Martın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri Vasif Talıbovun sədrliyi ilə təşkilatın Siyasi Şurasının iclasında “Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublikası Təşkilatının 2016-cı ildəki fəaliyyəti və qarşıda duran vəzifələrlə bağlı” məsələ müzakirə olunmuşdur.
Ali Məclisin Sədri iclası açaraq demişdir ki, Azərbaycanın inkişafında və bugünkü səviyyəyə çatmasında Yeni Azərbaycan Partiyasının böyük xidmətləri olmuşdur. Dövlətin inkişafı ölkənin siyasi liderindən və onun ətrafında birləşən insanların fəaliyyətindən asılıdır. Yeni Azərbaycan Partiyası da ulu öndərimiz Heydər Əliyevin ətrafında birləşən, sabitlik və inkişaf istəyən, ölkəni parçalayanlara qarşı mübarizə aparan Azərbaycan xalqının arzusu və tələbi ilə yaradılmışdır. Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə partiya inkişaf dövrü keçmiş, Azərbaycanın siyasi səhnəsində Yeni Azərbaycan Partiyası üzvlərinin sayı artmışdır. Bu gün ölkəsinə bağlı, vətənpərvər və müasir düşüncəli gənclər partiya sıralarına qəbul olunur. Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı da fəaliyyətini bu istiqamətdə qurmuşdur. Bundan sonra da vətənpərvər gənclər partiyaya üzv qəbul olunmalı, varislik təmin edilməli, partiya üzvləri muxtar respublikanın siyasi həyatında fəal iştirak etməlidirlər.
İclasda Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi Anar İbrahimov hesabat məruzəsi ilə çıxış edərək demişdir ki, bu gün partiya üzvləri muxtar respublikanın siyasi fəal əhalisinin 18 faizini təşkil edir. Ötən ildə 1056 nəfər partiya sıralarına qəbul olunmuşdur ki, onların da 845-i gənclərdir. Yeni qəbul olunanların 581-ni isə qadınlar təşkil edir. Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatında ziyalıların və ali təhsilli üzvlərin sayı artmışdır. Belə ki, üzvlərin 37,2 faizi ali, 21,8 faizi isə orta-ixtisas təhsillidir. Bu gün partiya uçotunda duranların 27-si elmlər doktoru, 179-u elmlər namizədidir. Hazırda üzvlərdən 2-si Azərbaycan Respublikasının Milli Məclisinin, 40-ı isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatıdır. Bundan başqa, 2014-cü ildə keçirilmiş bələdiyyə seçkilərinin nəticəsi olaraq 1114 üzv həmin orqanlarda təmsil olunur. Bu gün ərazi ilk təşkilat sədrlərinin 114-ü qadın, 196-sı isə gənclərdir. 2016-cı ildə təkcə Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı, şəhər və rayon partiya təşkilatlarının xətti ilə 136 müxtəlif tədbir və elmi-praktiki konfrans keçirilmişdir. Ötən il 11 ərazi ilk partiya təşkilatı kənd mərkəzlərində müasir iş otaqları ilə təmin olunmuşdur. Anar İbrahimov göstərilən diqqət və qayğıya görə partiya üzvləri adından Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir.
Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyinin sədri Azad Cabbarov demişdir ki, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı üzvlərinin 40 faizini, yəni 20 min 693 nəfərini gənclər təşkil edir. Partiya üzvü olan gənclərin 4856-sı təhsil, 2157-si səhiyyə, 1496-sı elm, mədəniyyət və incəsənət, 2328-i idarəetmə, qalanları isə sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, rabitə və sair xidmət sahələrində çalışır. Üzvlərdən 30-u idman sahəsində titullar və fəxri adları olanlardır ki, onlardan da 5-i Azərbaycan çempionu, 3-ü Avropa çempionu, 1-i Dünya çempionu, 8-i ustalığa namizəd, 13-ü isə idman ustasıdır. Əsasən savadlı, intellektli və vətənpərvər gənclərin seçilərək Partiyanın Gənclər Birliyində təmsil olunmasına diqqət artırılmış, həmin gənclərin məlumat bazası formalaşdırılmışdır.
Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatının sədri Əmir Babayev və Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının sədri Sevda Quliyeva çıxış edərək 2016-cı ildə rayon təşkilatları tərəfindən görülən işlər barədə məlumat vermişlər.
Naxçıvan Dövlət Universitetinin rektoru, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Siyasi Şurasının üzvü Saleh Məhərrəmov çıxış edərək demişdir ki, Naxçıvan Dövlət Universitetinin professor-müəllim və tələbə kollektivinin ictimai-siyasi cəhətdən fəal hissəsi Yeni Azərbaycan Partiyasının Universitet Şəhərciyi Ərazi İlk Təşkilatında birləşmişlər. Hazırda təşkilatın 1039 üzvü vardır ki, olardan da 779-u tələbə gənclərdir. Cari tədris ilində 600-dən yuxarı bal toplamış tələbələr də daxil olmaqla, 150-dən çox tələbənin partiya sıralarına qoşulmaq üçün ərizə ilə müraciət etməsi Yeni Azərbaycan Partiyasının gənclər arasında artan nüfuzunun bariz göstəricisidir. Ərazi ilk təşkilatı tələbə-gənclər arasında ideoloji-siyasi işi diqqət mərkəzində saxlayaraq onların mənəvi-siyasi cəhətdən sağlam mühitdə təhsil almalarına və dövlətçilik ruhunda yetişmələrinə çalışır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri Vasif Talıbov Siyasi Şuranın iclasında demişdir: Bu il Yeni Azərbaycan Partiyasının yaradılmasının 25-ci ildönümü tamam olur. Yeni Azərbaycan Partiyası 1992-ci ildə xalqımızın və dövlətimizin taleyinin həll olunduğu bir dövrdə yaradıldı. Heydər Əliyev şəxsiyyəti olmasaydı, Yeni Azərbaycan Partiyasının yaranması, böyük yol keçərək təşkilatlanması və hakim partiyaya çevrilməsi də mümkün olmayacaqdı. Ulu öndərimiz Yeni Azərbaycan Partiyasının yaradılmasını tarixi zərurət kimi xarakterizə edərək demişdir: “Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içindən çıxmış bir zərurətdir. Azərbaycanda yaranan partiyaların bir çoxu ayrı-ayrı şəxslərin, siyasi fəaliyyətə başlayan şəxslərin şəxsi təşəbbüskarlığı ilə yaranan partiyalardır. Ancaq Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq istəyən, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan, hərənin öz tərəfindən hərəkət etməsi nəticəsində ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmışdır”.
Ali Məclisin Sədri demişdir: Yeni Azərbaycan Partiyası böyük inkişaf və təşkilatlanma yolu keçib. Yeni Azərbaycan Partiyasının gücü onun ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən ideyalarının uzun bir dövrə və tarixi proseslərə hesablanmasındadır. Məhz bu amili əsas götürərək ümummilli liderimiz deyirdi ki: “Yeni Azərbaycan Partiyası Azərbaycanın dünəninin, bu gününün və gələcəyinin partiyasıdır”. Partiyamızın dünəni quruculuq, bu günü isə yaradıcılıq tarixidir. Bu proseslərdə partiyamızın hər bir üzvünün əməyi və fəaliyyəti təsirsiz qalmamış, ölkəmiz, onunla birlikdə partiyamız, eləcə də onun Naxçıvan Muxtar Respublika Təşkilatı böyük inkişaf yolu keçmişdir. Partiyanın muxtar respublika, şəhər və rayon təşkilatları bütün tələblərə cavab verən inzibati binalarla təmin olunmuş, zəruri iş şəraiti yaradılmışdır.
Yaradılan şəraitin nəticəsidir ki, hazırda partiyanın muxtar respublika təşkilatının 52 mindən çox üzvü vardır. Bu, partiyanın yarandığı ilk dövrdəki göstəricidən 47 dəfə artıqdır. Partiya sıraları təkcə kəmiyyət baxımından böyüməmişdir. Yeni Azərbaycan Partiyasının muxtar respublika təşkilatında ziyalılar və gənclər çoxluq təşkil edir. Bu, çox böyük üstünlükdür. Muxtar respublikamızın bütün yaşayış məntəqələrində Yeni Azərbaycan Partiyasının ərazi ilk təşkilatları yaradılmışdır. Ötən il ərazi prinsipinə uyğun olaraq bu sahədə mühüm islahatlar aparıldı. Hazırda muxtar respublikada 500 ərazi ilk partiya təşkilatı fəaliyyət göstərir. Yeni yaradılan kənd mərkəzlərində ərazi ilk partiya təşkilatları ayrıca iş otaqları ilə təmin edilmişdir.
Ali Məclisin Sədri demişdir ki, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı partiyanın siyasi, ideoloji və təşkilati fəaliyyəti ilə bağlı əvvəlki illərdə olduğu kimi, 2016-cı ildə də zəruri işlər görüb. Lakin fəaliyyət – inkişafın reallıqlarına uyğun qurulmalıdır. Bu baxımdan Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının İcra Katibliyi, şəhər və rayon təşkilatları 2017-ci ildə də fəaliyyətlərini gücləndirməlidirlər. Partiyamızın 25 il əvvəl Naxçıvanda yaranaraq təşkilatlanması onun muxtar respublika təşkilatının nümunə gücündə olmasını şərtləndirir. Bu amil daim diqqətdə saxlanmalı, partiya işi yenilənməli, daha mütərəqqi formada inkişaf etməlidir. Partiyanın İcra Katibliyi, Gənclər Birliyi, şəhər və rayon təşkilatları öz fəaliyyətini “Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının 2017-ci ilə dair İş Planı”na uyğun qurmalı, nəzərdə tutulmuş tədbirlər vaxtında icra olunmalıdır.
“Hər bir siyasi partiyanın gücü onda təmsil olunan üzvlərin siyasi fəallığından asılıdır. Bu xüsusat diqqətdə saxlanılaraq partiya üzvlüyünə yeni qəbul olunanlarla iş gücləndirilməli, üzvlərlə fərdi işə üstünlük verilməlidir”, – deyən Ali Məclisin Sədri qeyd etmişdir ki, İcra Katibliyi, şəhər və rayon təşkilatları ilə yanaşı, ərazi ilk partiya təşkilatları da gənc və yaradıcı qüvvələrin partiya sıralarına cəlb edilməsinə diqqəti artırmalıdırlar. İdeoloji işin təşkili də diqqətdə saxlanılmalı, partiya üzvlərinin nəzəri biliklərinin artırılması üçün tədbirlər görülməlidir. Naxçıvan Muxtar Respublikasında gələcəyimiz olan gənclərin hərtərəfli yetişdirilməsi daim diqqətdə saxlanılıb, bununla bağlı lazımi tədbirlər görülüb. Bu məsələdə partiya orqanlarının da rolu artırılmalı, Azərbaycançılıq, dövlətçilik, millilik və vətənpərvərlik mövzusunda tədbirlər keçirilməlidir. Biz gənclərin sosial şəbəkələrdə fəallığına nail olmalıyıq. Partiyanın İcra Katibliyi və Heydər Əliyev adına Gənclər Birliyi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu ilə işini əlaqələndirməli, gənclərlə işə üstünlük verilməli, görülən işlərin mahiyyəti izah olunmalı, gənclərin yaradılan infrastrukturdan səmərəli və məqsədyönlü istifadələri üçün birgə tədbirlər həyata keçirilməli, ehtiyacı olan gənclərə qayğı göstərilməlidir. Yeni Azərbaycan Partiyasının Universitet Şəhərciyi Ərazi İlk Təşkilatı fəaliyyətini gücləndirməli, partiya üzvü olan tələbələr siyasi cəhətdən tam formalaşmalı, tələbə-gənclərin iştirakı ilə müxtəlif tədbirlər keçirilməli, dövlətçiliklə bağlı film və tamaşalar nümayiş olunmalıdır.
Qeyd olunmuşdur ki, partiyanın qadınlar şuralarının fəaliyyətləri də muxtar respublikanın ictimai həyatında ciddi hiss olunmalıdır. Partiya üzvləri ictimai yerlərdə fəallıqları ilə nümunə olmalıdırlar. Onlar abadlıq və yaşıllaşdırma tədbirlərində yaxından iştirak etməklə yanaşı, yaradılanların qorunmasına şüurlu münasibəti nümunə gücündə göstərməyi bacarmalıdırlar. Ərazi ilk partiya təşkilatlarının fəaliyyətinə diqqət artırılmalıdır. Bəzi ilk partiya təşkilatlarının fəaliyyətində ətalət və passivlik hiss olunur. Onlar sadəcə üzvlük haqlarının yığılması ilə işlərini bitmiş hesab edirlər. Şəhər və rayon təşkilatları ərazi ilk partiya təşkilatları ilə əlaqəni gücləndirməli, birgə ideoloji işin aparılmasını təmin etməlidirlər. Bununla yanaşı, ilk partiya təşkilatlarında kargüzarlığın düzgün aparılması da diqqətdə saxlanılmalıdır. Kənd və qəsəbə mərkəzlərində yaradılmış şəraitdən səmərəli istifadə olunmalı, yerlərdə görülən işlər barədə arayışlar hazırlanaraq aidiyyəti üzrə təqdim edilməlidir. Bu mərkəzlər ideya, siyasi və təşviqat işləri üçün bir mərkəz kimi öz statuslarını möhkəmləndirməlidirlər.
Ali Məclisin Sədri demişdir: Kadr siyasəti partiyanın əsas vəzifələrindən biridir. Bu sahə daim diqqətdə saxlanılmalı, partiya işində aktiv gənclərin seçilməsi, ehtiyat kadr potensialının yaradılması işin əsas ağırlıq mərkəzini təşkil etməlidir. Partiyanın İcra Katibliyi, şəhər və rayon təşkilatları kadrların seçilməsində təşəbbüskarlıqlarını artırmalı, gənclərin partiya strukturlarında və partiya təşkilatlarının rəhbər qurumlarında təmsil olunmalarına çalışmalıdırlar. İstedadlı gənclər irəli çəkilməli, onlar partiya kadrı kimi yetişdirilməlidir. Kütləvi informasiya vasitələri ilə iş partiya fəaliyyətinin mühüm istiqamətlərindən biridir. Partiyamızın muxtar respublika təşkilatının fəaliyyəti, ölkənin siyasi tarixinin mühüm hadisələri ilə bağlı keçirilən tədbirlər kütləvi informasiya vasitələrində geniş işıqlandırılmalıdır. 2017-ci ildə Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyi ilə bağlı partiyanın muxtar respublika təşkilatının İcra Katibliyi şəhər və rayon təşkilatları ilə birlikdə müxtəlif tədbirlərin keçirilməsini, dəyirmi masaların təşkilini təmin etməlidir. Bizim vəzifəmiz partiya-təşkilat işini daha da gücləndirmək, partiyamızın cəmiyyətdə tutduğu yüksək mövqeyi qoruyub saxlamaq, partiya işini irəli aparmaqdır.
Ali Məclisin Sədri bu yolda partiya üzvlərinə uğurlar arzulamışdır.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti