Martın 6-da Babək Rayon İcra Hakimiyyətinin inzibati binası əsaslı yenidənqurmadan sonra istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binanın açılışını bildirən lenti kəsmişdir.
Tədbirdə çıxış edən Babək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov demişdir ki, muxtar respublikada aparılan quruculuq işləri Babək rayonunu da əhatə etmişdir. 2016-cı ildə Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolunun ikinci hissəsi və Nehrəm kəndində yeni məscid binası istifadəyə verilmiş, Xəlilli, Məzrə, Hacıvar və Yarımca kəndlərində kompleks quruculuq işləri aparılmış, Kültəpə və Kərimbəyli kəndlərində yeni suvarma şəbəkəsinin açılışı olmuşdur. Hazırda Babək qəsəbəsində, Nehrəm, Şəkərabad, Şıxmahmud, Xəlilli və Araz kəndlərində içməli su və kanalizasiya xətlərinin, Badaşqan kəndində isə içməli su sisteminin tikintisi davam etdirilir. Son illər Babək qəsəbəsində idarə, müəssisə və təşkilatlar üçün yeni inzibati binalar tikilib istifadəyə verilmişdir. Babək Rayon İcra Hakimiyyətinin inzibati binasının yenidən qurulması da aparılan quruculuq işlərinin daha bir ifadəsidir. Rasim Hüseynov Babək rayonunun inkişafı sahəsində həyata keçirilən tədbirlərə görə rayon əhalisi adından minnətdarlıq etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Babək Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək demişdir: Babək rayonu 1978-ci ildə – xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə yaradılmışdır. Həmin dövrdə Naxçıvan rayonunun tərkibində olan bu ərazilərin idarə olunmasında və inkişafında çətinliklər vardı. Bu da yeni rayonun yaradılmasını zəruri edirdi. Babək rayonu yarandıqdan sonra bu ərazilərdə idarəetmə formalaşdı, kənd təsərrüfatı inkişaf etdirildi, rayon uğurlu inkişaf yolu keçdi. Bu gün Babək ölkəmizin, eləcə də muxtar respublikanın inkişaf edən rayonlarındandır.
Ali Məclisin Sədri Babək rayonunun inkişafında əməyi olanlara təşəkkürünü bildirmişdir.
Qeyd olunmuşdur ki, Babək rayonu öz ətrafında 1 qəsəbə və 35 kəndi birləşdirir. Rayonun əksər kəndlərində kompleks quruculuq işləri aparılmış, bu kəndlər müasir yaşayış məntəqələrinə çevrilmişdir. Kəndlərdə elektrik enerjisi və təbii qaz daimi verilir, rabitə və internet xidmətləri göstərilir, müasir məktəblər, idarəetmə qurumları üçün inzibati binalar, səhiyyə müəssisələri və xidmət sahələri tikilərək əhalinin istifadəsinə verilir. Rayonun kəndlərində görülən bu işlər və yaradılan şərait müasir Azərbaycan kəndinin nümunəsidir.
Ali Məclisin Sədri demişdir: Babək Rayon İcra Hakimiyyətinin əvvəlki binası işçilərin yerləşməsi və idarəetmənin təşkili baxımından tələblərə cavab vermirdi. Ona görə də binada yenidənqurma işləri aparılaraq əlavə bir mərtəbə artırıldı, 38 müasir iş otağı yaradılaraq kollektivin istifadəsinə verildi. Bu gün Babək Rayon İcra Hakimiyyətinin qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri də müasir binalarda yerləşir. Müasir şərait isə yaxşı işin əsasını təşkil edir. Kollektiv yaradılan şəraitdən səmərəli istifadə edərək əhaliyə nümunəvi xidmət göstərməli, vətəndaşların müraciətləri yerində və vaxtında həll olunmalı, tikilənlər, qurulanlar qorunub saxlanmalıdır.
Ali Məclisin Sədri kollektivin Babək rayonunun inkişafı sahəsində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəyinə əminliyini bildirmiş, binada yaradılan şəraitlə tanış olmuşdur.
Məlumat verilmişdir ki, 5 mərtəbədən ibarət olan binanın qarşısında ümummilli liderimiz Heydər Əliyevin abidəsi vardır. Binada 50 yerlik müşavirə zalı, 38 iş otağı və 7 yardımçı otaq istifadəyə verilib. Burada əməkdaşlar üçün nümunəvi iş şəraiti yaradılmışdır. İş otaqları müasir tələblər səviyyəsində qurulmuş, kompüterlər qoyulmuşdur. Babək qəsəbə inzibati ərazi dairəsi üçün də binanın birinci mərtəbəsində 3 otaq ayrılmışdır.
Binanın fasadı Naxçıvan memarlıq üslubunda üzlənmiş, həyətdə geniş abadlıq işləri aparılmış, yeməkxana və qaraj istifadəyə verilmiş, gülkarlıqlar salınmış, müasir işıqlandırma sistemi quraşdırılmışdır.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti