Martın 6-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Hindistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana ilə görüşmüşdür.
Ali Məclisin Sədri Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası haqqında qonağa məlumat vermiş, muxtar respublikada iqtisadiyyatın, xüsusilə kənd təsərrüfatı, sənaye, təhsil, əczaçılıq, rabitə və yeni texnologiyaların inkişafından danışmışdır. Naxçıvandakı ali təhsil müəssisələrində dünyanın 12 ölkəsindən tələbələrin təhsil aldığını bildirən Ali Məclisin Sədri Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Hindistan arasında təhsil, əczaçılıq, turizm və digər sahələrdə əməkdaşlıq üçün yaxşı imkanların olduğunu diqqətə çatdırmışdır.
Səmimi qəbula görə minnətdarlıq edən səfir Sanjay Rana Naxçıvanın inkişafının onda böyük təəssürat yaratdığını qeyd etmiş və bura səfərindən məmnunluğunu bildirmişdir. Səfir Naxçıvan Muxtar Respublikasında sənaye və kənd təsərrüfatının inkişaf etdiyini və Hindistanın bu sahələrdə əməkdaşlıq üçün hazır olduğunu vurğulamışdır.
Görüşdə qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunmuşdur.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti