Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 20-də Qətər Dövlətinin təhsil və ali təhsil naziri Məhəmməd bin Əbdülvahid Əl-Həmmadini qəbul edib.
Dövlətimizin başçısı Azərbaycan ilə Qətər arasında çox yaxın tərəfdaşlıq əlaqələrinin mövcud olduğunu bildirdi, bu əlaqələrin mümkün qədər çox sahələri əhatə etməsinin vacibliyini qeyd etdi. Prezident İlham Əliyev bu yaxınlarda Qətər Dövlətinin xarici işlər nazirini qəbul etməsinin, özünün Qətərə planlaşdırılmış səfərinin və Qətər Dövlətinin təhsil və ali təhsil nazirinin Bakıya gəlməsinin əhəmiyyətini qeyd edərək qarşılıqlı səfərlərin ölkələrimiz arasında mövcud tərəfdaşlıq əlaqələrinin yaxşı göstəricisi olduğunu vurğuladı.
Qətər Dövlətinin təhsil və ali təhsil naziri Məhəmməd bin Əbdülvahid Əl-Həmmadi Prezident İlham Əliyevin Qətərə səfərini səbirsizliklə gözlədiklərini bildirdi. Ölkələrimizin müvafiq qurumları arasında artıq görüşlər təşkil olunduğunu və səmərəli müzakirələr aparıldığını qeyd edən qonaq Azərbaycan Respublikası ilə Qətər Dövləti arasında təhsil sahəsində möhkəm əməkdaşlıq əlaqələrinin qurulacağına ümidvar olduğunu bildirdi.
AZƏRTAC