10 Yanvar 2025, Cümə

Martın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Huawei şirkətinin baş vitse-prezidenti xanım Ami Lin ilə görüşmüşdür.
Ali Məclisin Sədri qonağı ümummilli lider Heydər Əliyevin vətəni Naxçıvanda görməkdən məmnunluğunu bildirmiş, Huawei şirkətinin Azərbaycandakı fəaliyyətinə 2002-ci ildə Naxçıvandan başladığını və ötən dövrdə yaxşı əlaqələrin qurulduğunu diqqətə çatdırmışdır. Həyata keçirilən qarşılıqlı layihələrdən razılığını bildirən Ali Məclisin Sədri imzalanacaq yeni müqavilənin də bu baxımdan əhəmiyyətini vurğulamışdır. Naxçıvan Muxtar Respublikasında yeni innovasiyaların tətbiqindən danışan Ali Məclisin Sədri muxtar respublikanın bütün ərazisinin sürətli internetlə təmin olunduğunu, dördüncü nəsil mobil rabitə şəbəkəsinin fəaliyyət göstərdiyini, Naxçıvan Dövlət Universitetində və “Naxçıvan” Universitetində rabitə və yeni texnologiyalar üzrə mütəxəssislərin hazırlandığını qeyd etmişdir.
Ali Məclisin Sədri naxçıvanlı tələbələrin Çində “Huawei” şirkətinin yay təlim məşğələlərində iştirakından məmnunluğunu ifadə etmiş, Naxçıvan Muxtar Respublikası ilə Huawei şirkəti arasında əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini bildirmişdir.

Huawei şirkətinin baş vitse-prezidenti Ami Lin Naxçıvana səfərindən və keçirilən görüşdən böyük məmnunluq duyduğunu bildirmişdir. Naxçıvan Muxtar Respublikasının hərtərəfli inkişafının onda böyük təəssürat yaratdığını diqqətə çatdıran Ami Lin xüsusilə yeni texnologiyaların tətbiqi sahəsində görülən işləri yüksək qiymətləndirmişdir. Dünyanın ən böyük telekommunikasiya şirkətlərindən olan Huawei ilə Naxçıvan Muxtar Respublikası arasında ötən 15 ildə səmərəli əməkdaşlığın qurulduğunu qeyd edən qonaq yeni texnologiyaların iqtisadi inkişafdakı əhəmiyyətinə toxunmuş, Huawei şirkətinin muxtar respublika ilə əməkdaşlığa bundan sonra da mühüm əhəmiyyət verəcəyini bildirmişdir.
Görüşdən sonra Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyaları Nazirliyi ilə Huawei şirkəti arasında “Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində telekommunikasiya şəbəkəsinin yeni nəsil telefon stansiyaları ilə əvəz edilməsi” haqqında müqavilə imzalanmışdır.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR