Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 24-də Cibuti Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Mahmud Əli Yusufun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan ilə Cibuti arasında əməkdaşlıq və tərəfdaşlıq əlaqələrinin yüksək səviyyədə olduğunu məmnunluqla qeyd edən dövlətimizin başçısı Cibuti Respublikası parlamentinin Xocalı soyqırımının tanınması barədə qəbul etdiyi qərara görə minnətdarlığını bildirdi, bunu qardaşlıq münasibətlərimizin və ölkəmizə dəstəyin mühüm göstəricisi kimi dəyərləndirdi. Prezident İlham Əliyev Cibuti Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin Azərbaycana səfərinin uğurlu və səmərəli olacağına, səfərin ölkələrimiz arasında münasibətlərin daha da möhkəmləndirilməsi işinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirdi.
Nazir Mahmud Əli Yusuf qeyd etdi ki, Bakı kimi gözəl bir şəhərdə qardaşcasına qarşılanmasından məmnunluq duyur. Azərbaycanın artıq güclü bir dövlətə çevrildiyini məmnunluqla qeyd edən Cibuti Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Azərbaycanın ədalətli mövqedə olduğunu, buna görə də beynəlxalq ictimaiyyət tərəfindən dəstəkləndiyini vurğuladı.
AZƏRTAC