10 Yanvar 2025, Cümə

Muxtar respublikada əlverişli biznes və investisiya mühitinin yaradılması özəl sektorun inkişafı üçün geniş imkanlar açmışdır. Hər il muxtar respublikada yeni istehsal və xidmət sahələri yaradılır, əhalinin məşğulluğu təmin olunur.

Martın 8-də Naxçıvan şəhərinin Əziz Əliyev prospektində “Danyeri” istehsal və xidmət sahəsi fəaliyyətə başlamışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.

Müəssisənin əməkdaşı Nihad Dadaşov çıxış edərək demişdir ki, muxtar respublikada sahibkarlığın inkişafı sahəsində ardıcıl tədbirlər görülür. Qeyri-məşğul əhalinin işlə təminatı diqqət mərkəzində saxlanılır. Bunun nəticəsidir ki, hər il Naxçıvanda müasir texnologiyalara əsaslanan yeni istehsal və xidmət sahələri yaradılır, minlərlə insan işlə təmin olunur. Bu gün istifadəyə verilən “Danyeri” istehsal və xidmət sahəsi də sahibkarlığın inkişafına göstərilən qayğının daha bir ifadəsidir. Nihad Dadaşov yeni işlə təmin olunanlar adından Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir.

 Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan şəhərinin Əziz Əliyev prospektində yeni parkın və xidmət sahələrinin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik etmiş, bu işdə əməyi olanlara təşəkkürünü  bildirərək demişdir: Azərbaycan inkişaf edərək dünya dövlətləri sırasında öz layiqli yerini tutmuşdur. Bu gün ölkəmizdə bütün sahələr inkişaf etdirilir. Çünki ümummilli liderimiz Heydər Əliyevin siyasi xətti ölkə Prezidenti tərəfindən uğurla davam etdirilir, dövlət öz vətəndaşına qayğı göstərir, ölkəmizdə sabitlik və dövlət-xalq birliyi vardır.

Ali Məclisin Sədri demişdir: Bu gün istifadəyə verilən yeni parkın və xidmət sahəsinin yerləşdiyi ərazi vaxtilə Naxçıvan şəhərinin  yararsız yerlərindən biri idi. Lakin aparılan quruculuq işlərindən sonra ərazi bu gün Naxçıvan şəhərinin ən abad küçələrindən birinə çevrilmişdir. Ölkəmizdə sahibkarlar üçün yaradılan şərait və göstərilən dəstək yeni xidmət və istehsal sahələrinin yaradılmasına imkan verir. Müəssisədə həm məhsul istehsal olunur, həm də əhaliyə iaşə və ticarət xidməti göstərilir. Bu işlərin həyata keçirilməsi bir tərəfdən əhalinin asudə vaxtının səmərəli təşkili və turizmin inkişafına xidmət edirsə, digər tərəfdən isə yeni iş yerlərinin açılmasına və gənclərin məşğulluğunun təmin olunmasına hesablanıb. Ona görə də işçilər üzərlərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirməli, yaradılan şəraitdən səmərəli istifadə etməli, tikilənlər, qurulanlar qorunub saxlanılmalı, istehsal olunan və satışa çıxarılan məhsulların keyfiyyəti diqqətdə saxlanılmalı, sakinlərə və turistlərə nümunəvi xidmət göstərilməlidir. 

Ali Məclisin Sədri qarşıya qoyulan vəzifələrin icrasında kollektivə uğurlar arzulamış, tədbirdə iştirak edən qadınları və onların timsalında muxtar respublika qadınlarını 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik etmişdir.

Xidmət və istehsal sahələrinə baxış zamanı bildirilmişdir ki, zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan binada gündəlik istehsal gücü 500 kiloqram olan dondurma, istehsal gücü saatda 800 çörək olan milli çörək və istehsal gücü saatda 80 kiloqram olan unlu-qənnadı sahələri, 40 və 96 yerlik iki kafe, 114  yerlik restoran, uşaqlar üçün zal, ixtisaslaşmış mağaza, mebel salonu, 2 ədəd soyuducu kamera, xammal və hazır məhsul anbarları, iş və xidməti otaqlar vardır. Binada lift quraşdırılmış, təhlükəsizlik tədbirləri görülmüşdür. İstehsal və xidmət sahəsində 62 nəfər işlə təmin olunmuşdur.

İstehsal sahələrində bazarın tələbatına uyğun keyfiyyətli və rəqabətədavamlı məhsul istehsal olunur, təmizliyə və gigyenik qaydalara tam əməl olunur. Məhsullar “Danyeri” əmtəə nişanı ilə muxtar respublikadakı ticarət mərkəzlərində satışa çıxarılır.  Mağazada ərzaq məhsullarının və gündəlik tələbat mallarının satışı həyata keçirilir. Burada muxtar respublikada istehsal olunan məhsullarla yanaşı, xarici ölkələrdə istehsal edilən və mənşə sertifikatı olan məhsullar da satışa çıxarılır. Xidmət sahələrində insanların rahatlığı tam nəzərə alınmışdır. Mebel salonunda isə muxtar respublikada və başqa ölkələrdə istehsal olunan müxtəlif növ keyfiyyətli mebel dəstləri alıcılara təklif olunur.

Ali Məclisin Sədri muxtar respublikada daxili bazarın tənzimlənməsi sahəsində tədbirlərin görüldüyünü diqqətə çatdırmış, istehsal və xidmət sahəsində keyfiyyətə diqqət yetirilməsinin və tələbata uyğun məhsul istehsal olunmasının vacibliyini bildirmişdir.

Naxçıvan şəhərində yeni istehsal və xidmət sahəsinin yaradılması, parkın istifadəyə verilməsi sakinlərlə yanaşı, turistlərin də istirahətinin mənalı təşkilinə imkan verəcəkdir.

 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR