Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 5-də İran İslam Respublikasına rəsmi səfərə gedib.
Azərbaycanın və İranın dövlət bayraqlarının dalğalandığı Tehranın “Mehrabad” hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidentini İranın yüksək vəzifəli dövlət və hökumət rəsmiləri qarşıladılar.
* * *
Martın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tehranda rəsmi qarşılanma mərasimi olub.
Azərbaycan Prezidenti İlham Əliyev süvari dəstəsinin müşayiəti ilə “Sədabad” sarayına gəldi.
Azərbaycanın və İranın dövlət bayraqlarının dalğalandığı “Sədabad” sarayının qarşısındakı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
İran Prezidenti Həsən Ruhani Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.
* * *
Martın 5-də rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin məhdud tərkibdə görüşü olub.
Görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin İrana rəsmi səfərinin əlaqələrimizin inkişafında böyük rolu olduğu qeyd edildi. Ölkələrimiz arasında əməkdaşlığın inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti xüsusi vurğulandı.
Prezident İlham Əliyev dəvətə görə Prezident Həsən Ruhaniyə təşəkkürünü bildirdi, Azərbaycanın İran ilə əlaqələrin inkişafına böyük önəm verdiyini dedi.
* * *
Martın 5-də məhdud tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olub.
* * *
Martın 5-də geniş tərkibdə danışıqlar başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin iştirakı ilə sənədlərin imzalanması mərasimi olub.
“Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası və İran İslam Respublikasının İqtisadi Məsələlər və Maliyyə Nazirliyi yanında Maliyyə Monitorinqi İdarəsi arasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı və İran İslam Respublikasının İqtisadi Məsələlər və Maliyyə Nazirliyi yanında Maliyyə Monitorinqi İdarəsinin icraçı direktoru Meysam Nəsiri Əhmədəbadi imzaladılar.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə İran İslam Respublikasının Dəmir Yolları Şirkəti arasında dəmiryolu əlaqəsinin birləşdirilməsinə dair Anlaşma Memorandumu”nu “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov və İran İslam Respublikasının Dəmir Yolları Şirkətinin prezidenti Səid Məhəmmədzadə imzaladılar.
* * *
Martın 5-də sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra İran İslam Respublikasının Prezidenti Həsən Ruhani və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mətbuata bəyanatlarla çıxış ediblər.
* * *
Martın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Ali Rəhbəri Seyid Əli Xameneinin görüşü olub.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasına rəsmi səfəri martın 5-də başa çatıb.
AZƏRTAC