Xalqımıza məxsus milli dəyərlər və adət-ənənələrin əsasında vətənpərvərlik, saflıq və xeyirxahlıq kimi savab əməllər dayanır. Bu gün Naxçıvanda insanlar milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə hörmətlə yanaşır, mənəvi saflıq və həmrəylik nümayiş etdirirlər. Dini dəyərlərimizə uyğun olaraq muxtar respublika ərazisindəki qəbiristanlıqlarda iməciliklərin keçirilməsi də bu tədbirlərin davamı kimi mühüm əhəmiyyətə malikdir.
Martın 25-də Naxçıvan Muxtar Respublikasında yazın gəlişi qəbiristanlıqlarda səliqə-sahman yaratmaq və yaşıllıqlar salmaqla əlamətdar oldu.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, nazirlik, komitə və digər mərkəzi təşkilatların, məhkəmə, hüquq-mühafizə orqanlarının kollektivləri və ictimaiyyətin nümayəndələri Naxçıvan Şəhər Qəbiristanlığında iməcilik keçirmiş, təmizlik işləri görülmüş, 2200 ədəd həmişəyaşıl ting əkmişlər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iməcilikdə iştirak etmiş, yeni tinglər əkmişdir. Ali Məclisin Sədri təmizlik işlərinin davam etdirilməsi və yaşıllıqların salınması barədə tapşırıqlar vermişdir.
Həmin gün muxtar respublika ərazisindəki qəbiristanlıqlarda iməciliklər yolu ilə 22 minə yaxın ting əkilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidməti