Muxtar respublikada əhalinin ən yüksək səviyyədə tibbi xidmətlərlə təmin olunması diqqət mərkəzində saxlanılır. Yeni səhiyyə müəssisələrinin tikilməsi, mövcud xəstəxana binalarında təmir işlərinin aparılması və müasir tibbi avadanlıqların quraşdırılması bu baxımdan mühüm əhəmiyyətə malikdir.
Martın 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şərur Rayon Mərkəzi Xəstəxanasında aparılan təmir işləri ilə maraqlanmış, quraşdırılan yeni tibbi avadanlıqlara baxmışdır.
Bildirilmişdir ki, 3 mərtəbədən ibarət olan xəstəxanada 4 şöbə və 6 bölmə fəaliyyət göstərir. Binada əsaslı təmir işləri aparılmış, rentgen-flüoqrafiya, kompüter tomoqrafiya və elektroensofaloqramma aparatları quraşdırılmışdır. Quraşdırılan müasir tibbi avadanlıqlar müayinə və müalicə işlərinin yüksək səviyyədə təşkilinə imkan verəcəkdir. Təmir işləri ilə paralel olaraq binanın fasadı da üzlənmiş, həyətində abadlıq işləri aparılmışdır.
Ali Məclisin Sədri tibbi xidmətin təşkili ilə bağlı müvafiq tapşırıqlar vermişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti