Muxtar respublikada yaz-tarla işlərinin başladığı bu günlərdən tələbata uyğun kənd təsərrüfatı texnikaları və avadanlıqlarının alınıb gətirilməsi mühüm əhəmiyyət daşıyır. Çünki aqrar sahənin inkişafında, ərzaq məhsulları istehsalının artırılmasında və itkisiz məhsul yığımında başlıca amillərdən biri də torpaq mülkiyyətçilərinin və fermerlərin müasir kənd təsərrüfatı texnikaları ilə təmin olunmasıdır. Son illər muxtar respublikada kənd təsərrüfatında mütərəqqi metodların tətbiqinə başlanmış, müasir texnikalar və texnoloji avadanlıqlar alınaraq əlverişli şərtlərlə sahibkarlara verilmişdir.
Martın 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən alınmış yeni kənd təsərrüfatı texnikalarına baxmışdır.
“Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Vasif Məmmədov məlumat verərək demişdir ki, cəmiyyət tərəfindən bu günə qədər muxtar respublikaya 1925 texnika və texnoloji avadanlıq alınıb gətirilmiş, onlardan 1507-si sahibkarlara satılmışdır. Əkin sahələrinə uyğun bölgü aparılaraq gətirilmiş texnika və texnoloji avadanlıqlardan 119-u yerli bazalara icarəyə verilmişdir. Bundan başqa, 1927 baş damazlıq cins mal-qara xarici ölkələrdən alınaraq muxtar respublikaya gətirilmiş və lizinq yolu ilə fermerlərə satılmışdır. Cəmiyyət aqrar sahədə fəaliyyət göstərən sahibkarların, fermerlərin, kənd əməkçilərinin sifarişləri əsasında 22 adda müxtəlif xidmətlər göstərir. Muxtar respublikada yaz-tarla işlərinin başlaması ilə əlaqədar texnikalar əsaslı təmir edilmiş və əkin işlərinə başlanmışdır.
Yeni alınan texnikalara baxış zamanı bildirilmişdir ki, sərfəli şərtlərlə uzun müddətə lizinqə verilən kənd təsərrüfatı texnikaları həm də iqtisadi cəhətdən səmərəlidir. Ötən il 9 “New Holland” markalı traktor, 25 kotan, 90 əl üçün otbiçən, 6 dəst yağış üsulu ilə suvarma sistemi və digər texnoloji avadanlıqlar olmaqla 240 ədəd texnika alınaraq muxtar respublikaya gətirilmişdir. Hazırda muxtar respublikada yeni alınan suvarma sistemləri də 40 faiz güzəştlə satılır. 2017-ci ilin ötən dövründə isə 41 texnika alınmışdır. Onlardan 9-u kotan, 6-sı gübrəsəpən, digərləri isə müxtəlif texnika və texnoloji avadanlıqlardır. Müasir texnika və avadanlıqlar əkin sahələrində mütərəqqi aqrotexniki qaydaların tətbiqinə imkan verəcəkdir.
Ali Məclisin Sədri “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin bazasında yaradılan bitkiçilik və heyvandarlıq aptekinə də baxmışdır. Qeyd olunmuşdur ki, muxtar respublikada bitkiçilik, heyvandarlıq və arıçılıq sahələrində xəstəliklərə və zərərvericilərə qarşı mübarizə aparılması məqsədilə cəmiyyətin özündə və hər bir rayon bazasında bitkiçilik və heyvandarlıq apteki yaradılmışdır. Apteklərdə kənd təsərrüfatının müxtəlif sahələrində istifadə olunan dərmanlar satışa çıxarılır. Dərmanların istifadə qaydası haqqında torpaq mülkiyyətçilərinə və fermerlərə əvvəlcədən məlumat verilir.
Cəmiyyətin anbarlarında müxtəlif kənd təsərrüfatı texnikalarının ehtiyat hissələri vardır. Gübrə anbarlarında da tələbata uyğun ehtiyat yaradılmışdır.
Ali Məclisin Sədri kənd təsərrüfatında yeni innovasiyaların tətbiqinin əhəmiyyətini vurğulamış, texnikalarla təminat və texniki qulluq işinin diqqətdə saxlanılması, kənd təsərrüfatı texnikalarının və onların ehtiyat hissələrinin sifariş əsasında alınıb gətirilməsi, aqrar sahədə mütərəqqi metodların tətbiqi ilə bağlı maarifləndirmə və izahat işlərinin aparılması, bu işdə televiziyanın imkanlarından istifadə olunması ilə bağlı tapşırıqlar vermişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti