10 Yanvar 2025, Cümə

Muxtar respublikada müasir tələblərə uyğun məktəb binalarının tikilməsi, tədrisin məzmununun yeniləşməsi və yeni tex­nologiyaların tətbiqi təhsil göstəricilərini yaxşılaşdırmışdır.
Martın 27-də Şərur şəhər 2 nömrəli tam orta məktəbin yeni binası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov məktəbin açılışını bildirən lenti kəsmişdir.
Məktəbin direktoru Sevil Hacıyeva çıxış edərək demişdir: Şərur rayonunda geniş quruculuq işlərinin aparılması bizi çox sevindirir. Rayonun quruculuq ünvanlarından biri də bu gün açılışı olan Şərur şəhər 2 nömrəli tam orta məktəbidir. Məktəb binası ən müasir tələblərə cavab verir. Burada yaradılan şərait həm müəllimlərin, həm də valideynlərin arzularının həyata keçməsi deməkdir. Sevil Hacıyeva təhsilin inkişafına göstərdiyi qayğıya görə məktəb kollektivi və valideynlər adından Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şərur şəhərində müasir təhsilin tələblərinə cavab verən məktəb binasının istifadəyə verildiyini bildirmiş, bu münasibətlə kollektivi təbrik edərək demişdir: Məktəb işi hər bir ölkədə ən vacib sahə hesab olunur. Ona görə ki, məktəbdə ölkənin gələcəyi hazırlanır. Ümummilli liderimiz Heydər Əliyev bu amili nəzərə alaraq deyirdi ki, “Məktəb Azərbaycanın gələcəyi üçün böyük məsuliyyət daşıyır”. Həqiqətən də, bu gün Azərbaycanın gələcəyi məktəbdə yetişən gənclərdən asılıdır. Məktəblərdə gənclər necə yetişəcəksə, ölkəmizin gələcəyi də elə olacaqdır.

Ali Məclisin Sədri demişdir: Məktəblərdə təhsilli, dünyagörüşlü və peşə sahibi olacaq gənclərin hazırlanması ölkənin etibarlı gələcəyindən xəbər verir. Bu səbəbdən də ölkəmizdə məktəb işinə xüsusi diqqət yetirilir. Yaradılan müasir tədris şəraiti imkan verir ki, ümumtəhsil məktəblərini bitirən hər bir gənc ölkəmizlə yanaşı, həm də istənilən xarici ölkədə ali təhsil ala bilsin. Həmçinin ölkəmizdə qəbul olunmuş dövlət proqramlarına uyğun olaraq yaxşı oxuyan gənclər seçilərək xarici ölkələrdə ali təhsil almağa göndərilir. Bu gənclər təhsillərini başa vurub qayıtdıqdan sonra ölkəmizə xidmət edirlər. Ona görə də gənclər hərtərəfli hazırlanmalı, dünya təhsil sisteminə inteqrasiya olunmalıdır. Hər bir gənc təhsil almaqla yanaşı, həm də öz bacarığına və qabiliyyətinə uyğun peşə öyrənməlidir. Muxtar respublikada orta, peşə, orta ixtisas, ali və akademik təhsil pillələri üzrə yaradılan şərait bu vəzifələrin yerinə yetirilməsinə imkan verir.

“Təhsilə əsaslanan inkişaf, təhsilli gənclərin yetişməsi ölkənin tərəqqisinə xidmət edir”, – deyən Ali Məclisin Sədri bildirmişdir ki, Şərur şəhər 2 nömrəli tam orta məktəbinin nailiyyətləri muxtar respublikanın ümumi orta göstəricisindən yüksəkdir. Bu da onu deməyə əsas verir ki, məktəbdə tədris düzgün qurulmuş, ciddi nizam-intizam və tələbkarlıq vardır.
Ali Məclisin Sədri qazanılan nailiyyətlərə görə kollektivə təşəkkür etmişdir.
Qeyd olunmuşdur ki, məktəb yalnız bugünkü nəsillərə xidmət üçün nəzərdə tutulmayıb. Məktəb gələcək nəsillərin təhsil alması üçün də qorunub saxlanılmalı, müasir tədris avadanlıqlarından səmərəli istifadə olunmalıdır. Müəllimlər və şagirdlər ­bu vəzifələrin yerinə yetirilməsi üçün cavabdehlik daşımalı, nailiyyətlər daha da ­artırılmalıdır.
Ali Məclisin Sədri Şərur şəhər 2 nömrəli tam orta məktəbinin muxtar respublikanın qabaqcıl təhsil ocaqları sırasındakı yerini qoruyub saxlayacağına əminliyini bildirmiş, kollektivə tədrisdə uğurlar arzulamışdır.
Bina ilə tanışlıq zamanı qeyd olunmuşdur ki, dördmərtəbəli və 1020 şagird yerlik məktəbdə müasir tədris şəraiti yaradılıb. 5-i elektron lövhəli olmaqla 50 sinif otağı, 2 müəllimlər otağı, 2 şahmat otağı, tibb otağı, bufet, idman zalı, açıq idman qurğuları və mini futbol meydançası şagirdlərin istifadəsinə verilmiş, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə yeni avadanlıqlar və əyani tədris vasitələri ilə təchiz edilmişdir. Məktəbin zəngin kitabxanasında 20 minə yaxın müxtəlif ədəbiyyat toplanmışdır. Onlardan 8973-ü dərslik, 10245-i isə bədii ədəbiyyatdır.
Ali Məclisin Sədri kitabxanadan istifadənin əhəmiyyətini qeyd etmiş, muxtar respublikanın məktəb kitabxanalarında “Oxunulması vacib olan kitablar” guşəsinin yaradılması və şagirdlərdə mütaliə marağının artırılması barədə tapşırıqlar vermişdir.
Məktəbdə 4 kompüter otağı yaradılmış, ümumilikdə, 84 kompüter quraşdırılaraq sürətli internetə çıxışı təmin edilmişdir. Yeni texnologiyalar məktəbdə distant tədrisin tətbiqinə və interaktiv dərslərin keçirilməsinə imkan verir. Elektron lövhəli sinifdə Məhəmməd Tağı Sidqinin Ordubad şəhərindəki ev-muzeyi ilə muxtar respublikanın 208 məktəbi arasında keçirilən distant dərs izlənmişdir.
Ali Məclisin Sədri görkəmli maarifçi və pedaqoq Məhəmməd Tağı Sidqinin Naxçıvanda təhsilin inkişafı sahəsində həyata keçirdiyi tədbirlərin bu gün hər bir müəllim və şagird üçün nümunə olduğunu qeyd ­etmişdir.
Şərur şəhər 2 nömrəli tam orta məktəbdə 791 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 120 müəllim məşğul olur. 2016-2017-ci tədris ilində birinci sinfə 88 şagird qəbul olunub.
Məktəbin müəllimləri ilə görüşən Ali Məclisin Sədri demişdir ki, Şərur şəhər 2 nömrəli tam orta məktəbində yaxşı kollektiv formalaşıb. Bunun nəticəsidir ki, ötən il məktəbin məzunlarından 35-i ali məktəbə, 6-sı isə orta ixtisas məktəbinə qəbul olunub. Məzunlardan 8-i 500-700 arası bal toplayıb. Dövlətimiz tərəfindən müəllim əməyinə yüksək qiymət verilir, diaqnostik qiymətləndirmə aparılır, müəllimlər fəxri adlarla təltif olunurlar. Şərur şəhər 2 nömrəli tam orta məktəbin müəllimlərindən də 1-i Azərbaycan Respublikasının, 1-i isə Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi fəxri adına layiq görülüb. Yeni məktəb binasının istifadəyə verilməsi də məktəb işinə, müəllim əməyinə verilən qiymətin daha bir ifadəsidir. Muxtar respublikada məktəb tikintisi bundan sonra da davam etdiriləcəkdir. Bütün bunların müqabilində isə müəllimlər üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməli, gənclərin hərtərəfli hazırlanması, təhsil alması və peşə öyrənməsi qayğısına qalmalıdırlar.
Məktəbin tarix müəllimi Elminaz Əlizadə demişdir ki, bu gün Naxçıvan Muxtar Respublikasında bütün sahələrdə inkişafa nail olunmuşdur. Bu inkişafda təhsil xüsusi yer tutur. 2017-ci ilin ötən dövründə muxtar respublikada 5 təhsil müəssisəsinin istifadəyə verilməsi bunu bir daha təsdiq edir. Şərur şəhər 2 nömrəli tam orta məktəbinin yeni binası kollektivdə xoş əhval-ruhiyyə yaratmaqla yanaşı, həm də onların məsuliyyətini artırır. Çalışacağıq ki, göstərilən etimadı doğruldaq, vətənpərvər, təhsilli və dünyagörüşlü gənclər yetişdirək.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR