə edib.
* * *
Aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı Ekspo Mərkəzində “AITF-2017” XVI Azərbaycan Beynəlxalq turizm və səyahətlər və “HOREX Caucasus-2017” XI Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgiləri ilə tanış olublar.
AZƏRTAC